“Ən böyük dərdimiz QARABAGDIR” – Allahşükür Paşazadə
“Bizim ən böyük dərdimiz Qarabağdır”. “Report”un məlumatına görə, bunu Qafqaz Müsəlmanları idarəsinin (QMİ) sədri Allahşükür Paşazadə İranın İslami əlaqələr və Mədəniyyət təşkilatının sədri Abuzər İbrahimi Türkmanla görüşündə deyib.
Şeyxülislam bildirib ki, Azərbaycanın müqəddəs ziyarətgahları və məscidləri hələ də ermənilərin işğalı altındadır: “Aprel ayının əvvəlində ermənilər yenidən cəbhə xəttində təxribatlara başladı. Düzdür, Azərbaycan ordusu düşmənin layiqli cavabını verdi. Silahlı Qüvvələrimiz ermənilərin təxribatlarının qarşısını almaqla yanaşı, mühüm strateji əhəmiyyətə malik bir neçə yüksəklikləri iğaldan azad etdi. Bu döyüşlər zamanı İran xalqı Azərbaycana öz dəstəyini nümayiş etdirdi”.
QMİ sədri bildirib ki, Azərbaycanda dövlət və din münasibətləri yüksək səviyyədədir: “Amma buna baxmayaraq bəzi çətinliklərimiz də var. Bəzi qüvvələr istəyir ki, Azərbaycanı qarışdırsın, məzhəb ayrılığı salsın”.