Günün ikinci ən güclü "zəlzələsi" baş verdi: siyasi silkələnmə
Prezident İlham Əliyevin bu gün verdiyi sərəncamla 2024-cü ilin 7 fevralına növbədənkənar prezident seçkisi təyin etməsi əslində günün ikinci və daha ciddi “zəlzələsidir”.
Azərbaycanda son prezident seçkiləri 2018-ci ilin 11 aprelində baş tutmuşdu. Həmin vaxt da prezident seçkiləri növbədənkənar idi. Belə ki, seçkilər 2018-ci ilin oktyabrında keçirilməli idi, ancaq Prezidentin 5 fevralda imzaladığı sərəncamla seçkilər 6 ay qabağa çəkildi.
Bu, ölkəmizdə vaxtından əvvəl – növbədənkənar keçirilən ilk seçki kimi tarixə düşmüşdü.
11 aprel 2018-ci ildə Prezident İlham Əliyev seçkilərdə qalib gəlmişdi. Konstitusiya dəyişikliyi ilə prezidentlik müddəti 7 ilə qaldırıldığından, növbəti prezident seçkiləri 2025-ci ilin aprelində olmalı idi.
Prezidentin bugünkü sərəncamı ilə isə seçkilər 1 il 2 ay müddətinə qabağa çəkildi.
Əslində, bu ilin ikinci yarısından başlayaraq, 2024-cü ildə növbədənkənar seçkilərin keçiriləcəyi haqda məlumat yayılmışdı. Millət vəkili Erkin Qədirli 2024-cü ildə MSK-ya ayrılan vəsaitin birdən-birə artırılmasını əsas gətirərək, bunun mütləq şəkildə seçki ilə bağlı olacağını bildirmişdi. Ancaq bütün gözləntilər növbədənkənar parlament seçkiləri ilə bağlı idi. Belə ki, növbədənkənar parlament seçkiləri ilə İkinci Qarabağ müharibəsindən, xüsusilə 2023-cü il 19-20 sentyabr antiterror tədbirlərindən sonra tam şəkildə bütün ərazisi üzərində suverenliyini bərpa edən Azərbaycanın yeni dövrün tələbinə uyğun parlament formalaşdırmağa qərar verəcəyi gözlənilirdi.
Ancaq proqnozlara zidd olaraq, prezident seçkilərin qabağa çəkildi.
Səbəblər nə ola bilər?
İlk ehtimal Prezident İlham Əliyevin hazırda siyasi rəqib tanımadan, populyarlığının ən yüksək zirvəsində olmasından istifadə istəyidir.
Dünyada elə bir lider yoxdur ki, hakimiyyətinin 20-ci ilində ilk seçildiyi vaxtdan daha yuxarı reytinqə malik olsun. Bütün prezidentlər və siyasi liderlərin hakimiyyətləri ərzində reytinq itirməsi normal sayılır. Ancaq 2003-cü ildə 76,8 faiz səslə qalib gələn Prezident İlham Əliyevin hazırda reytinqi 97-98 faiz civarındadır. Hətta Avropanın “ən qısqanc” sorğu mərkəzləri belə İlham Əliyevin reytinqinin 92 faizdən çox olduğunu etiraf edir.
Bu, xüsusilə 2020-ci ilin 44 günlük Vətən müharibəsindəki böyük zəfər, bunun ardınca baş verən proseslər və nəhayət, 2023-cü ilin sentyabrında Qarabağ problemini tam və qəti şəkildə tarixin arxivinə göndərən antiterror tədbirləri, Qarabağda misli görünməmiş tikinti-quruculuq işləri ilə birbaşa bağlıdır.
Ancaq İlham Əliyevin hətta 2025-ci ildə də seçkilərdə qalib gələcəyinə heç bir şübhə yox idi.
Buna görə də ikinci ehtimal ortaya çıxır: İlham Əliyev 2024-cü ilə - yeni dövrə daha qətiyyətli və müqavimətli başlamaq iradəsini ortaya qoyur və bu, heç də daxili auditoriya üçün deyil.
2021-ci ildə Avropa rəsmiləri ilə görüşən erməni diaspor başçıları açıq şəkildə elan etmişdilər ki, Avropa/Qərb hazırda İlham Əliyevin iradəsinə təsir etməyin mümkünsüz olduğunu etiraf edirlər. Bunun səbəbini isə İlham Əliyevin xalqın 98 faizinin tam dəstəyini alması ilə əsaslandırırlar. Həmin vaxt avropalı rəsmilər erməni diaspor nümayəndələrinə İlham Əliyevin reytinqinin heç olmasa 90 faizin altına salınmasının vacib olduğunu bildirmiş və bu istiqamətdə çalışmalar aparılmasını tövsiyə etmişdilər. Ki bəlkə o zaman İlham Əliyevlə danışıqlarda nəyəsə nail olmaq mümkün ola bilər.
İlham Əliyev 2024-cü il 7 fevralda xalqdan misilsiz dəstək almaqla, bu gözləntilərin üstündən xətt çəkmək, xalqın tam halda arxasına aldığını Qərbə göstərmək və mümkün təzyiq ehtimallarını sıradan çıxararaq, Azərbaycanın milli hədəfləri istiqamətdində strategiyasınıpn növbəti mərhələsinə inamla başlamaq istəyir.
Üçüncü ehtimal 2025-ci il seçkilərinin yaxınlaşması ilə Qərbin ölkəmizdə aktivləşməsi, elə məhz həmin erməni diasporu ilə birgə daxildə bəzi qüvvələri fəalaşdırması, təxribat-təşviqat prosesini gücləndirməklə hakimiyyətin imkanlarını daxilə yönəltməsinin qarşısını almaqdır.
Bu gün verilən sərəncamla artıq prezident seçkisinə start verilmiş olur. O qədər qısa zaman tanınıb ki, bu zaman çərçivəsində xarici qüvvələrin müdaxilə üçün hazırlığa vaxtı belə qalmır. Beləliklə, Azərbaycan qısa müddətdə seçkini başa vuraraq, xarici mümhün təsirləri neytrallaşdırır.
Dördüncü səbəb isə böyük struktur və kadr islahatları üçün xalqdan növbəti mandat almaqdır. Xalqın böyük əksəriyyətinin (bu seçkilərdə İlham Əliyevin ən azı 95 faiz civarında səs alacağı şübhəsizdir) səsini aldıqdan sonra Nazirlər Kabinetinin formalaşması başlayacaq, bunun ardınca isə yeni idarəetmə formasının tətbiqi istiqamətində addımlar atılacaq.
Qarabağ iqtisadi rayonunda və Naxçıvanda tətbiq edilən yeni idarəetmə formasının – prezident nümayəndəliyinin – digər bölgələrimizə də yayılması ehtimalı çox yüksəkdir və Prezident İlham Əliyev ötən gün ADA Universitetində buna bir daha eyham vurdu.
Müəllif: Şeyx Teymur - Mənbə: axar.az