Əli Həsənov Cəbrayılın işğaldan azad olunmuş kəndinə baş çəkib - FOTOLAR

Prezidenti İlham Əliyevin tapşırığı ilə noyabrın 17-də Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Cəbrayıl rayonunun işğaldan azad olunmuş yeganə kəndinə - Cocuq Mərcanlıya gedib.

Əli Həsənov əvvəlcə Ermənistanın işğalçı ordusu tərəfindən 1993-cü ildə işğal olunmuş, lakin sonradan həyata keçirilmiş uğurlu Horadiz əməliyyatı zamanı işğaldan azad olunan Cocuq Mərcanlı kəndindəki  vəziyyətlə tanış olub. Sonra kənddə yaşayan yeganə ailə ilə görüşüb. Bu, 23 ildir Cocuq Mərcanlı kəndində yaşayan 7 nəfərdən ibarət Həziyev Oktay Əbil oğlunun ailəsidir.

Ailə üzvləri ilə aparılan söhbət zamanı Oktay Həziyev bildirib ki, kənd işğal olunandan sonra müvəqqəti olaraq başqa yerlərdə məskunlaşıblar.  Həmin yerlərdə isə bəzi insanların biganə münasibəti ilə rastlaşıblar. Ancaq uğurlu Horadiz əməliyyatından sonra işğaldan azad olunmuş öz doğma kəndlərinə qayıdıblar. 
Oktay Həziyev doğma kəndi işğaldan azad olununandan sonra yenidən öz vətənində yaşamağın həm də mənlik və qürur hissi olduğunu bildirib.

Oktay Həziyev bildirib ki, burada yaşayış üçün heç bir təhlükə yoxdur, tam sərbəst və arxayın yaşayırlar. Kənd təsərrüfatı və heyvandarlıqla məşğul olurlar, taxıl, yonca, arpa və bostan bitkiləri əkirlər. 
“600-ə yaxın xırda, 70-ə yaxın iri buynuzlu mal-qara, 300-ə yaxın toyuq-cücə  saxlayırıq. O cümlədən arıçılıqla məşğul oluruq. Dövlət tərəfindən bizə hər cür dəstək göstərilir. Kənd təsərrüfatı ilə məşğul olmaq üçün “Aqrolizinq” ASC tərəfindən də texnikalar verilib. Kəndimizin suyu, elektrik enerjisi, qazı, bir sözlə, hər cür şəraiti var. Lələtəpə yüksəkliyi işğaldan azad olunandan sonra bizim təhlükəsizliyimiz daha da gücləndi. Cənab Prezidentimizin Lələ Təpə yüksəkliyinə gəlməsi, ərazilərimizin müdafiəsində duran əsgərlərimizlə görüşməsi bizi qürurlandırdı və bizdə böyük ruh yüksəkliyi yaratdı”.

Baş nazirin müavin Əli Həsənov qeyd edib ki, Horadiz əməliyyatı kimi “Aprel döyüşləri” də  Azərbaycan tarixinin şanlı səhifəsiri. 
“Bu gün bizim çox güclü ordumuz var. İstənilan vaxt bizim qüdrətli ordumuz işğal olunmuş ərazilərimizi azad etmək gücündədir. “Aprel döyüşləri” bunu bir daha sübut etdi. Ancaq Ali Baş Komandan İlham Əliyev bu problemin sülh yolu ilə həllinin tərəfdarıdır. O istəmir ki, yenidən qan tökülsün. Ancaq Ermənistan tərəfi düz yola gəlməsə, müharibə yolu ilə olsa da, biz torpaqlarımızı mütləq azad edəcəyik. Bu bizim haqqımızdır”.

Əli Həsənov Həziyevlər ailəsinin bütün məcburi köçkünlər üçün nümunə olduğunu vurğulayıb.

Sonda Oktay Həziyevin ailəsinə mövcud imkanlar çərçivəsində müvafiq yardım edilir.

Oktay Həziyev  Cocuq Mərcanlı kəndinin sakinlərinə müraciət edərək onları qayıdaraq öz yurdlarında yaşamağa çağırıb






Fikirlər