Rusiyanın Suriyadan çəkilməsinin səbəbi barədə çox ilginc iddia - növbəti müharibə meydanı hara olacaq...

Rusiyanın Suriyadan gözlənilmədən hərbi qüvvələrini çıxarmağa başlaması dünyanın əksər ölkələri üçün gözlənilməz olub. İndi bu fonda diqqət cəlb edən əsas hal Moskvanın qarşıdakı müddətdə hansı addımlar atacağıdır.
Bununla əlaqədar olduqca maraqlı iddialar səslənir və bildirilir ki, Moskva daha bir məkanda hərbi əməliyyatlara start vermək üçün Suriyadan ordusunu çəkir.
Bu haqda danışmazdan öncə xatırladaq ki, Rusiya prezidenti Vladimir Putin ölkənin müdafiə naziri Sergey Şoyquya martın 15-dən başlayaraq Rusiya hərbi qüvvələrinin əsas hissəsini Suriyadan çıxarmağa başlamağı tapşırıb. Putin bununla bağlı bildirib: "Hesab edirəm ki, Rusiya Hərbi-Kosmik Qüvvələri əsas vəzifələrini yerinə yetiriblər. Suriyadakı hərbi əməliyyat dövründə yalnız hərbi uğurlar qazanılmayıb. Hərbi-Kosmik Qüvvələrimizin Suriyadakı fəaliyyəti sülh tənzimlənməsi prosesinə kömək edib. Biz beynəlxalq terrorizmə qarşı durduq". Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, Putin Bəşər Əsədlə də telefonla danışıb. Putin Suriyanın dövlət başçısı ilə Rusiya hərbi qüvvələrinin yerdəyişməsi barədə qəbul olunmuş qərarı razılaşdırıb.
Qeyd edək ki, Rusiya ötən il sentyabrın 30-dan etibarən Suriya ərazisində hərbi əməliyyatlara start verib. O vaxtdan Rusiya aviasiyası tərəfindən Suriya ərazisində terrorçulara qarşı "Hmeymim" hərbi bazasından minlərlə hərbi uçuş edilib və terrorçuların 1500-dən çox obyekti dağıdılıb. Rusiya Suriyaya S-400 raket kompleksi də göndərib. Belə bir vaxtda isə Rusiyanın hərbi qoşunlarını Suriyadan geri çəkməsinin səbəbləri barədə şok iddialar səslənməkdədir. Amerikalı respublikaçı senator Con Makkeyn bildirib ki, Rusiya yaxın günlərdə yenidən Ukraynaya hücum planlaşdırır: "Ukraynada qanlı bahar dövrü yaxınlaşır. Putin qatil Bəşər Əsədi ayaqda saxlamaq üçün kifayət qədər müxalifətçini bombalayaraq öldürdü. ABŞ və Qərb isə olanlara göz yumdu. Bütün bunlar bir daha göstərdi ki, ABŞ Putin qarşısında hələ çox zəifdir. İndi də Putin dünyanın diqqətini Suriyadan yayındırmaq üçün yeni bir müharibə törədəcək. Bununla da Bəşər Əsəd öz hakimiyyətini möhkəmləndirmək üçün vaxt qazanacaq". C.Makkeyn deyib ki, Rusiya yaxın günlərdə Ukraynaya yenidən hücum etməyi planlaşdırır.
Rusiyalı politoloq Liliya Şevtsova da qeyd edir ki, Putin Suriyadan qoşunları çıxarandan sonra Rusiya Ukrayna istiqamətində aktivliyini artıracaq. Onun sözlərinə görə, Ukrayna artıq bu ssenari üçün hazırlanmalıdır: "Nədənsə, heç xatırlamıram ki, kimsə yaxın günlərdə Rusiya qoşunlarının Suriyadan çıxarılması haqqında danışsın. Əksinə, hər yerdə başqa şeylər müzakirə olunurdu. Hamı Suriyaya quru qoşunlarının yeridilməsindən bəhs edirdi. Görünür, ümumi daxili məhsul yenə hər şeyi korladı. Suriyadan çıxarılma əmri tərəflərin Ukrayna məsələsində ABŞ-la razılaşması ilə əlaqədar deyil. Çünki Ukraynanı artıq Kremlə heç kim, hətta Obama belə verə bilməz. Buna görə də Moskva Ukraynada hərbi əməliyyatalara başlayacaq".
Əslində, Ukraynada da Rusiya ilə yeni müharibəni gözləyənlərin sayı artır. Ukrayna hərbi kəşfiyyatının polkovniki Pyotr Nedzelski deyir ki, Ukrayna hərbçiləri Donbas hövzəsinin müvəqqəti işğal edilmiş ərazilərinin azad edilməsi üçün aktiv əməliyyatlara hazırdır. Onun sözlərinə görə, Ukrayna ordusu hərbi-siyasi rəhbərliyin əmrini gözləyir: "Döyüşçülərimiz istənilən hücumların dəf edilməsinə hazırdır. Amma onlar hücum üçün əmr gözləyirlər. Ukrayna ordusunun mənəvi-psixoloji vəziyyəti kifayət qədər yüksəkdir. Biz vuruşmağı öyrəndik. Minsk razılaşmaları olmasaydı, terrorçuları çoxdan torpağımızdan qovardıq". Nedzelskinin sözlərinə görə, terrorçulara veriləcək cavab çox adekvat və güclü olacaq. Eyni zamanda, polkovnik vurğulayıb ki, ordu siyasətin alətidir: "Müharibə silahlı metodlarla siyasətin davamıdır. Əlbəttə, biz hərbi-siyasi rəhbərliyin qərarı olmadan hərəkət edə bilmirik. Biz əmr gözləyirik".
Rəsmi Kiyevin son vaxtlar verdiyi bəyanatlar və separatçıların nəzarətində olan Donbasda baş verən proseslər də hərbi əməliyyatların yenidən başlama risqini artırır.
Ukrayna Müdafiə Nazirliyinin səlahiyyətlisi Valentin Fediçev Kiyevlə Moskva arasında müharibə baş verəcəyi halda Rusiya ordusunu məhv edəcəklərini bildirib: "Düşmən hava güclərindən istifadə edərsə və sərhədlərimizdəki quru birlikləri hücuma keçərsə, bizim hesablamalarımıza görə, 20 min əsgərini itirəcək". Fediçevin sözlərinə görə, Rusiya ilə müharibə baş verəcəyi halda Ukraynanın itkisi 5-6 min olacaq. O, Ukrayna ordusunun döyüşmək üçün lazımı ehtiyatlara malik olduğunu qeyd edib. Amma proseslərin tamam fərqli müstəvidə inkişafı da istisna olunmur.
Nahid.






Fikirlər