Nazir: “Əmək pensiyaları haqqında qanununa geniş dəyişikliklər olunacaq”
“Prezidentin təsdiq etdiyi pensiya islahatları konsepsiyasına uyğun olaraq əmək pensiyaları qanununa dəyişikliklər edilməsi üzərində iş gedir”. Bu barədə jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məlumat verib. Onun sözlərinə görə, həmin dəyişikliklərin yekun variantı yaxın günlərdə tamamlanacaq. Nazir bildirib ki, artıq Nazirlər Kabinetitərəfindən həmin qanuna dəyişikliklər edilməsi barədə müvafiq qanun layihəsi Prezident Adminstrasiyasına təqdim olunub. “Adminstrasiyada müvafiq şöbə və dövlət müşaviri xidməti ilə biz məsləhətləşmələri davam etdiririk. Bu prosesdə Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadiyyat Nazirliyi və digər müvafiq qurumlar iştirak edir. Mən elə düşünürəm ki, yaxın günlərdə bu proses tamamlanacaq. Həmin dəyişikliklərin baş verməsi üçün qanun layihəsi cənab Prezidentə təqdim olunacaq”, - deyə S. Müslümov qeyd edib. S. Müslümov qanunda geniş dəyişikliklərin olduğunu da deyib. O bildirib ki, Azərbaycanın mövcud şəraitinə, o cümlədən dünyanın aparıcı dövlətlərində mövcud olan standartlara uyğun olaraq pensiya sisteminin dəyişdirilməsi istiqamətində addımların atılması nəzərdə tutulur. Pensiyaların maliyyələşməsi prosesinə toxunan nazir bu sahədə heç bir problemin olmadığını vurğulayıb: “Bu proses vaxtında və dəqiq icra olunur. Noyabr ayında pensiyaların maliyyələşməsi sona çatdırılıb. Hazırda məcburi dövlət sosial sığorta haqlarının daxil olması ilə bağlı elə bir problem yoxdur”.