HİTLERİN RUSİYADAKI “VƏKİLİ”? - Rusiyada Putinin istintaqa cəlb olunması tələb edilir

Ərazinin bu hissəsi (Qdansk-red.) Polşaya verilmişdi... və Danziq əvəzinə Qdansk şəhəri peyda oldu. Hitler onlardan(Polşadan-red.) xahiş etdi ki, (Qdanskı-red.) sülh yolu ilə qaytarsınlar. Polyaklar bundan imtina etdilər, oyun oynadılar və Hitleri II Dünya Müharibəsini onlardan başlamağa məcbur etdilər.Hitlerin öz planlarını həyata keçirmək üçün müharibəyə məhz Polşadan başlamaqdan başqa yolu yox idi”.

Bunu özünü 1941-1945-ci illərdə Hitler faşizmi ilə müharibədə 10 milyonlarla itki verən, dinc şəhərləri, kəndləri viran qoyulan böyük bir dövlətin varisi elan edən Rusiyanın başçısı deyir. Ukraynanı guya neonasiszmdə, faşizmdə ittiham edən Putin özü açıq şəkildə Hitlerin “vəkilliyini” etmiş olur və özü ilə Hitler arasında paralellər aparır. Axı, onun özü də Ukraynaya qarşı işğalçılıq müharibəsinə haqq qazandırarkən, “bizim başqa yolumuz yox idi” deyir…

Faşizmə bu cür haqq qazandırmaq nəinki beynəlxalq hüquqa, hətta Rusiyanın özünün daxili qanunvericiliyinə görə ağır cinayətdir. Yeri gəlmişkən, Rusiyanın "Komitet 2024" təşkilatı Taker Karlsonla müsahibədən sonra Rusiya İstintaq Komitəsindən Vladimir Putinin "nasizmin reabilitasiyası" maddəsi ilə istintaqa cəlb olunmasını tələb edib.

Putin özü də bilmədən, yaxud bilərəkdən özünü Hitlerlə müqayisə edir və onun Polşaya hücumunu nümunə gətirərək, Krımı, Donbası işğal etməsinə və ümumilikdə Ukraynaya qarşı ədalətsiz, işğalçı, amansız müharibəyə başlamasına haqq qazandırır. Bəlkə də həmin illərdə faşizmlə savaşanlar bütün bunları görüb, qəbirlərində fırlanırlar…

 

 

Açıq görünür ki, bu adam törətdiyi qətliamdan, faciədən qətiyyən utanmır və heç bir xəcalət, günah hissi keçirmir. Onun bəşəriyyət üçün ən böyük təhlükəsi də məhz bu hislərdən məhrum olmasıdır…

Hətta mənfəətpərəst, “trampçı” və qeyri-adekvat Taker Karlson da Putinin ona verdiyi müsahibədə dediklərini birmənalı qarşılaya bilməyib və sonradan bunu şərh edərkən deyib: “Mən əmin deyiləm ki, bu müsahibə barədə düşünürəm… Mənə hələ bir il lazımdır anlayım ki, bu, nə idi”.

 

 

 

Əlbəttə ki, Putin idarəçiliyinin Hitler faşizmindən fərqlənən xeyli cəhətləri var. Bunlardan biri də odur ki, Kremlin heç bir ideologiyası yoxdur. Ona görə də Rusiya başçısı 2 saatdan çox davam edən müsahibəsində gələcəyə aid heç nə demədi. Demədi ki, nəinki “azad etdiyi” Ukraynanı, Rusiyanın özünü gələcəkdə nə gözləyir?

Öz təbii sərvətlərlə zəngin sonsuz ərazilərinin böyük hissəsinə hələ də normal avtomobil yolları çəkə bilməyən, Moskva və Sankt-Peterburqu çıxmaq şərtilə əhlaisinin böyük əksəriyyəti səfalət içində yaşayan, söz, fikir, seçim azadlığı olmayan, bütün sərvətləri bir qrup korrupsionerin arasında bölüşdürülən, əhalisinin 28 faizinin adi kanalizasiya sistemi ilə belə təmin olunmadığı Rusiya “azad edəcəyi” ukraynalılara hansı gələcəyi, nələri vəd edir?

Bəli, adam gələcək barədə danışmır, çünki özü keçmişdə qalıb və gələcəyə aid heç bir baxışı, təsəvvürü yoxdur. Çünki zehniyyəti, dünyaya baxışı, idarəetmə üslubu və s. ilə özü başdan ayağa bir keçmişdir – öz xalqına, qonşularına, bütün bəşəriyyətə müharibə, bəlalar, böhranlar gətirən və qorxulu yuxu kimi unudulmalı olan bir keçmiş!

Müasir Rusiyada, xüsusilə də onun rəhbərliyində baş verənlər, eləcə də Ukrayna cəbhəsində qarşılaşdığımız mənzərə doğrudan da ağlasığmaz dərəcədə dəhşətli və pis mənada heyrətamizdir.

Tanınmış rusiyalı jurnalist və publisit İqor Yakovenko efirlərin birində deyib ki, “Putin kimi rəhbər nəinki Stalinin, hətta daha loyal Xruşşovun, yaxud Brejnevin dövründə belə yaşasaydı, onu hazırda Rusiyanın və Ukraynanın başına açdıqlarına görə dərhal tutar, hətta güllələyərdilər”.

Onun nə dərəcədə haqlı olduğuna əlbəttə ki, biz yox, rusiyalılar qiymət versələr daha doğru olar...

“AzPolitika.info” 

 

 






Fikirlər