Hakimiyyətdən Ziya Məmmədova ağır zərbə - Qardaşının namizədliyi ləğv edildi...

Hakimiyyətdən Ziya Məmmədova ağır zərbə - Qardaşının namizədliyi ləğv edildi

Deputatlığa namizəd Elton Arzuman oğlu Məmmədov haqqında Mərkəzi Seçki Komissiyasına şikayət edilib. 

Bununla bağlı məsələ Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında müzakirə edilib. 

Qeyd edilib ki, E.Məmmədov 94 saylı Ucar seçki dairəsindən növbədənkənar parlament seçkilərinə namizəd olmaq üçün müraciət edib. 

Şəxs haqqında bir qrup seçici tərəfindən daxil olan şikayəti araşdıran MSK üzvü Qabil Orucov E.Məmmədovun təqdim etdiyi məlumatlarda və sənədlərdə ciddi nöqsanlar, saxtalaşdırılmış informasiyalar olduğunu deyib. Onun sözlərinə görə, sabiq deputat əsasən əmlak məsələləri ilə bağlı saxtalaşdırılmış sənədlər təqdim edərək, Dairə Seçki Komissiyasında qeydə alınmasına çalışıb. 

MSK üzvü bildirib ki, Elton Məmmədovun təqdim etdiyi məlumatlar nəinki onun deputat seçilməsinə, hətta seçilsə belə mandatının əlindən alınmasına səbəb olacaq saxtalaşdırmalardır. 

Şikayət Mərkəzi Seçki Komissiyasında müzakirə olunub. 

Yekun qərara əsasən, dairə seçki komissiyasının qərarı və 94 saylı seçki dairəsindən deputatlığa namizədliyi şəxsi təşəbbüsü ilə irəli sürülmüş Elton Arzuman oğlu Məmmədovun namizədliyi ləğv edilib. 

Qərar səsverməyə qoyularaq qəbul edilib. 

70 yaşlı Elton Məmmədov Ucar rayonundandır. O, Milli Məclisin II, III və IV çağırış deputatı olub. Sabiq deputat keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşıdır. 

Sabiq deputat, həmçinin AzTU-nun strateji inkişaf üzrə prorektoru, Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının direktoru, AMEA İşlər İdarəsinin müdiri vəzifələrində çalışıb. 

Qeyd edək ki, sözügedən dairədən hakim Yeni Azərbaycan Partiyasının (YAP) namizədi VI çağırış parlamentin deputatı Ramil Həsəndir. /Yenisabah.az






Fikirlər