DAHA BİR MTN GENERALININ CİNAYƏT ƏMƏLLƏRİ MƏLUM OLDU

 

eldar-mtn-hebsMilli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Qurbanov Sübahir Xaliq oğluna qarşı hansı ittihamlar irəli sürüldüyü məlum olub.
“Report”un əldə etdiyi məlumata görə, Sübahir Qurbanova Cinayət Məcəlləsinin 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 309-cu (Vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə cinayət işi açılıb.
Belə ki, Sübahir Qurbanov həmin vaxt milli təhlükəsizlik naziri vəzifəsində çalışan Eldar Mahmudovun göstərişinə əsasən, Salmanov Zabil Şəkil oğluna zor tətbiq edərək, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi Rəşad Məmmədov, İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədova qarşı ərizə yazdırıb. Ərizədə R.Məmmədovun külli miqdarda dələduzluq etdiyi iddia olunub.
Bundan başqa, Eldar Mahmudovun göstərişinə əsasən, Sübahir Qurbanov “Azimport” MMC-nin rəhbəri Azər Əsgərovu onun barəsində cinayət işi başlanacağı ilə hədələyib. A.Əsgərova təzyiq göstərilərək R.Məmmədovun həmin tikinti şirkətinin qeyri-rəsmi sahibi olması barədə sənəd yazması istənilib. Sabiq milli təhlükəsizlik naziri və S.Qurbanovun məqsədi isə “Azimport” MMC-nin əmlakını ələ keçirmək olub. Daha sonra MTN əməkdaşları MMC-də qeyri-qanuni axtarışlar aparıb və həmin zaman şirkətdən sənədlər və pullar götürüblər. Eyni zamanda, A.Əsgərov MTN əməkdaşları tərəfindən zorla nazirliyə aparılıb, ona sutkalarla əziyyət verilərək dindirilib və hədə-qorxu gəlinib. Həmçinin, A.Əsgərovun ölkədən çıxışına nazirlik tərəfindən qadağa qoyulub.
Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin keçmiş rəisi R.Məmmədov bu ilin may ayının 12-də həbs edilib.

Səbail Rayon Məhkəməsinin qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti sonradan uzadılıb. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi il cinayət işi açılıb. R.Məmmədov hazırda MTN-in Müvəqqəti saxlama yeri və İstintaq təcridxanasında saxlanılır.
Xatırladaq ki, dünən Baş Prokurorluğun yaydığı məlumatda MTN-in 21 sabiq əməkdaşının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edildiyini bildirilib. 19 şəxs barəsində həbs qətimkan tədbiri, 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib, istintaqdan yayınan 1 şəxs barəsində isə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.
Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 57 nəfər zərər çəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib.
Hazırda ayrı-ayrı vətəndaşlardan yeni müraciətlər daxil olmaqdadır. Müraciətlərdə göstərilən bütün xüsusatların tam, hərtərəfli və obyektiv araşdırılması təmin edilərək, zərərçəkmiş şəxslərin pozulmuş hüquqlarının bərpası istiqamətində zəruri tədbirlər görülür.
Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

(Azərtaym.az)






Fikirlər