ABŞ-ın Azərbaycana qarşı “əqrəb taktikası”
İki ölkə arasında münasibətlərdə qeyri-müəyyənlik nə qədər davam edə bilər? Azərbaycan telekanallarının Prezident İlham Əliyevlə müsahibəsində ABŞ-la rəsmi Bakının münasibətləri haqda nədənsə sual verilmədi. Dünya praktikasına görə, bu cür formatda müsahibələrdə suallar bloku adətən prezidentlərin mətbuat xidmətləri ilə razılaşdırılır. Amerika-Azərbaycan münasibətlərində qeyri-müəyyənlik hələ də davam etdiyi üçün rəsmi Bakının gözləmə mövqeyinə üstünlük verməsi təbiidir. ABŞ-ın son üç ayda Azərbaycana münasibətdə davranışlarının yanlış olduğu haqda təkcə biz demirik, yaxın ölkələrin ekspertləri də o rəydədir ki, Bakının ən müxtəlif səviyyələrdə (bəyanatlarda, hesabatlarda və sairə) hədəfə götürülməsi Vaşinqtona Cənubi Qafqaz siyasətində xeyir gətirə bilməz. Görünür, indi münasibətlərdəki fasilə mövqeləri yenidən gözdən keçirmək üçündür. "ABŞ üçün "əqrəb taktikası" olduqca ənənəvidir, belə bir vəziyyətə Vaşinqtonun mövqeyini nəzərə almaq zərurətini xatırlatmaq üçün regional oyunçu ilə bağlı daha soyuq və daha müsbət siqnallar növbə ilə dəyişir. Xüsusilə ABŞ vaxtaşırı belə bir ölkənin rəhbərliyinə təzyiq göstərmək üçün bəhanələri xatırlada bilər. Son bir neçə ay ərzində Vaşinqton-Bakı münasibətlərində “soyuma” və “ərimə” dövrlərinin kifayət qədər sürətlə dəyişməsi həm Bakı ilə İrəvan arasında aktiv danışıqlar prosesi, həm də Azərbaycanda prezident seçkisi kampaniyasının başlaması ilə bağlıdır. Birləşmiş Ştatlar tez-tez güman edir ki, seçkiqabağı dövrdə digər ölkələrin rəhbərliyi təzyiqlərə daha həssas ola bilər". Rusiyalı politoloq, Siyasi və İqtisadi Kommunikasiyalar Agentliyinin analitik layihələrin direktoru Mixail Neyjmakov Ayna.az saytına müsahibəsində belə deyib. Onun sözlərinə görə, Entoni Blinkenin Azərbaycanın Dövlət Departamentinin xüsusi müşahidə siyahısına salınması ilə bağlı bəyanatının özü ABŞ-ın Cənubi Qafqazdakı taktikasının yalnız bir təzahürüdür: “Tamamilə mümkündür ki, Vaşinqtonla Bakı arasında münasibətlərdə yeni nisbi ərimə, məsələn, Azərbaycanda prezident seçkisi başa çatdıqdan bir müddət sonra baş verə bilər. Bu müddət ərzində Amerika tərəfi hesab edə bilər ki, rəsmi Bakı seçkilər başa çatdıqdan sonra təzyiqlərə daha az həssas olub və gərginliyi azaltmaq üçün onun istiqamətində bir sıra addımlar atmağa dəyər. Bundan başqa, Vaşinqtonun üçüncü ölkələrlə münasibətləri də ABŞ-Azərbaycan münasibətlərinə təsir göstərə bilər. Məsələn, Amerika tərəfinin Türkiyə ilə qarşılıqlı fəaliyyətə marağını artıran əlavə amillər (o cümlədən Rusiya-Ukrayna münaqişəsi fonunda) ABŞ-ı Azərbaycana qarşı bir sıra qarşılıqlı addımlar atmağa sövq edə bilər”. Bəs ABŞ-Azərbaycan münasibətlərindəki durumu necə şərh etmək olar? Hesab etmək olarmı indi münasibətlərdəki fasilə mövqeləri yenidən gözdən keçirmək üçündür, əslində tərəflər münasibətlərin tam pozulmasında maraqlı deyil?
Elxan Şahinoğlu Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, Amerika-Azərbaycan münasibətlərində sualların sayı azalmır. ABŞ tərəfindən münasibətlərdə gərginlik yaradan açıqlamalar eşidirik, addımların şahidi oluruq. Buna görə də son vaxtlar faktiki olaraq iki dəfə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Vaşinqton görüşü pozuldu: “Bir dəfə dövlət katibinin müavini Ceyms Obrayn Azərbaycan əleyhinə Konqresdə çıxış etdi və Ceyhun Bayramovla Ararat Mirzoyanın iki gün sonra keçiriləcək Vaşinqton görüşü alınmadı. Azərbaycanlı nazir haqlı olaraq Amerikaya getmədi. Daha sonra dövlət katibi Blinken Azərbaycan Prezidenti ilə telefonla danışdı və münasibətlərin yumşaldılması xətti götürüldü və bundan sonra Ceyms Obrayn Bakıya gəldi və təklif edildi ki, nazirlərin Vaşinqtonda görüşü olsun. Lakin bu dəfə də Dövlət Departamenti Azərbaycan əleyhinə dini azadlıqlar mövzusunda təxribatçı hesabat yaydı. Yenə də faktiki olaraq Vaşinqton görüşü pozuldu. Amma hər halda, onu da demək lazımdır ki, ABŞ bizim üçün Fransa deyil. Fransa tamamilə Azərbaycanla münasibətləri korlayıb, təxribatçı açıqlamalar Parisdən gəlməkdə davam edir, Ermənistan Fransa tərəfindən silahlandırılır, casus qalmaqalı var. Amma Amerika-Azərbaycan münasibətlərində gərginliklər olsa da, istiləşmə də olur. Diqqət etdinizsə, Azərbaycan Prezidenti müsahibədə Fransanın Azərbaycana qarşı ədalətsiz, beynəlxalq hüquqa zidd addımlarından danışdı. Yəni ABŞ Fransa kimi Azərbaycanla münasibətləri tamamilə qıra biləcək addımları atmır. Eləcə də Azərbaycan Amerika ilə münasibətlərdə maraqlı olduğunu nümayiş etdirir. ABŞ dünyanın super gücüdür, enerji və təhlükəsizlik sahəsində 30 ildən çoxdur Amerika ilə əməkdaşlıq edirik. Ona görə deyirəm ki, ABŞ Azərbaycan üçün Fransa deyil”. Politoloq vurğuladı ki, Amerika özü də Azərbaycanın bölgədə rolunu anlayır və Fransa kimi Azərbaycanın əleyhinə birmənalı siyasət yürütmür. Baxmayaraq ki, Dövlət Departamentinin hesabatlarında müəyyən təxribatçı elementlər olur. Konqres isə əsasən erminpərəstlərdən ibarət olduğu üçün zaman-zaman orada anti-Azərbaycan çıxışları edilir. Amma hər halda, ABŞ administrasiyası bilir ki, Azərbaycanla münasibətləri inkişaf etdirmədən Cənubi Qafqazda möhkəmlənmək mümkün deyil: “Onu da nəzərə alaq ki, İkinci Qarabağ müharibəsi zamanı Fransa birmənalı ermənipərəst mövqedən çıxış edib işğalçı Ermənistanı açıq müdafiə edəndə, Azərbaycana qarşı haqsız siyasət yürüdəndə ABŞ Dövlət Departamenti, Amerika administrasiyası ən azından balansı qorumağa çalışdı. Ona görə Azərbaycan-ABŞ münasibətlərinin, dialoqun davam etdirilməsinin hər iki tərəfə faydası var. Tərəflər yəqin ki, bunu nəzərə alırlar”.