Bərxudarovla Münasib Babayevin adı 143 milyonluq yeyintidə: "Evlərinin bazarlığına qədər"
Müdafiə Nazirliyindəki 143 milyon manatlıq yeyinti ilə bağlı həbs olunanların məhkəməsində general-mayor Mais Bərxudarov və Münasib Babayevin ünvanına ciddi korrupsiya ittihamları səsləndirilib. İddia olunur ki, sabiq korpus komandirləri evlərinin bazarlığından tutmuş, təmiri, başqa ehtiyaclarına qədər, əksər xərclərini korrupsiya hesabına qarşılayıblar. Bu iddiaların araşdırılması məqsədilə də onların məhkəməyə çağırılaraq dindirilməsi tələb olunub. Söhbət Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin keçmiş rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə xidmətinin sabiq rəhbəri Vüsal Əlizadənin məhkəməsindən gedir. Generallarla bağlı korrupsiya ittihamları, onların dindirilməsi tələbi da bu məhkəmədə səsləndirilib. Hakim Fikrət Əliyevin sədrliyilə keçirilən budəfəki məhkəmə prosesində təqsirləndirilən Vüsal Əlizadənin mənzilinin üzərindən həbsin götürülməsi, həmin evin 143 milyon manatlıq yeyinti ilə bağlı cinayət işinin istintaqını aparan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) iştirakı ilə satılması və əldə olunan vəsaitin dəymiş ziyanın ödənilməsinə yönəldilməsinə qərar verilib.