Sabiq nazir və oğlu ilə bağlı ABŞ-ın şok plan: “Bakı hərəkətə keçməlidir”

Azadlıq Radiosunda Ziya və Anar Məmmədovlarla bağlı ardıcıl araşdırma məqalələri dərc olundu. Burada Ziya Məmmədovun nazir olduğu dövrdə yol verdiyi korrupsiya halları, hətta olunun SEPAH-la əlaqəsinin olduğuna dair iddialar ortaya atıldı. O cümlədən oğlu Anar Məmmədovun Londondakı biznesini qeyri-leqal yollarla əldə edildiyinə dair fikirlər var idi.

A.Məmmədovun başqa ölkələrdə qurduğu biznes şəbəkələrinin də kökündə korrupsiya şübhəsinin olduğu qeyd edilirdi. ABŞ-a rəsmi şəkildə bağlı olan Azadlıq Radiosunda işdən çıxarılmış, bütün mövqeləri əlindən alınmış sabiq nazirin, eyni zamanda onun Azərbaycandan köçmüş, biznesini xaricə daşımış oğlunun niyə belə diqqət çəkməsi xeyli maraq doğurur.

Globalinfo.az bu haqda ötən dövrdə yazıb. Siyasi şərhçi Heydər Oğuz qeyd etmişdi ki, bu proses ABŞ-da gözlənilən prezident seçkiləri ilə bağlıdır. Prezidentliyə namizəd Donald Trampın Anar və Ziya Məmmədovlarla əlaqəsi olduğunu da bildirmişdi.

Lakin sonradan Azadlıq Radiosunun Məmmədovlarla bağlı apardığı kampaniya dayandı və yazılar qəribə bir şəkildə sonlandı.

ABŞ Ziya və Anar Məmmədovları nə tez “unutdu”?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan siyasi şərhçi Heydər Oğuz deyib  ki, Amerikada nəşr olunan media orqanlarının Donald Trampa qarşı mövqeyi yeni hadisə deyil:

“Hələ ilk hakimiyyəti dövründə Trampın özü də bunu açıq şəkildə bəyan etmiş və əksər media qurumlarının Ağ Evlə akkreditasiya müqaviləsini əngəlləmişdi. 2018-ci ildə baş verən bu hadisəyə, ABŞ-ın 350-dən çox media qurumu rəsmi etiraz kampaniyasına başlamışdı. İş o yerə çatmışdı ki, BMT-nin İnsan Haqları Şurası və Amerika Dövlətləri Təşkilatının (AAU) İnsan Haqları Komissiyasının xüsusi məruzəçiləri Trampın mediaya hücumları ilə jurnalistlərin həyatının təhlükəyə girdiyi barədə xəbərdarlıq etmişdilər. Tramp o vaxt ABŞ mediasına qarşı irəli sürdüyü ittihamlarda onları dövlətə xəyanətdə günahlandırırdı. Dünya tarixində bənzəri görünməmiş bu insident də ABŞ mediasının qlobalistlərin əlində olduğunu bir daha təsdiqləyir”.

Heydər Oğuz

Heydər Oğuzun fikrincə, ABŞ qlobalistlərinin media siyasətinin əsas məqsədi hansısa xarici iş adamlarını bitirmək deyil, sadəcə onların törədə biləcəyi problemləri zamanında əngəlləməkdir:

“Görünür, Ziya Məmmədova yaxın adamların seçkilərdə namizədliyinin qeydə alınmaması və onların özlərinin də zamanında susmağa üstünlük verməsi ABŞ mediası üçün kifayət edib. Çünki məntiqlə, siyasi iddiası ortadan qalxan istənilən qüvvənin istənməyən hər hansı tərəflə əlaqəyə girmək ehtimalları da puça uğrayır. Ağıllı adamlar isə vaxtında təslim olan tərəfə əlavə güllə atmırlar. Onu öz tərəflərinə çəkib, işlərini davam etdirirlər”.

Həmsöhbətimizin fikrincə, barələrində onları susduracaq qədər kompromatların olduğu şəxslərin xaricdə fəaliyyət göstərməsi ABŞ-dan çox bizim ölkəmizin xarici təhlükəsizlik məsələsidir və rəsmi Bakını düşündürməlidir:

“Çünki bu gün hansısa yolla susdurulan və qınına çəkilməyə vadar edilən qüvvələr sabah yenidən fəallaşa bilərlər. Buna “nə vaxtsa oyanmaq üçün yatırılmış hücrələr” də deyirlər. Tədbirli dövlətlər bu “yatmış hücrələri” vaxtında təsbit edib zərərsizləşdirirlər. Rəsmi Bakı da sabah üçün konservləşdirilmiş təhlükələrə eyni cür davranmalıdır.

Amerikanın xarici dövlətlərə münasibətdə qeyri-səmimi mövqe tutduğunu Donald Tramp öz açıqlamalarında dəfələrlə ifadə edib. O, hələ hakimiyyətə gəlməmişdən əvvəl Səduiyyə Ərəbistanını ABŞ-ın “sağmal inəyi” adlandırmışdı. “Nə vaxta kimi süd verir, ondan istifadə edirik. Südü quruyanda isə özünü kəsib yeyəcəyik”. Bu fikirdən aydın olur ki, ABŞ özünə lazım olduğu, sərf etdiyi müddətə qədər ondan istifadə edəcək, sərf etmədiyi vaxtda isə onu məhv edəcək. Görünür, Məmmədovlar hələ ABŞ-ın maraqlarına sərf etdiyi üçün onu aradan qaldırmırlar”.






Fikirlər