ANTİİNHİSAR XİDMƏTİ İKİ AYDIR SUSUR... – İnternetin bahalaşması ilə bağlı araşdırma bitməyib?!
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti 14 avqust tarixdə internet bazarında tariflərin yüksəlməsilə bağlı Rəqabət Məcəlləsinin tələblərinin pozulması əlamətləri üzrə araşdırmalara başladığını bildirmişdi. Qurum bütün provayderlərin eyni anda 40 mbit/s və aylıq xidmət haqqı 18 manat olan cari minimum tarifin 100 mbit/s-lik sürət və aylıq xidmət haqqı 25 manat olan tariflə əvəzlənməsini "vətəndaşların seçim imkanlarının məhdudlaşdırılması" və "kartel sövdələşməsi" olaraq dəyərləndirmişdi. Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirir ki, Antiinhisarın araşdırmalara başlamasından 2 aya yaxın vaxt keçsə də qurumdan bu onun yekunu haqqında açıqlama verilməyib: “Görünən dağa bələdçi lazım olmaz deyiblər. Sadə bir problem, aşkar bir vəziyyətdir. Təbii inhisarçı olan “Aztelekom” minimal tarifləri qaldırıb və əhaliyə seçim yeri qoymayıb. Anlamıram ki, Antiinhisar Xidmətinə qərar qəbul etmək üçün bu qədər müddət kifayət etmirmi? İlin günün bu vaxtında, uyğun tarif seçimi olmadığından minlərlə vətəndaşın internetdən imtina etməsi, "şərikli internet" axtarması utandırıcı bir vəziyyət deyilmi? Yox əgər Antiinhisar Xidməti inhisarçının öhdəsindən gələ bilmirsə, bunu sadəcə etiraf etmək də cəmiyyətə bir töhfə olardı”. Ekspert qeyd edir ki, Antiinhisar Xidmətinin araşdırmaları uzandıqca təbii inhisar subyekti olan “Aztelekom”-da da ciddi dəyişikliklərin baş verdiyi bildirilir. “Yeri gəlmişkən, bir müddət öncə Prezidentin fərmanı ilə İqtisadiyyat Nazirliyi tabeliyində olan Antiinhisar Xidmətinin statusu dəyişdirilərək Prezident yanında fəaliyyət göstərəcək quruma çevrilib. Görünür ki, yuxarılara da məlumdur ki, əvvəlki statusda olan qurum inhisarçılarla vuruşa bilməyəcək. Görək, yeni tabeçilyə keçən Antiinhisar Xidməti nə edə biləcək”, - o qeyd edib. O.Gündüzün sözlərinə görə, Prezidentin tabeliyinə keçən yeni Antiinhisar Xidmətinin yeni rəhbərliyini isə həm "seçimin məhdudlaşdırılması və kartel sövdələşməsi" ətrafında, həm də “Baktelecom” və “Aztelekom” kimi iki inhisarçının birləşərək "vahid bir qurumunun yaradılması ətrafında “Aztelekom”-la ciddi bir "vuruşma" gözləyir. “Hər ay 25 milyon gəlir götürərək getdikcə güclənən bir inhisarçı ilə mübarizə aparmaq da Antiinhisar Xidməti üçün çətin olacaq. Yeni formalaşmış Antiinhisar Xidmətinin təbii inhisarçının qərarını ləğv etdirib, internet tariflərilə bağlı vətəndaşlara seçim imkanı verə biləcəkmi?”, - o, sual edir. “AzPolitika.info”