Bu gün “21 Azər” Hərəkatının İLDÖNÜMÜDÜR

Pisheveri_S

Bu gün Güney Azərbaycanın ictimai-siyasi həyatının tarixində böyük rol oynayan “21 Azər” Hərəkatının 72-ci ildönümüdür.

1945-ci il dekabrın 12-də (1324-cü il azərin 21-də) Seyid Cəfər Pişəvərinin başçılığı ilə Təbrizdə Azərbaycan Milli Hökuməti qurulub. Bu tarixi gün Azərbaycan tarixinə “21 Azər Hərəkatı” kimi düşüb.

Ötən illərdə olduğu kimi, bir neçə gündür sosial şəbəkələrdə Milli Hökumətin quruluşu, süqutu, onun Azərbaycan türk millətinin şüurunda yaratdığı müstəqillik ideyaları və s. kimi mövzular müzakirə edilir. “21 Azər” Hərəkatının ildönümü ərəfəsində hər il Güney Azərbaycanda, həmçinin xaric ölkələrdə yaşayan mühacir azərbaycan türkləri tərəfindən müxtəlif tədbirlər həyata keçirilir, Güney şəhərlərində çox sayda CD və bildirilər yayılır. İran rejimi isə planlaşdırılan tədbirlər baş tutmasın deyə müxtəlif üsullardan istifadə edərək Milli Hərəkat fəallarını təqib və təzyiqlərə məruz qoyur.

1945-ci il azər ayının 21-də Seyid Cəfər Pişəvərinin başçılığı ilə Təbrizdə Azərbaycan milli hökuməti qurulub. Milli hökumət bir il sonra Pəhləvi hakimiyyətinin qanlı müdaxiləsi və bir sıra xarici amillərə görə süquta uğradılıb.

S.C.Pişəvəri 1947-ci ildə Şimali Azərbaycanda müəmmalı avtomobil qəzasında həlak olub. “S.C.Pişəvəri Milli Azadlıq Hərəkatının ən önəmli şəxslərindən biri olub. Onun yaratdığı hökumətin adı Azərbaycan Milli Hökuməti idi və bu, Azərbaycan tarixinə, milli oyanışa əvəzolunmaz töhfələr verib”.

Azərbaycan Milli Höküməti xalqın dəstəyi ilə bir sıra mühüm işləri həyata keçirib.Təbriz Dövlət Universitetinin və Azərbaycan türkcəsində çoxlu sayda orta məktəblərin açılması, milli teatrın və mili filarmoniyanın yaradılması, milli kitabxanaların istifadəyə verilməsi, yolların çəkilməsi və s. kimi çoxlu işlər görüb. Milli Hökumət eyni zamanda aşağıdakı işləri həyata keçirib:

– Azərbaycan Milli Höküməti torpaq islahatını həyata keçirdi;
– Hökümət iri bankları milliləşdirdi;
– Dövlət məmurlarının rüşvət almasını əngəlləyən ciddi qanunlar qəbul olundu;
– Şəhərlərlə yanaşı, kəndlərdə xidmət göstərən səyyar xəstəxanalar və sağlamlıq klinikaları yaradıldı
– Əsas malların qiymətlərinə ciddi şəkildə nəzarət edilirdi. Ərzaq məhsullarının gizlədilməsinə görə ağır cəza verilirdi;
– Sosial proqramın həyata keçirilməsinə başlanıldı, işsizlər işlə təmin olundu;
– Güney Azərbaycan Milli Ordusu yaradıldı.

Nəhayət ki, sosial-iqtisadi islahatların sürətli bir şəkildə həyata keçirildiyi bir dövrdə, Milli Hökümət bir sıra xarici amillərlə yanaşı Tehran rejiminin qanlı müdaxiləsi və qətliamlar törətməsi nəticəsində 1946-cı il dekabrın 12-də (1325-ci il azər 21-də) süquta uğrayıb. Lakin Azərbaycan xalqı bütün fürsətlərdən istifadə edərək qurtuluş yolundakı milli mübarizəsini davam etdirməkdədir. /GünAz TV






Fikirlər