Orta məktəbdə siqaret çəkən qızların sayı çoxalıb - AÇIQLAMA
“Təəssüflər olsun ki, hətta son zamanda bizdə orta məktəblərdə qızlar arasında da siqaret çəkənlərin sayı daha da çoxalıb”. AzerTaym.az-ın xəbərinə görə, bu sözləri Milli Məclisin Aqrar siyasət komitəsinin bu günkü iclasında deputat Eldar Quliyev deyib. O, tütün və tütün məmulatlarının reklamının qadağan olunması haqqında gedən müzakirələrdə bildirib ki, artıq Azərbaycanda siqaret çəkən qadınların sayı artmaqdadır. Eldar Quliyev söyləyib ki, orta məktəblərdə də siqaret çəkən az yaşlı, məktəbli qızlar var və orta məktəblərdə buna qarşı kəskin mübarizə aparılmalıdır: “Əvvəllər biz bu hal Rusiya, MDB, Avropa ölkələrində daha çox yayılmışdı. Azərbaycanda da qadınların siqaretə meylliliyi artıb. Bunun qarşısını almaq üçün orta məktəblərdə də ciddi nəzarət gücləndirilməlidir. Əks təbliğat mexanizmi gücləndirilməlidir. Çünki az yaşlarından siqaretə qurşanmış qızların gələcəkdə ana olma riski də azalır. Həm də bu insanlarımıza maddi baxımdan da zərbə vurur”. Deputat bildirib ki, Azərbaycanda ictimai yerlərdə siqaret çəkənlərə qarşı cərimə müəyyən edilsə də qanunun bu hissəsi işləmir: “Ötən il İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi ki, ictimai yerlərdə siqaret çəkənlər cərimə olunsun. Amma baxaq görək ki, bu günə qədər ictimai yerdə siqaret çəkən hansı vətəndaş cərimə olunub? Heç kim də cərimə olunmayıb. Qanun qəbul olunub amma cərimə olunmaq mexanizmi yoxdur”.