ALMANİYANIN MÜHARİBƏ SSENARİSİ - Rusiyada 200 min nəfərlik səfərbərlik, Ukrayna məğlub olur, NATO 300 min hərbçi göndərir
Almaniya ordusu Rusiya Ukraynanı döyüş meydanında məğlub edərsə, Rusiya ilə faktiki müharibəyə girmək üçün müharibə ssenarisi hazırlayıb. "AzPolitika.info" xəbər verir ki, bu barədə “Bild” nəşri Almaniya Müdafiə Nazirliyinin hazırladığı məxfi sənədə istinadla məlumat yayıb. Nəşrə görə, NATO ilə Rusiya arasında gərginlik bu fevral ayında baş verə bilər. Qeyd olunur ki, sənəddə Putinin bu zaman nə edəcəyi və NATO-nun necə müdafiə olunacağı ətraflı şəkildə izah olunub. Bundesverin eskalasiya ssenarisinə görə, bu hadisələr bir neçə həftədən sonra cərəyan edəcək və tezliklə döyüşlər başlayacaq. Müharibəyə onminlərlə alman hərbçisinin cəlb olunacağı deyilir. Məlumata görə, Rusiya 2024-cü ilin fevralında daha 200 min nəfəri hərbi xidmətə cəlb etməklə yeni səfərbərliyə başlayacaq. Daha sonra yaz aylarında Kreml Ukraynaya genişmiqyaslı hücuma keçəcək. Qərb Kiyevə kifayət qədər dəstək vermədiyi üçün Ukrayna Silahlı Qüvvələri məğlub olacaq. Sənədə əsasən, sentyabr ayında Rusiya Federasiyanın qərbində və Belarus ərazisində 50 min hərbçinin iştirakı ilə “Zapad 2024” (Qərb 2024) adlı irimiqyaslı hərbi təlimlərə başlasa, Baltikyanı ölkələrdə etnik zəmində münaqişələr yaşanacaq. Oktyabr ayında Rusiya Kalininqrad və Litva üzərindən Belarusu birləşdirən "Suwalki" dəhlizinə hücum etmək üçün Kalininqrada qoşun və orta mənzilli raketlər göndərəcək. Dekabr ayında ABŞ-da prezident seçkilərindən dərhal sonra Rusiya Amerika siyasi sisteminin potensial durğunluğundan faydalanmağa çalışacaq. 2025-ci ilin mayında NATO Rusiyanın "Suvalki" dəhlizinə hücumunun qarşısını almaq üçün qərar qəbul edəcək. NATO komandanı 10 gün ərzində Alyansın şərq cinahına 30 000 alman daxil olmaqla 300 000 əsgərin yerləşdirilməsini əmr edəcək. "Bild" sözügedən ssenarinin 2024-cü ildə gerçəkləşəcəyini mümkün hesab edir.