İRAN YAXIN ŞƏRQİN RUSİYASI OLMAQ İSTƏDİ, AMMA... – Pakistan Tehrana yerini göstərdi!

Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsi başlayana qədər nə İran, nə də hansısa başqa buna bənzər rejimlərin idarə etdiyi dövlət qonşu ölkənin ərazisinə zərbələr endirməyə bir o qədər cəsarət etmirdi. Belə hadisələrə nadir hallarda rast gəlinirdi. Təsadüfi deyil ki, hələ Ukraynaya qarşı işğalın ilk günlərində bir çox siyasi ekspertlər Rusiyanın cəzasız qalmasının dünyadakı digər irticaçı rejimləri də həvəsləndirəcəyini, bütün dünya üzrə yeni qarşıdurma, savaş nöqtələrini alovlandıracağını proqnozlaşdırırdılar. Bu gün İranın qonşu İraq və Pakistanın ərazisinə endirdiyi zərbələr və bu ölkələrin suverenliyinə yaratdığı açıq təhdid həmin proqnozları təsdiqləyir...

Məlum olduğu kimi, İraq öz ərazisinin İran tərəfindən bombalanması məsələsini BMT-yə çıxarmaq qərarına gəlib. Lakin xüsusilə də Rusiyanın başlatdığı işğalçılıq müharibəsi BMT-nin heç nəyə yaramadığını bir daha və qəti olaraq ortya qoydu. Odur ki, bu müraciətin və məsələnin müzakirəsinin heç bir nəticə verməyəcəyini bəri başdan söyləmək olar.

 

 

İran və Rusiya kimi dövlətlər yalnız güc dilini başa düşdüklərini dəfələrlə nümayiş etdiriblər. Ona görə də Pakistan İraqın yolu ilə yox, Tehranın başa düşdüyü yolla gedərək, İran ərazisinə cavab zərbələri endirib. Bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Məlumata görə, Pakistan səhər saatlarında “Mər Bər Sərmaçar” adlı antiterror əməliyyatı keçirib. Əməliyyat çərçivəsində İranın Sistan və Bəlucistan əyalətində yerləşən terrorçu sığınacaqlarına zərbələr endirilib. Mövcud kəşfiyyat məlumatlarına əsasən, bir neçə terrorçu məhv edilib.

Xatırladaq ki, yanvarın 16-da İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Pakistanın İranla sərhəddə yerləşən Bəlucistan əyalətinə ballistik raket və pilotsuz təyyarələrlə hücum edib. Hücum nəticəsində iki uşaq ölüb.

Pakistanın İrana cavab zərbəsinin bir maraqlı detalı var. Məsələ ondadır ki, Pakistan aviasiyasının 7 hədəfi vurduğu və onların arasında SEPAH-a aid obyektin də olduğu bildirilir. Bu, kifayət qədər tutarlı cavabdır. İslamabad bununla da Tehrana göstərdi ki, qonşu ərazilərə raket zərbələri endirmək oyununu o da qarşılıqlı şəkildə oynaya bilər. Həmin cavab zərbəsindən sonra pakistanlı diplomatın “İran qardaş ölkədir və Pakistan xalqı İran xalqına böyük hörmət və məhəbbət bəsləyir” deməsi isə Tehranı lap ələ salmaq oldu…

Beləliklə, Pakistan İrana onunla razılaşdırılmadan ərazilərinə endirilən zərbəyə tam adekvat cavab verdi və hesabı bərabərləşdirdi. Məlumat üçün qeyd edək ki, Pakistanda gizlənən Bəluc qruplaşması “Ceyş əl-Adl” İrana təhlükə yaratdığı kimi, İrandakı “Bəlucistan Azadlıq Ordusu” da Pakistana təhlükə yaradır. Lakin Pakistan indiyə qədər İran ərazisinə keçərək, bu qruplaşmanı bombalamamışdı. Məhz İranın özbaşınalığından sonra belə bir addımı atmaq məcburiyyətində qaldı…

Bəs bununla da İranın, belə demək mümkünsə, “qazı alınacaqmı”? Tehran son hərəkətləri ilə özünü sanki Yaxın Şərqin Rusiyası rolunda görürmüş kimi təəssürat bağışlayır. Rusiya da İranın öz qonşu ölkələrində olduğu kimi, Ukraynada, Moldovada, Cənubi Qafqazda və s. öz proksi qüvvələrini saxlayıb. İndi isə həmin proksi qüvvələrin yaratdığı münaqişə ocaqlarından birini aktiv döyüş meydanına çevirərək, işğalçılıq müharibəsi ilə məşğuldur. İranın da belə bir gücə və potensiala malik olduğunu əlbəttə ki, birmənalı olaraq söyləmək çətindir. Təkcə Pakistanın cavabı onu deməyə əsas verir ki, regionda Tehrana öz yerini göstərə bilən dövlətlər az deyil. Ancaq buna baxmayaraq, baş verənlərin ən təhlükəli tərəfi odur ki, bir dövlətin qonşu ölkə ərazilərinə zərbələr endirməsi praktikası adiləşir. Tehran indiyə qədər “sevgilisi” Ermənistan istisna olmaqla, az qala bütün qonşu ölkələri öz ərazilərində guya İrana qarşı hansısa mərkəzlər, anti-İran qüvvələr yerləşdirməkdə günahlandırıb. Təkcə 44 günlük müharibə dövründə Tehranın Azərbaycanı guya Yaxın Şərq ölkələrindən terrorçuları cəlb etməkdə ittiham etməsini, yaxud guya İsrailin ölkəmizdə hansıa mərkəzlərinin fəaliyyyət göstərdiyini iddia etməsini xatırlatmaq kifayətdir. Yəni, İran Azərbaycan da daxil olmaqla, əksər qonşularını “şərləməkdə” mahirdir. 

Odur ki, Tehrana vaxtında öz layiq olduğu yeri göstərilməlidir, yoxsa  fars rejimi regionu böyük və qanlı savaşların episentrinə çevirə bilər…

“AzPolitika.info”

 

 






Fikirlər