Məhərrəm Ayı və AŞURA GÜNÜ
Mәhәrrәm ayı – Hicri təqviminin ilk ayıdır və Allah təalanın aşağıdakı ayədə bildirdiyi kimi dörd haram (müqәddәs) aylardan biridir. Allah təala buyurur: “Həqiqətən, Allah yanında ayların sayı göyləri və yeri yaratdığı gündən bəri Allahın Kitabında on ikidir. Onların dördü (rəcəb, zülqədə, zülhiccə və məhərrəm) haram aylardır. Bu, doğru dindir. Ona görə də həmin aylarda özünüzə zülm etməyin”. (Tövbə, 36) Әbu Bəkrə rəvayət edir ki, Peyğəmbər (ona Allahın salamı olsun) dedi: “İl on iki aydan ibarətdir. Onlardan dördü haramdır, arda-arda gələn üç ay: Zül Qadə, Zül Hiccə və Mәhərrəm; Cumədə və Şaban ayının arasında olan Rəcəb ayı”. (Buxari rəvayət etmişdir, 2958) Bu ayın Mәhərrəm adlandırılması, mənasının ‘haram (müqəddəs) olan’ olmasına görədir. Allah təalanın “Ona görə də həmin aylarda özünüzə zülm etməyin” sözü, bu aylarda edilən günahların digər aylarda edilən günahlardan daha böyük olması səbəbilədir. Qatadə (Allah ondan razı olsun) “Ona görə də həmin aylarda özünüzə zülm etməyin” ayəsi haqda deyir:“Bu haram aylarda günah etmək, digər vaxtlarda edilən günahlardan daha şiddətli və daha böyükdür. Digər vaxtlarda edilən günahlar da təbii ki böyükdür. Lakin Allah təala istədiyi zamanı seçərək daha da əzəmətləndirir”. Həmçinin deyir: “Allah təala Öz məxluqundan müəyyən kəsləri seçmişdir. O, mələklər arasından elçilər, insanlar arasından rəsullar, sözlər arasından Onu zikr etməyi, yerdә məscidləri, aylardan Ramazan ayını və haram ayları, günlərdən Cümə gününü, gecələrdən Qədr Gecəsini seçmişdir. Ona görə də Allahın əzəmətləndirilməsini söylədiklərini, əzəmətləndirin. Anlayış və hikmət əhli Allahın bizə əzəmətləndirilməsini söylədiklərini əzəmətləndirirlər”. (İbn Kəsirin, Tövbə surəsi 36-cı ayənin təfsirinin xülasəsi). Məhərrəm ayında daha çox nafilə oruc tutmağın fəziləti Әbu Hureyrə demişdir: “Allah Rəsulu (ona Allahın salamı olsun) dedi: “Ramazan ayından sonra ən fəzilətli oruc Allahın ayı Mәhərrəmdədir”. (Muslim rəvayət etmişdir, 1982) Ay’ın adının Allah sözü ilә birgә işlәdilmәsi (nisbət edilməsi), bu ayın əzəmətini daha da açıq şəkildə ifadə edir. Allah istədiyi zamanı və məkanları seçәrәk, onları fәzilәtli etmiş, insanları da bu fürsәtlәrdәn istifadә edәrәk savab qazanmağa çağırmışdır. Böyük alim İbn Abdus-Salam (Allah rәhmәt etsin) demişdir: “Zamanlar və məkanlar iki yolla fəzilətləndirilir. Biri dünyəvi, ikincisi isə dini yolla. İkincisinə gəldikdə, səbəbi budur ki, Allah təala o vaxtlarda və məkanlarda edilən əməllərə daha böyük savab verməklә, qullarına Öz səxavətini bəxş edir. Məsələn, Ramazan ayında tutulan oruca digər vaxtlarda tutulan orucdan daha böyük savab verir və həmçinin Aşura günündə.. Bunun fəziləti, Allahın qullarına qarşı səxavəti və mərhamətindən dolayıdır…”(Qavaid әl-Әhkәm, 1/38). Mәhərrəm ayından əldə olunacaq ibrətlər. Mәhərrəm ayı, Peyğəmbərimizin Məkkədən Mədinəyə hicrət etməsi hadisəsindəki bir çox dərs və ibrətləri xatırladır. Bütün bunlar bizlərə Hicri təqviminin başlıca əhəmiyyətini anlamağa yardım edir. Həmçinin hicrət hadisәsinin, İslamın inkişafında mühüm bir addım olmasını yada salmaqda da fayda vardır. Belə ki, tarix boyunca İslam, hicrətdәn faydalanmışdır. Bir çox qitәlәrdә İslamın mövcud olması və inkişaf etmәsi, oraya hicrət edənlərin səyləri və Allah yolunda çalışanların zəhmətləri nəticəsində olmuşdur. Mәhərrəm ayının 9 və 10-cü günü oruc tutmaq Peyğəmbərimizin tövsiyyəsidir (sünnəsidir). O (ona Allahın salamı olsun) 10-cu günü (Aşura günü) oruc tutmuş, həmçinin öz səhabələrini də həmin günü oruc tutmağa təşviq etmişdir. * Hz Hüseyn (Allah ondan razı olsun) və onun ailəsinin böyük fədakarlığı. Hz. Hüseyn’in şəhid olması, aşura gününə təsadüf edir. Yəni, bu hadisə, aşura gününün əsl səbəbi deyildir. Peyğəmbərimizin vəfatından illər sonra, bu faciə baş vermiş və aşura gününə təsadüf etmişdir. Biz Kərbəla epizodundan qəhrəmanlıq dərsləri, səbr və mətanət nümayiş etdirməyi öyrənməliyik. Lakin Quran və Sünnədə əsası olmayan bəzi adət-ənənələri (ağlaşma, zəncir vurmaq və.s) etməkdən çәkinmәliyik. Çünki bunu nə Allah, nə də onun Rəsulu buyurmamışdır. Aşuranın tarixi Allahı xatırlamaq üçün, Onun göndərdiyi peyğəmbərlər vә keçmiş ümmətlərə dair Müqəddəs Quranda hekayətlərindən ibrət almaq lazımdır. Uca Allah buyurmuşdur: “(Peyğəmbərlərin) hekayətlərində ağıl sahibləri üçün, sözsüz ki, bir ibrət vardır. (Bu Quran) uydurma bir söz deyildir. Ancaq özündən əvvəlkilərin (ilahi kitabların) təsdiqi, (Allahın bəndələrindən ötrü) hər bir şeyin (bütün hökmlərin, halal-haramın) müfəssəl izahıdır. O, iman gətirən bir tayfa üçün hidayət (doğru yolu göstərən rəhbər) və mərhəmətdir!”. (Yusuf, 111) Uca Allahın Öz Kitabında söylədiyi hadisәlərdən biri dә, Allahın ayı olan – müqəddəs Məhərrəm ayında baş verən hadisədir. Bu, Musa peyğəmbər və Misirin qəddar hakimi olmuş Fironla bağlıdır. Rəbbimiz Quranda bu haqda belə buyurmuşdur: “Biz inanan bir tayfa üçün sənə Musanın və Fironun hekayətindən (bir qismini) olduğu kimi söyləyəcəyik. Həqiqətən, Firon yer üzündə (Misirdə) baş qaldırıb onun əhalisini zümrələrə bölmüşdü. (Firon) onların arasında olan bir tayfanı (İsrail oğullarını) gücsüz (aciz) görüb onların (yeni doğulan) oğlan uşaqlarını öldürür, qızlarını isə sağ buraxırdı. O, həqiqətən, (yer üzündə) fitnə-fəsad törədənlərdən idi! Bis isə istəyirdik ki, o yerdə zəif düşüb əzilənlərə (İsrail oğullarına) mərhəmət göstərək, onları (xeyirxah işlərdə) öndə gedənlər və (Fironun mülkünə) varislər edək. Və onları yer üzündə (Misirdə, Şamda) yerləşdirib möhkəmləndirək, Firona, (vəziri) Hamana və ordularına onların qorxub çəkindikləri şeyi (İsrail oğullarından birinin əli ilə məhv edilib hakimiyyətlərinə son qoyulmasını) göstərək.” (Qasas, 3-6) Firon, İsrail övladlarına hökmranlıq edәrәk onları kölə edir, yeni anadan olmuş uşaqları öldürür, qadınları isə sağ saxlayırdı. Bu cinayət əməli etmə səbəbi, doğulacaq uşaqların birindən gələ biləcək haqq qorxusu idi. İsrail övladları İbrahim peyğәmbәrdәn onlara gәlmiş bilgilәrә əsasən bilirdilər ki, onun nəslindən bir kəs Misir krallığını dağıdacaq. Bu haqda xəbərdar olan Firon isә, öz varlığını qorumaq üçün, əsgərlərinə İsrail övladlarının yeni doğulan bütün uşaqlarını öldürməyi əmr etmişdi. Bununla belə, əvvəlcədən aldığı bütün tədbirlər, onu Allahın Qədər’indən mühafizə etmək üçün kifayət etmədi. Beləcə Allah təala Musa peyğəmbərin əmin-amanlıqda böyüməsini, öldürülməkdən xilas olunmasını və həmçinin yetkinlik dövrünə çatana qədər Allahın himayəsi altında Fironun öz evində böyüməsini tәmin etdi. İllər sonra isə, Fironun ‘fironluğunun’ bir nömrәli әngәllәyicisi olan Musaya qarşı olan zülmlәr, bu gözәl peyğәmbәrin vә onunla birgә olan haqq әhlinin canlarını qurtarmaq üçün qaçmalarıyla sonlandı. Mәşhur – dәnizin yarılması hadisәsi nәticәsindә, Musa peyğәmbәr vә onunla birgә olanlar qurtulmuş, Firon isә hәlak olmuşdu. Bu əzəmətli hadisə müqəddəs Muhərrəm ayının 10-cu günü baş vermişdir. Bu günü yəhudilər ‘Yәvmul Aşura’ (Aşura günü) olaraq adlandırırlar. Musa peyğəmbər (ona Allahın salamı olsun) həmin günü oruc tutmuş və insanlara oruc tutmağı əmr etmişdir. İbn Abbas rəvayət edir ki, Hz. Məhəmməd Mədinəyə gəldikdә, yəhudilərin Aşura günü oruc tutduqlarına şahid olmuş vә onlardan soruşmurdur: “Bu günün əhəmiyyəti nədir ki, siz bu gün oruc tutmusunuz?” Onlar belә cavab verdilәr: “Bu, böyük əhəmiyyəti olan bir gündür. Allah təala Musa və onun camaatını xilas etmiş, Fironu və onun camaatını isә suda boğmuşdur. Musa, təşəkkür əlaməti olaraq həmin günü oruc tutmuşdur ki, biz də ona riayət edirik.” Bunun üzərinə Allah Rəsulu dedi: “Biz buna daha haqlıyıq və bizim Musaya olan yaxınlığımız sizin yaxınlığınızdan daha çoxdur”. Beləcə Allahın Rəsulu Aşura günü oruc tutdu və həmin gün oruc tutulmasını da müsәlmanlara tövsiyyә etdi. Aşura günündə oruc tutmağın əhəmiyyəti. Müdrik bir müsəlman, hər zaman mübarək günlərdən fayda götürmәli vә Allaha daha da yaxınlaşmağa can atmalıdır. Bu cür etməklə, öz həyatının bütün sahələrində Peyğəmbəri olan Muhəmməd’i (ona Allahın salamı olsun) özünə nümunə, örnək götürmәlidir. İbn Abbas demişdir: “Allah elçisinin bu gündən (Aşura günündən) və bu aydan (Ramazan ayından) başqa vaxtlarda oruc tutmağa daha istəkli olduğunu görmədim”. (Buxari,1867). Başqa bir hədisdə Peyğəmbərimiz demişdir: “Aşura gününün orucunun böyük fəziləti vardır. Ümid edirəm ki, Allah təala bu orucu, keçən il (o ildə edilәn günahlar) üçün kəffarə (bağışlanma) kimi qəbul edəcəkdir”. (Muslim) ✘ Aşura günündə oruc tutmaq, İmam Huseynin (Allah ondan razı olsun) şəhid olmasını yas, matəm ilə keçirmək mənasını ifadə etmir. Biz İmam Huseynin (Allah ondan razı olsun) şəhadətinə dərindən hörmət edir, İslam uğrunda onun əzəmətli fədakarlığına, şücaətinə ehtiram edirik. O, bizlərə haqq, cəsarət, igidlik və təqvaya dair böyük bir örnək nümayiş etdirmişdir. Hicrətin 61-ci ilində baş vermiş bu hadisə zamanı Hz. Hüseyn, bir çox cinayətləri etmək üçün İslamdan sui-istifadə edən bir sıra fasiqlərin əli ilə o öldürülmüşdür. Lakin, Aşura orucunun tarixi çox qədimdir. Bir çox hədis kitablarındakı rəvayətlәrә әsasәn bilirik ki, Peyğəmbərimiz və onun səhabələri Məkkədə olduqları zaman, Məhərrəm ayının 10-cu günü oruc tutardılar. Bu elə bir gün idi ki, Məkkə əhalisi Kəbənin örtüyünü dəyişərdilər. Qureyş qəbiləsi də həmin günü oruc tutardı. (Buxari, 1489 və 1760). Başqa bir rəvayətdə qeyd olunur ki, Mədinə yəhudiləri o gündə ziyafət edәr, Peyğəmbərimiz isә öz səhalərinə onun əvəzinə oruc tutmağı əmr edәrdi. (Buxari, 1866) Qeyd etmәk lazımdır ki, ilk vaxtlarda Aşura orucunu tutmaq, müsәlmanların üzәrinә vacib idi. Hicrətin 2-ci ilində Ramazan ayını oruc tutmaq haqqında Allahın əmri gəldiyi zaman, Peyğəmbərimiz, Aşura gününün nafilə (müstəhəb) oruc olmasını insanlara elan etməsi üçün bir nəfər carçı göndərmişdir. Bütün bunlar göstərir ki, hər bir kәs, bu günü oruc tutmaq və ya tutmamaq mövzusunda sərbəstdir. Lakin, oruc tutanlar üçün böyük bir mükafat vardır (hansı ki, yuxarıda qeyd olundu). Bu mükafatı әldәn qaçırmaq, biz günahkar müsәlmanlar üçün böyük bir itkidir! İbn Abbas demişdir: “Yahudilәrdәn fәrqlәnmәk üçün biz, bu iki gündə (Məhərrəm ayının 9-cu və 10-cü günləri) oruc tutmalıyıq”. (Tirmizi, 686) İbn Abbas həmçinin Peyğəmbərimizin belə dediyini rəvayət edir: “Gələn il sağ olsam, (10-cu gün olan aşurayla bәrabәr) 9-cü günü dә oruc tutacağam”. (Musnəd, 2002) Aşura ilə əlaqədar yanlış anlayışlar və əsassız adətlər. ✘ Bu gün Adəm’in yarandığı gündür. ✘ Bu gün İbrahim peyğәmbәrin anadan olduğu gündür. ✘ Bu gün Adəm’in tövbəsinin Allah tərəfindən qəbul olunduğu gündür. ✘ Qiyamət günü aşura günü baş verəcək. ✘ Hər kim Aşura günü çimərsə heç zaman xəstələnməz. ✘ Sinә vuraraq ağı demәk. ✘ Bu gündә mütlәq bәdәndәn qan çıxmalıdır -deyә etiqad etmәk. ✘ Baş yarmaq, zәncir vurmaq (әzadarlıq), qola qara ip bağlamaq. ✘ Saat 12-yә kimi sabundan istifadә etmәyin haram olduğuna etiqad etmәk. ✘ Bu vә bundan sonrakı ayın matәm ayları olduğuna etiqad etmәk. Bütün bunlar vә qeyd etmәdiyimiz buna bәnzәr digәr hallar, nә peyğәmbәrimiz, nә onun әhli-beyti, nә dә digәr sәhabәlәr tәrәfindәn edilmәmiş vә edilmәsi dә tövsiyyә olunmamışdır. Biz müsәlmanlara düşәn, aşura gününün xeyir vә fәzilәtindәn faydalanmaq vә peyğәmbәrimizin (ona vә ailәsinә salam olsun) keçirdiyi kimi bu günü faydalı şәkildә keçirmәyә çalışmaq olmalıdır. Bununla yanaşı, Peyğәmbәrimizin әziz nәvәsi Hz. Hüseyn’in zalımlar tәrәfindәn şәhid edilmәsi hadisәsinin dә dә bu mübarәk günә tәsadüf etmәsini dә xatırlamalı vә Allah yolunda canlarını fәda etmiş öndәrlәri xeyirlә anmalı, lakin dindә әsası olmayan, xurafat әmәl vә inanclardan da uzaq olmalıyıq. Uca Allahın, bizlәri bu gözәl gündәn faydalanan bәndәlәrindәn etmәsini dilәyәrәk bol-bol dua etmәk dә, әn başlıca etmәli olduğumuz әmәllәr sırasında olmalıdır