Vitse-prezidentlərin təyinatı da 2018-ə qala bilər
Fazil Mustafa: “Prezidentin hətta vitse-prezidentlər təyin etməmək imkanı var Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçiriləcəyi barədə deyilənlərin əsassız olduğunu Rusiyanın “Sputnik” agentliyinə müsahibəsində bəyan etdi: “Bizim seçkilərin vaxtını dəyişmək niyyətimiz yoxdur. Mən bilirəm Azərbaycanda, onun hüdudlarından kənarda hansı söz-söhbətlər gəzir Belə plan yoxdur və mən buna zərurət görmürəm. Mənim iştirak edib-etməyəcəyimə gəldikdə isə növbəti prezident seçkiləri iki il sonra olmalıdır, ona görə də hələ hansısa qərar vermək üçün hələ tezdir. Əgər mən bugünkü kimi əhalinin dəstəyini hiss etsəm o zaman əlbəttə ki, bu etimadı doğrultmağa çalışacağam”. Müstəqil siyasi ekspertlər, hakimiyyətə yaxın deputatlar hesab edir ki, bu açıqlaması ilə dövlət başçısı yaxın vaxtlarda növbədənkənar prezident seçkilərinin təyin ediləcəyi barədə xeyli vaxtdır yayılan söz-söhbətə son qoymuş oldu. Bəlli oldu ki, ölkədə prezident seçkiləri əvvəldən nəzərdə tutulduğu vaxtda-2018-ci ildə keçiriləcək. Müxalifət düşərgəsindəki tanınmış bir sıra partiyaların liderləri isə bildiriblər ki, konstitusiyada yeni dəyişikliklər növbədənkənar prezident və parlament seçkilərinin keçirilməsi zərurətini yaradır. Onların fikrincə, konstitusiya ilə icra strukturlarının və qanunverici orqanın vəziyyətində dəyişiklik olubsa yeni seçkilər keçirilməlidir. Çünki 2013-cü ildə keçirilən prezident seçkilərində xalq konstitusiya ilə səlahiyyətləri başqa olan prezidentə səs verib. Prezident isə artıq qeyd etdiyimiz kimi, növbədənkənar seçkilərin nəzərdə tutulmadığını açıqlayıb. Konstitusiyadakı yeniliklərdən birinin idarəçilikdə vitse-prezidentlər institutunun tətbiqinin nəzərdə tutulduğu da məlumdur. Bəs əgər növbədənkənar prezident seçkisi keçirilməsə, vitse-prezidentlərin təyinatı məsələsi necə olacaq? Vitse-prezidentlərin təyinatı da 2018-ci ildə keçiriləcək prezident seçkilərindən sonraya saxlanıla bilərmi, yoxsa prezident istənilən vaxt vitse-prezidentlər təyin eləyə bilər? Milli Məclisin üzvü, BQP sədri Fazil Mustafa bildirdi ki, konstitusiyada dəyişiklikdən sonra mütləq növbədənkənar prezident seçkilərinin keçirilməsi tələbi qanunda əksini tapmayıb: “Prezidentə əlavə səlahiyyətlər verildi, müvafiq institutların yaradılması konstitusiyada əksini tapdı. Prezident öz mülahizəsinə görə müəyyən eləyə bilər ki, seçki erkən keçirilsin, yoxsa vaxtında. Prezidentə səlahiyyət verilib ki, növbədənkənar seçkilər təyin edə də bilər, təyin etməyə də bilər. Konstitusiyada ”növbədənkənar seçkilər mütləq təyin edilməlidir" kimi tələb yoxdur. Konstitusiyada yeni dəyişikliyə görə, prezident bundan sonra 7 illiyinə seçiləcək. Bu dəyişiklik bütün hallarda keçmişə şamil olunmur. Yəni 2013-cü il seçkilərində seçilmiş prezident beş illiyinə seçilib və bu müddət 2018-ci ildə bitəcək. Prezident istəsə, bu beş illik müddət tamam olmadan yeni seçkilər təyin edə bilər, istəsə, yeni seçki təyin etməz və seçki 2018-ci ildə keçirilər və bu zaman seçilən prezidentin səlahiyyət müddəti 7 il olacaq. Bugünlərdə prezident tərəfindən açıqlandı ki, növbədənkənar seçkilər nəzərdə tutulmur, seçki vaxtında-2018-ci ildə keçiriləcək. Burada heç bir konstitusiyaya zidd məsələ yoxdur. Prezidentin açıqlaması tamamilə hüquqa uyğundur. Prezidentə 5 illik səlahiyyət verilib və referendumda da yeni səlahiyyətlər verildi. Prezidentin 5 illik səlahiyyət müddəti hələ bitməyibsə, sırf mənəvi kriteriyalarla növbədən prezident seçkisi təyin edilə bilər. Amma 5 illik etimadın müddəti bitmədiyi üçün də bu addımı atmamaq hüququna sahibdir". Vitse-prezidentlərin təyinatı məsələsinə gəldikdə, deputat qeyd etdi ki, müəyyən əsasnamələrin hazırlanması, bu vəzifədə olan şəxslərin müəyyən statuslarının dəqiqləşdirilməsi, sənədləşdirilməsi vaxt aparan işlərdir. Çox güman ki, bu məsələlərin həllindən sonra vitse-prezidentlərin təyinatı məsələsinin üzərinə gəlinəcək: “Çünki dəqiq səlahiyyətlər bölgüsü aparılmalıdır ki, məsələn, bilsin ki, baş nazirin səlahiyyətləri nədir, vitse-prezidentlərin səlahiyyətləri nədir. Səlahiyyət bölgüsü aparılmasa müəyyən prosedur və idarəetmə problemləri yarada bilər. Bu məsələlər həllini tapandan sonra prezident istənilən vaxt birinci vitse-prezident və vitse-prezidentlər təyin eləyə bilər. Qanunda konkret tələb qoyulmayıb ki, dəqiq filan vaxtda və ya filan vaxta qədər bu təyinatlar həyata keçirilməlidir. Prezidentin səlahiyyətindədir ki, istədiyi vaxt təyinat həyata keçirsin. Ona görə də təyinatların hələ reallaşmaması qanun pozuntusu deyil. Biz siyasətçilər ancaq tövsiyə eləyə bilərik ki, filan qurumun formalaşması tez olsun-gec olsun. Nə zaman təyin etmək isə prezidentin səlahiyyətindədir. Prezidentin hətta vitse-prezidentlər təyin etməmək imkanı var. Çünki qanunda hər hansı bir şəkildə məcburi norma əksini tapmır. Odur ki, prezident istəsə, vitse-prezident təyinatlarını hətta 2018-ci ildə həyata keçirə bilər. Referendum təyin edilən zaman biz qeyd edirdik ki, bu məsələ daha çox xarici təhlükəsizliklə bağlı məsələlər ətrafında gündəmə gəlib. Bu, idarəetmədən daha çox, ölkə təhlükəsizliyi ilə bağlı boşluqların yaranmaması düşüncəsi ilə ortaya çıxan məsələ idi. Ona görə də hər hansı bir şəkildə beynəlxalq vəziyyətin gərginləşməsi anında bu addımın atılması mümkün ola bilər”.(musavat.com)