ANASI ERMƏNİ SABİQ İDARƏ RƏİSİ AZAD OLUNUR?! - QRUPLAŞMA HƏRƏKƏTƏ KEÇDİ

“Bayraq Meydanının sabiq rəisi azad olunur? - QRUPLAŞMA HƏRƏKƏTƏ KEÇDİ

Prezident İlham Əliyev bugünlərdə Dövlət Bayrağı Meydanı Kompleksinin Bulvar İdarəsinə birləşdirilməsi haqqında sərəncam imzaladı.

Azərbaycanın ən şərəfli rəmzi - dövlət bayrağının adına bağlı olan bu qurumun ətrafında baş verən qalmaqallardan sonra bu sərəncam tamamilə yerinə düşdü.

Artıq bu idarənin adı gələndə istər -istəməz yada bu qurumun hazırda həbsdə olan rəhbəri Rəşad Məmmədov və onun əməlləri yada düşürdü.

Xatırlayırsınızsa, MTN qalmaqalından bir müddət əvvəl mediada uzun müddət müzakirə olunan məsələ məhz bu şəxsin və yaxın ətrafının heç bir əndazəyə sığmayan əməlləri, törətdikləri cinayətlər idi. Bu haqda yazımızda daha sonra təkrar xatırlatma edəcəyik. Çünki görünür bu xatırlamaya mütləq ehtiyac var. Olmasaydı, son günlərdə Rəşad Məmmədovun yaxın ətrafı özlərinə yaxın olan media şəbəkəsində onun "təmizə" çıxarılması üçün geniş kampaniyaya başlamazdılar. Sanki hər şey dünən yox, onilliklər əvvəl olub. İndi fürsət bilib Rəşad Məmmədovun həbsinin guya sabiq MTN şefi Eldar Mahmudovun əməli kimi cəmiyyətə təqdim etməyə, bununla da onun azadlığa buraxılması üçün ictimai rəy hazırlamağa çalışırlar.

Halbuki Rəşad Məmmədov vəzifəsindən məhz ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə - işdə yol verdiyi ciddi qanunsuzluq hallarına görə azad olunub! Məhz bundan 10 gün sonra barəsində həbs-qəti imkan tədbiri seçilərək, istintaqa cəlb olunmuşdu. 

Bu gün Rəşad Məmmədovu təmizə çıxarmağa çalışanlar onun MTN İstintaq Təcridxanasında saxlanması faktından sui-istifadə edərək, həbsinin də qondarma faktlara söykəndiyi barədə təbliğa başlayıblar. Eyni məntiqlə MTN-in indiyə qədər həbs etdiyi bütün şəxslərə bəraət verilməli, bu qurumun apardığı bütün istintaq tədbirlərinin yalana söykəndiyi rəsmən etiraf edilməlidir. Halbuki gün kimi aydındır ki, belə deyildir. Təbii ki, MTN-in bir sıra yüksəkçinli məmurları çoxlu sayda qanunsuz əməllər törətmiş və buna görə də vəzifələrindən azad edilərək, həbs olunublar. İndi də barələrində istintaq davam edir və bu əməllər bir-bir araşdırılır. Yaranmış vəziyyətdən isə öz xeyirləri üçün bəhrələnməyə çalışanlar isə yenə hərəkətə keçiblər.

Qeyd etdiyimiz kimi, son günlər bu istiqamətdə ən çox fəallıq göstərən də Rəşad Məmmədovun yaxın ətrafı- daha doğrusu, Məmmədovun bütün qanunsuz əməllərinin yuvası olan "Azimport" şirkətinin və onun rəhbəri Azər Əsgərovdur. Əsgərov həm də Rəşad Məmmədovun bacısının əridir. 

Azərbaycan mətbuatı R.Məmmədovun faktiki sahibi olduğu "Azimport" şirkətinin özbaşınalığı ilə üzləşmiş vətəndaşların çoxsaylı şikayətləri əsasında elementar kompensasiyadan da məhrum edilmiş insanların dərdlərindən və fəlakətlərindən bir neçə ay ətraflı yazdı.

Doğrudur, şirkətin özbaşınalığı ilə üzləşmiş insanların bir çoxu məhkəmələrə üz tutmuşdu. Lakin R.Məmmədov öz qulluq mövqeyindən və inzibati resurslardan istifadə edərək məhkəmə sisteminə də bütün mümkün üsullarla təzyiq göstərir, ədalətli qərarların qəbulunu ləngidir, buna mane olurdu.

Nəhayət, sonradan R.Məmmədovun anasının milliyyətcə erməni olması (Aida Stepanovna Martirosova - red.), sənədlərinin isə saxtalaşdırıldığı barədə sənədlər dərc olundu. Əlbəttə, R.Məmmədov dövlət iyerarxiyasında başqa bir vəzifə tutsaydı, bu fakt ictimai rəyə bəlkə də bu qədər sarsıdıcı təsir göstərməzdi. Amma bu adam Dövlət Bayrağı Meydanı İdarəsinin rəisi kimi həssas bir postu tuturdu.

Yada salaq ki, “Azİmport” şirkətinin adına ilk dəfə 2010-cu ildə – Buzovna-Zuğulba-Bilgəh magistral yolu çəkilməyə başlayanda rast gəlinib. Həmin yolun hər iki tərəfində ayrı-ayrı vətəndaşlara məxsus olan şəxsi mülklər yerləşirdi. R.Məmmədovun gözü ayağının altını görməyən dəstəsi ən vicdansız təzyiq, hədə, şantaj üsullarını tətbiq etməklə həmin mal-mülkə bir göz qırpımında sahiblənmişdi. Bu, adi quldurluq idi. Buzovna sakinləri A.Baxşıyevin, M.Məmmədovun, V.Əliyevin və digərlərinin əmlakı və şəxsi torpaq sahələri də bu yolla R.Məmmədovun dəstəsinin əlinə keçdi.

Qurbanov Abbasov küçəsi, 33 ünvanında (Səbayel Rayon Məhkəməsinin binasına bitişik, Dövlət Bayrağı Meydanından bir qədər aralıda) yerləşən binanın sakinlərinin R.Məmmədov və dəstəsi tərəfindən necə küçəyə atılmasından mətbuat ətraflı yazmışdı. Bu bina arxitektura əhəmiyyətli idi və dövlət tərəfindən qorunurdu. İndi isə yoxdur. R.Məmmədovun tamahının güdazına gedib…

Maraqlıdır ki, bu qəsbkarlar o binanı sökəndə yalnız dövlətin adından hərəkət etdiklərini deyirdilər. Halbuki həmin binanın sökülməsinin dövlətə heç bir aidiyyəti yox idi. Lakin “Azİmport” şirkətinə yüksək səviyyədə dəstək verilməsi sayəsində onun müdafiəsiz vətəndaşlara qalib gəlməsi çətin olmadı.

Bina sakinləri ilə danışıqlar adi fırıldaq sxemi əsasında aparılırdı. Onlara əvvəlcə “qızıl dağ” vəd olunur, kimsə imtina edəndə isə qoçular işə salınırdı.

Bundan əlavə, Buzovnada 10 min kvadratmetr sahədəki yaşayış sahəsi və yaşıllıq bu şirkət tərəfindən qanunsuz olaraq dağıdılıb və məhv edilib. Bu zaman mülkiyyət sahiblərindən heç kimə kompensasiya ödənilməyib.

“Azİmport” Azərbaycanın strateji obyektlərindən birini – Buzovnadakı bomba sığınacağını da qəsb edib. Onun yerində 56 ikimərtəbəli mağaza tikilib. Buzovnada R.İmanov küçəsindəki qazanxana da şirkət tərəfindən ələ keçirilib. Yerində dəbdəbəli ikimərtəbəli ticarət mərkəzi tikilib. Qəsəbə sakinləri bu yolla istilikdən məhrum edilib.

Yüzlərlə vətəndaşların qarajları bu şirkət tərəfindən zorla ələ keçirilib və dağıdılıb. Özü də təkcə Buzovnada yox, həm də Bayılda. Heç kimə qəpik də kompensasiya ödənilməyib.

Rəşad Məmmədov-Azər Əsgərov duetinin həyasızlığı və harınlığı o həddə çatmışdı ki, onlar hətta Heydər Əliyev parkının yerini, Mədəniyyət Evinin, “Reyhan” restoranının ərazisini – üst-üstə 1 hektar yarım ərazini ələ keçirərək orada otel, restoranlar və digər obyektlər inşa edib. Yenə də heç kəsə kompensasiya ödəmədən! Bu cütlük bakılıların hətta çimərliyini də əllərindən alıb!!!

Bir sözlə, Rəşad Məmmədovun azərbaycanlılara qarşı cinayətlərinin sayı-hesabı yoxdur. On minlərlə insan onun şirkətinin buldozer və traktorlarının altında qalıb. Bu qansızlığa, bu qəddarlığa "MTN qalmaqalı" fonunda haqq qazandırmağa çalışanlar isə görünür ictimai rəyin sürüşkən və unutqan olmasına güvənirlər.

Hazırda Rəşad Məmmədov və trafının əməlləri barəsində istintaq davam edir. İstintaq müddəti ərzində isə bir çox şikayətçilər şübhəli şəkildə öz şikayət ərizələrini geri götürmələri barədə yeni ərizələr yazıblar (bu faktın özü də istintaq tərəfindən ayrıca araşdırılmalı və şübhəli məqamlara aydınlıq gətirilməlidir). Görünən odur ki, R.Məmmədovu himayə edənlər açıq-aşkar hərəkətə keçib və gündəmin başqa mövzularla məşğul olduğu indiki dönəmdə onun səssiz-səmirsiz azadlığa çıxmasına nail olmağa çalışırlar.

Bəs yüzlərlə insanın ah-naləsinin hesabını kim verəcək?

Xatırladaq ki, Dövlət Bayrağı Meydanı İdarəsinin keçmiş rəisi Rəşad Məmmədov 12 may 2015-ci il tarixdə həbs edilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti sonradan uzadılıb. O, hazırda MTN-in İstintaq Təcridxanasında saxlanılır.

Mövzunu diqqətdə saxlayacağıq. /qaynar






Fikirlər