Bir şəklin tarixçəsi: Elçibəyin hərbi paradı - VİDEO
1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra hərbi sahədə vəziyyət çox ağır idi. Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına almaq respublika rəhbərliyinin qarşısındakı əsas vəzifə idi. Lakin nazimi Ordunun hələ formalaşmaması, Silahlı Qüvvələrdə maddi-texniki təminatın aşağı olması, hərbi birləşmələrin pərakəndə döyüşməsi vəziyyətin çətinliyindən xəbər verirdi. 1992-ci ildə hakimiyyətə gələn prezident Əbülfəz Elçibəy cəbhə bölgəsində döyüşən könüllü batalyonlardan nizami ordu qurmaq üçün bir sıra addımlar atdı, qismən səfərbərlik elan edildi. Elçibəy Azərbaycan vətəndaşlarında orduya olan inamı möhkəmləndirmək, vətənpərvərlik ruhunun gücləndirmək üçün Azadlıq meydanında hərbi parad da təşkil etdi. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul edib.
Modern.az saytı “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu foto 1992-ci ilin bugünkü tarixində - 9 oktyabrda lentə alınıb.
Zaman 9 oktyabr 1992-ci il, məkan Bakı şəhərinin Azadlıq meydanı...
Müstəqil Azərbaycan Respublikası Milli Ordunun hərbi paradını keçirir. Hərbi paradda o dövrün dövlət rəhbərləri – prezident Əbülfəz Elçibəy, Milli Məclisin sədri İsa Qəmbər, Baş nazir Rəhim Hüseynov, müdafiə naziri Rəhim Qazıyev, daxili işlər naziri İsgəndər Həmidov və bir sıra yüksək rütbəli hərbçilər iştirak edirdi. Bu həmin vaxt idi ki, yenicə formalaşan Azərbaycan ordusu vahid mərkəzdə birləşərək Qarabağda bir neçə uğurlu hərbi əməliyyata imza atmış, Ağdərə rayonu tamamilə düşməndən azad edilmişdi.
Azadlıq meydanındakı hərbi paradı o dövrün müdafiə naziri Rəhim Qazıyev qəbul etdi. Ardınca prezident Əbülfəz Elçibəy paradın şəxsi heyəti qarşısında çıxış etdi.
Paradda həmin vaxtlar Azərbaycan Silahlı Qüvvələrinin arsenalında olan məhdud sayda hərbi texnika nümayiş olunurdu. Sonda vertolyotlardan paraşütlə atılan əsgərlər Azadlıq meydanına düşdülər.
Mərhum prezident Əbülfəz Elçibəyin təşkil etdiyi bu parad Azərbaycan Ordusunun 3-cü paradı idi.
Xatırladaq ki, bu paraddan sonra, 2008-ci ilədək Azərbaycanda Silahlı Qüvvələrin hərbi paradı keçirilməyib.
Silahlı Qüvvələrin Azadlıq meydanındakı növbəti hərbi paradları 2008, 2011, 2013, 2018-ci illərdə keçirilib.
Və nəhayət 2020-ci il dekabrın 10-da Azadlıq meydanında İkinci Qarabağ müharibəsindəki Qələbənin şərəfinə Zəfər paradı təşkil olunub. Paradda 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türkiyəli hərbçilər də iştirak edib.
Qeyd edək ki, Milli Ordumuzun ilk hərbi paradı Azərbaycan Xalq Cümhuriyyəti dövründə - 1919-cu ilin aprelin 5-də keçirilib.
İkinci hərbi parad da Azərbaycan Xalq Cümhuriyyətinin dövrünə təsadüf edib - 1919-cu ildə iyulun 29-da Xankəndi şəhərində keçirlən paradı Baş nazir Nəsib bəy Yusifbəyli qəbul etmişdi.