AFRİKADAN QOVULUB, ERMƏNİSTANDA “MƏSKUNLAŞAN” FRANSA... - Makron Qafqazda Parisin, yoxsa Moskvanın maraqlarını qoruyur?

Azərbaycanın Ermənistan üzərində qələbəsindən sonra hələ də özlərinə gələ bilməyən erməni separatçı ünsürlər hal-hazırda öz aralarında boğuşurlar və gün keçdigcə bu boğuşma daha da kəskinləşəcək.

Qondarma rejimin rəhbəri Araik Arutunyanın istefaya getməsi separatçı rejimin daxilindəki dərin ziddiyyətlərin təzahürüdür. Heç şübhəsiz ki, oradakı separatçıların hamısı Rusiyanın marionetkalarıdır. 

Araik Arutunyan vəziyyətdən çıxış yolunu şərh edərkən demişdi ki, bizim üç yolumuz var: 

-Azərbaycanın tərkib hissəsi olmağa razılaşmaq; 

- müharibə etmək; 

 

- Qarabağı birdəfəlik tərk etmək. 

Bu ünsürlərin Azərbaycanla müharibədən nəinki qalib, ümumiyyətlə salamat çıxma şansları yoxdur. Ona görə də digər iki variant qalır. Odur ki, Azərbaycan vətəndaşlığını seçən ermənilər düzgün addım atmış olacaqlar. 

 

 

Onların son zamanlar “xoruzlanan” Fransaya və onun Prezidenti Emanuel Makronun sərsəm bəyanatlarına uymaları mənasızdır. Bunu özləri də dərk etməyə başlayırlar. Fransanın və Rusiyanın nə qədər manevr etmələrinə, şivən qoparmalarına baxmyaraq, ümumi prosesin yekununda Qarabağ ermənilərinin Azərbaycanın bayrağı altına girməkdən başqa çarələri qalmayacaq.

Fransa rəhbərliyinin Azərbaycan əleyhinə kəskin bəyanatlar səsləndirməsi Avropa Birliyinin Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi bağlanması üçün apardığı uzunmüddətli səylərə qarşı törədilən təxribat kimi dəyərləndirilməlidir. 

Fransa ilk dəfə deyil ki, Avropanın vahid siyasət yürütməsinə və onun strateji planlarına qarşı bu cür əngəllər yaradır. Belə anlaşılır ki, Fransa Qarabağda qalan ermənilərin Azərbaycana inteqrasiya olunmasına və Ermənistanın bizim ərazi bütövlüyümüzü tanımasına yol vermək istəmir.

Əslində, tədricən bəlli olur ki, Fransa Rusiyanın işinə yarayan siyasi xətt tutmaq yönündə hərəkət edir. Fransanın davranışları sübut edir ki, o, Rusiyanın iki ildən sonra Qarabağdan çıxmasını istəməyən qüvvələr sırasındadır və “humanitar böhran” adı altında vəziyyəti gərginləşdirməyə, bu “şouya” qlobal xarakter verməyə çalışır və Makronun birdən-birə ortalığa düşüb, haray-həşir salması da bununla bağlıdır. Nəticədə belə qənaət yaranır ki, o, Rusiya üçün beynəlxalq mandat əldə ediməsində və onun Qarabağda daha beş il qalmasında maraqlıdır.

 

 

 

Hazırda Fransa ABŞ və Avropa Birliyi ilə geostrateji mövqe mübarizəsi aparır. Amerika və Avropa İttifaqı Rusiyanı Qafqazdan kənarlaşdırmaq istəyir. 

Fransanınsa siyasi və iqtisadi baxımdan Avropa Birliyinin böyük dövlətləri ilə bir çox məsələlərdə fikir ayrılıqları var. Makron Avropanın iqtisadi lideri Almaniyanın enerji siyasətini kəskin tənqid edir. Almaniya yaşıl enerjiyə keçmək planı çərçivəsində ərazisindəki AES-ləri qapayıb. 

İstifadə etdiyi enerjinin 70 faizini AES-lərdən əldə edən Fransa Almaniyanın və Avropanın yaşıl enerjiyə keçmək siyasətinə qarşıdır. İndi isə vəziyyət gərginləşir, çünki Fransa uran əldə etmək yolunda problemlərlə üzləşib. Əgər belə getsə, daha böyük güc olan ABŞ onu Afrikadan tam uzaqlaşdıracaq. Fransızlar müştəbehcəsinə hamıdan fərqli və üstün olduqlarını nümayiş etdirməyin cəzasını çəkəcəklər. AES məsələsində isə Avropada artıq onu dəstəkləyən yoxdur.

 

Qətiyyən elə düşünməyək ki, Fransanın dünyanın digər qaynar nöqtələrindəki geosiyasi mücadiləsinin Qarabağa aidiyyatı yoxdur. Böyük dövlətlərin hər tərəfdə amansız çəkişməsi gedir. Elə bu səbəbdən də bəzi məsələlərə aydınlıq gətirmək üçün Fransanın dünyadakı mövcud mövqeyinə bir qədər tarixi kontekstdən yanaşaq.

 

 

 

Qlobal arenadakı geostrateji mövqe uğrunda amansız mübarizə tədricən Afrika qitəsinə doğru sürüşür. Afrikanın Fransa üçün önəmi təkcə onun uran və digər təbii resurs tədarükü ilə bağlı deyil. Təbii ki, iqtisadi maraqlar həmişə öndə dayanır, amma böyük güclər üçün iqtisadiyyat strateji məqəsədlərə xidmət edir. Fransa Napoleon Bonapartın 1815-ci ildə Vaterlo döyüşündə məğlubiyyətindən sonra dünyadakı öncül mövqeyini birdəfəlik itirdi və o vaxtdan indiyədək anqlo-saksonların gerisində qalıb. Yəni, meydana aparıcı qüvvə kimi Böyük Britaniya imperiyası sonra isə Amerika Birləşmiş Ştatları çıxıblar.

İkinci Dünya Müharibəsində Almaniya ordusunun qarşısında aciz qalan Fransa darmadağın oldu. Böyük Britaniya və ABŞ-ın sayəsində azad edilən Fransaya xüsusi önəm verilməsinin səbəbkarı İosif Stalin idi. Amerikanlar və ingilislər fransızlara böyük beynəlxalq imtiyazlar verilməsinin əleyhinə idilər, lakin Stalinin təkdini də geri çevirmədilər və beləliklə, Fransaya BMT Təhlükəsizlik Şurasının beş daimi üzvündən biri olmağa imkan verdilər. Bununla da Stalin Avropanın içində özünə müttəfiq qazandı. Ona görə Fransa həmişə SSRİ ilə daha yaxın əlaqələrin tərəfdarı kimi çıxış edib, NATO-da özünü “ögey” kimi aparıb.

Fransa geosiyasi səhnədə Avro-Atlantik məkanın bir parçası olmasını bəzən unudur və elə hesab edir ki, onlara xüsusi status verilməldir, hər şeydə bunlardan məsləhət alınmalıdır. Əgər proseslərə tarixi nöqteyi-nəzərdən yanaşsaq, gərək fransızlar ən çox britaniyalılara və amerikalılara minnətdar olsunlar. Yoxsa, qonşuları Almaniya bu ölkəni çoxdan tarix səhnəsindən silmişdi. Avropa Birliyində öz iqtisadi çəkisinə görə Fransa Almaniyadan geri qalır. Siyasi baxışlarına görə Avropa Birliyi nə qədər vahid siyasət yürütmək proqramı hazırlasa da, Fransa daima öz varlığını sübut etdirməyə çalışb.

Son dövrlər vəziyyət bir qədər dəyişib, Fransa Prezidenti Emmanuel Makron hətta digər Avropa ölkələrinə qarşı yersiz və məzəmmətedici bəyanatlarla çıxış edir. Elə ona görə də İtaliya ilə münasibətlərdə soyuqluq yaranıb ki, bu da Avropa Birliyinin vahid güc olmasına böyük əngəllər törədir. Beynəlxalq siyasi arenada özünü göstərmək naminə rasionallığı itirən Makron ölkəsinin əldə etdiyi mövqeləri də yavaş-yavaş itirməyə başlayır. On illiklər ərzində istismar etdiyi bir çox Afrika ölkəsində yaşanan çevrilişlər Fransanın qəyyumluq etdiyi diktatorların sonunu gətirir.

 

 

 

Qeyd edək ki, bizim regionumuz heç zaman Fransanın həyati vacib geostrateji maraqları sahəsinə daxil olmayıb. 19-cu əsrin əvvələrindən başlayaraq Qafqaz əsasən Rusiya və Türkiyə arasındakı mübarizə platsdarmı olub. İran buradan sıxışdırılıb çıxarılıb. İndi Tehran ermənilərin əli ilə nəsə etməyə çalışsa da, onun təsir imkanı zəifdir.

Bəs Fransa Afrika qitəsindən qovulmaq ərəfəsində ikən Ermənistanda nə axtarır? Onun Qafaqazda, xüsusilə də məğlub edilmiş, sındırılmış və depressiv vəziyyətə salınmış Ermənstanda hansı maraqları var?

 

 

 

Fransa Azərbaycana psixoloji təsir göstərmək üçün ən kritik addımlar atacağını bəyan edir və bu istiqamətdə koalisiya yaratmağa girişir. Fransının harayına ilk səs verən Lixtenşteyn - cırtdan dövlətdir. Emmanuel Makron sanballı siyasi fiqur olmasa da, tarix elə gətirib ki, belə birisi nüvə silahına və yaxşı elmi-texniki potensiala malik bir dövlətin başına keçib. O, özündən öncəki prezidentlərin səhvlərini daha kobud səviyyədə təkrarlayır. Fransanın strateji səhvi fövqəldövlət ola bilməyəcəyini anlamamasıdır. Fransa rəhbərlərinin beyinlərini psixoloji natarazlıq həddinə gətirib çıxaran dominant ocaq onları rasional düşünməyə qoymayıb...

Belə bir durumda bütün beynəlxalq təşkilatlara müraciət göndərməli və bəyan etməliyik ki, Fransa Prezidenti Emmanuel Makron bütün beynəlxalq hüquq normalarını pozaraq Azərbaycanın suverenliyinə qarşı təcavüzkar siyasət yürüdür. O ki qaldı hər hansı Fransa təyyarəsinin Xankəndinə eniş etməsinə, konkret və aydın formada çatdırılmalıdır ki, hava məkanımızı pozan istənilən təyyarə vurulacaq...

Vaqif Nəsibov

“AzPolitika.info”






Fikirlər