Hərbi xərclər 3 milyard manata çatdırıldı: Yeni müharibə olacaq?
“2020-ci ildə xeyli ərazilər işğaldan azad edilib, yeni infrastrukturlar qurulub və yeni hərbi hissələrlə yanaşı birləşmələr yaradılıb ki, bu pul da daha çox onun maliyyələşməsinə ayrılıb və bir də yeni silah-sursat almaq üçün nəzərdə tutulub. Bunun əsla müharibə ilə hər hansı bir əlaqəsi yoxdur”. Bu sözləri Yenisabah.az-a açıqlamasında ehtiyatda olan polkovnik Üzeyir Cəfərov deyib. Xatırladaq ki, Azərbaycan hökuməti ölkənin müdafiə qabiliyyətinin və milli təhlükəsizliyinin daha da artırılması üçün xərcləri 1 105 milyon manat (650 mln. $), o cümlədən xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərcləri 1 000 milyon manat artırıb. Artımdan sonra xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər 3 milyard 070 milyon manat təşkil edəcək. Ü.Cəfərovun fikrincə, müdafiə və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün döyüş qabiliyyətini və təlimlərin miqyasını artırmaq naminə bu vəsaitlərin sayı çoxalıb: “Həm də bildiyim qədər hərbi qulluqçuların maddi rifah halının yüksəldilməsi məqsədilə bəzi qərarların verilməsi gözləniləndir. Məhz o səbəbdən 3 milyard manatdan çox vəsait nəzərdə tutulub. Bunun yeni bir müharibəyə aidiyyəti yoxdur”. Ekspert hesab edir ki, insanlarımız bu və ya digər şəkildə deyirlər ki, müharibə olacaq: “İndi nə olacaq, biz görəcəyik, amma belə bir məsələnin olması gündəmdə deyil. Çünki biz bu məsələni artıq həll etmişik. Yəni bitirdiyimiz halda bu məsələni yenidən hansısa bir müharibə ilə əlaqələndirmək düzgün olmaz. Bunlar yalnız yeni hərbi infrastrukturun daha da təkmilləşdirilməsi və yeni silah-sursatın alınması ilə bağlı olan məsələlərdir”. “O ki qaldı müdafiə xərclərinin haraya gedəcəyinə, bu gün dünyada məşhur olan 5-ci nəsil silahlar ki var, onlar çox bahalıdır. Çünki həm onların yararlılığı, həm də texnologiyası baxımından, o silahlar bahalıdır. Məhz buna görə də bu silahlara vəsait daha çox nəzərdə tutulur. Yaxın vaxtlarda biz o silahların nədən ibarət olması ilə bağlı daha geniş və ətraflı məlumat alacağıq”, - hərbi ekspert fikirlərini tamamlayıb.