Deputat 100 manatlıq cəriməni pislədi: “Kölə kimi oxuyan şagird kimə lazımdır?”
Layihəyə görə, şagird tərəfindən 1 ay ərzində 7 gündən çox dərs buraxılmasına görə valideynə 100 manat miqdarında cərimə tətbiq edilir.
Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü, millət vəkili Ağacan Abıyev sözügedən qanun layihəsini sərt tənqid edib. AzNews.az-a açıqlama verən deputat təhsilin cərimə ilə idarə olunmasının yalnış addım olduğunu bildirib: “Dünya təcrübəsində belə şey olmayıb. 60 ildir ki, təhsil sahəsində fəaliyyət göstərirəm, amma bu barədə eşitməmişəm. Təhsil sistemi hara, cərimə hara? Cərimə ilə təhsil sistemini yaxşılaşdırmaq olmaz. Bunun üçün başqa çarə tapmaq lazımdır”.
A.Abıyev qeyd edib ki, şagird üzrsüz səbəbə görə dərs buraxırsa, dərslərdə iştirak etmirsə demək ki, oxumaq istəmir: “Şagird oxumaq istəmirsə onu məcbur etmək olmaz. Özümüz də azad ölkədə yaşayırıq. Kim nə istəyir onu da edir. Oxumaq istəmirsə oxumasın, nə edək? Niyə onu güclə oxutdurursunuz? Bizə fəhlə lazım deyil? Hamı oxumaz ki. Oxumaq istəmirsə niyə onu cərimə edirsiniz? Cərimə ilə oxuyan şagird gələcəkdə kim olacaq? Onu döyə-döyə oxutdurursansa, ondan hansı nəticə əldə etmək olar? Kölədən alim olarmı!?”
Deputat vurğulayıb ki, sabah Milli Məclisin plenar iclasında bununla bağlı məsələ qaldıracaq: “Sabah bununla bağlı Milli Məclisdə məsələ qaldırıb sözümü deyəcəyəm. Döyə-döyə, cərimə ilə şagird oxutdurmazlar. Bu, sadəcə gülməlidir”.
Qeyd edək ki, təhsil eksperti Əjdər Ağayev də bu qanun layihəsini qəti şəkildə pisləyib. "Təhsilşünaslıqda, pedaqogika elmində cəzalandırma və rəğbətləndirmə tələbləri var. Dediyiniz təklif irəli sürülərkən bu tələblər nəzərə alınmayıb. Bu məsələyə görə məsuliyyət məktəbin və məktəbə nəzarət etməli olan qurumların üzərinə düşür. Əgər məktəb təlim-tədris işini normal qursa, tərbiyəvi tədbirlər keçirsə, maraqlı olsa, şagird qarşısına qoyduğu hədəfə nail olmaq üçün istədiyini məktəbdən alsa məktəbdən yayınarmı? Yayınmaz. Bu məsələdə günahkar olan tədris işini təşkil edən şəxslərdir" – deyə, ekspert etiraz edib.
Xatırladaq ki, Azərbaycanda orta məktəb dərslərindən yayınan şagirdlərin valideynlərinə cərimə tətbiq olunması ilə bağlı məsələ dünən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu ilə Dini qurumlar və ictimai birliklər komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb və plenar iclasa tövsiyə olunub.