İSRAİL SİONİZMİ TÜRK MƏNGƏNƏSİNDƏ - Netanyahu Vaşinqtondan niyə əliboş qayıtdı?
Qəzzalıları köçürmək planı ˝Trampsayağı" növbəti blefdir. Tramp avantürist sionist ideyaları naminə Türkiyəni və çoxsaylı ərəb ölkələrini qarşısına almaz Namiq Bilal Benyamin Netanyahunun söylədiyi ˝Böyük Orta Şərq çox dəyişəcək˝ ifadəsi reallaşır. Amma bu dəyişiklik İsrailin cari maraqlarının əleyhinə baş verir. Bugünkü İsrail dövlətinin ideoloji bazası sionizmdir. Məlumat üçün qeyd edək ki, sionizm ideologiyasının ana hədəfi Tanrı tərəfindən vəd olunmuş torpaqlarda böyük İsrail dövlətinin qurulmasıdır. Vəd olunmuş torpaqlar Nil çayından Fərat çayına qədər uzanan və yuz milyonlarla qeyri-yəhudi əhalinin yaşadığı geniş ərazilərdir. Netanyahunun və nazirlərinin yaydığı Böyük İsrail xəritəsinə geniş ölçülü Türkiyə əraziləri də daxil edilib. Təbii haldır ki, başda Türkiyə olmaqla region ölkələri özlərini qorumaq üçün sionizmə qarşı mübarizə aparmaq zorundadırlar. İyirminci əsrdə, başda ABŞ olmaqla, Qərbin ən böyük güc olması vəd olumnuş torpaqlarda Böyük İsrailin yaranması üçün “qızıl dövr” idi. Amma bu şans itirildi. İndi hər şey Qərbin istədiyi kimi olmur. İmkanlar tükənib. Böyük Orta Şərqdə isə regionun əzəli sahibi olan Türkiyə sürətlə meydana girir. Netanyahunun Vaşinqtonda, Trampın yanında olduğu gün Suriya keçici hökumətinin rəhbəri Əhməd Şara Ankarada, Ərdoğanın yanında idi. Şara Ərdoğanın yanından ˝İsrail 1974 sərhədlərinə qayıtmalıdır˝ bəyanatını verdi. Yəni, Suriya rəhbəri Türkiyə ilə təhlükəsizlik, ordu quruculuğu, terrora qarşı mübarizə və digər sahələrdə əhəmiyyətli razılaşmalar qazandı və Ankaradan İsrailə meydan oxudu. Netanyahu isə Vaşinqtondan əliboş qayıtdı. O, Ağ Evə 3 əsas məsələ ilə bağlı razılaşma əldə etmək üçün getmişdi. Bunlardan birincisi Qəzzada müharibənin yenidən başlanması, ikincisi İranın nüvə obyektlərinin bombalanması, üçüncüsü isə amerikan əsgərlərinin Suriyanın şimal-şərqində, yəni kürd separatçılarının yerləşdiyi ərazilərdə saxlanması idi. Tramp Qəzza ilə bağlı ortalığa hamını çaşqınlığa salan çox hiyləgər plan atdı. O, Netanyahuya ˝Biz Qəzzanı təhvil alırıq, bütün qəzzalıları ordan köçürəcəyik və Qəzzanı cənnətə çevirəcəyik˝ dedi. Bu plan İsrail daxilində böyük coşqu yaratsa da, bütün dünya bu plana qarşı ayağa qalxdı. Əslində, bunun ˝Trampsayağı" növbəti blef olduğunu diqqətli müşahidəçilərin xeyli hissəsi elə ilk gündən dilə gətirdi. Belə ki, bu planın həyata keçirilmə mexanizmi yoxdur. Tramp hərbi güc tətbiq etmədən qəzzalıların köçürüləcəyini vəd edir. Amma əsas sualı cavabsız buraxır: Milyonlarla insanın daha yaxşı yerlərə və daha yaxşı evlərə köçürülməsini kim maliyyələşdirəcək? Yerdəki reallıq isə başqadır. İsrail qəzzalıların üzərinə yüz minlərlə ton bomba yağdırdı, qəzzalılar vətənlərini tərk etmədilər. Qəzzada HƏMAS yerindədir, xalq da onun arxasındadır. Digər tərəfdən, Netanyahunun ABŞ səfəri ərəfəsində Misr XİN rəhbəri Ankarada Hakan Fidanla Qəzza məsələsini müzakirə edirdi. Görüş sonrası brifinqdə nazirlər Qəzzaya qətiyyətli dəstək bəyanatları səsləndirdilər. Yada salaq ki, HƏMAS atəşkəsə və israilli əsirləri azad etməyə Türkiyənin böyük təsiri nəticəsində razılaşıb. Bunu keşmiş dövlət katibi Blinken dilə gətirmişdi. Türkiyə qəzzalıları razılaşmaya inandıra bilibsə, heç şübhəsiz ciddi qarantiyalar da masaya yatırılıb. İndi rəsmi Ankara Qatarı, Misiri, İordaniyanı, Livanı və digər ərəb dövlətlərini yanına alıb qəzzalıların köçürülməsinə qarşı sanballı koalisiya formalaşdırır. Netanyahu Trampı İranı bombalamağa da razı sala bilmədi. Tramp İranı bombalamaq yox, sanksiyalarla əzmək yolunu tutub. Tramp mahiyyətcə biznes adamıdır. İranı bombalamağın məsrəflərini və qazanclarını uzun uzadı hesablamadan belə risqli qərar verməyəcək. Netanyahu isə tələsir... Amerika əsgərlərinin kürd separatçılarına dəstək üçün Suriyada saxlanması məsələsinə də Tramp ˝hə˝ demədi. Pentaqon qaynaqlarının mediaya sızdırdığı məlumatlara görə isə ABŞ öz əsgərlərini 30, 60 və 90 gün ərzində üç etaplı plan əsasında Suriyadan çəkəcək. İsrail Suriyada xaosun saxlanmasında, Türkiyə isə güclü dövlətin yaranmasında maraqlıdır. Görünən odur ki, İsrailin Suriya planları da sərt türk divarına çırpılıb. Bütün deyilənləri bir yerdə nəzərdən keçirdikdə göz önündə yaranan mənzərə belədir: Vəd olunmuş torpaqlarda İsrailin genişlənməsi planları Türk məngənəsinə salınıb və sıxıldıqca sıxılmaqdadır. Bu planların arxasında ABŞ və Avropa dayanırdı. Avropa artıq geosiyasi güc deyil. ABŞ isə İsrailin genişlənmə planlarını yox, özünün hegemoniyasını qoruyub saxlamaq hayındadır. Ağ Evin qarşısında çoxistiqamətli və həlli çətin olan çox mürəkkəb problemlər toplusu var. Belə vəziyyətdə Tramp avantürist sionist ideyaları naminə Türkiyəni və çoxsaylı ərəb ölkələrini qarşısına almaz. Həm Türkiyə, həm də bütün ərəb ölkələri İsraili BMT-nin qəbul etdiyi sərhədlər çərçivəsində legitim dövlət kimi tanımağa hazırdırlar. Böyük ehtimalla, israillilərin özləri də ənində-sonunda bu reallıqla hesablaşmalı olacaqlar.