Pensiyaçılara şad xəbər

 Похожее изображение

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların səviyyəsi noyabr ayı üzrə də əmək pensiyalarının maliyyələşdirilməsinin vaxtından əvvəl başa çatdırılmasına imkan verib. 

Bu barədə Modern.az-a nazirliyin mətbuat katibi Elman Babayev məlumat verib. Bildirib ki,  Fondun mərkəzi xəzinə hesabından əmək pensiyalarının maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin müəyyən olunmuş qrafikdən əvvəl yerli orqanların hesablarına köçürülməsi təmin olunub. Ümumiyyətlə, il ərzində nazirlik yanında Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların səviyyəsi pensiya və müavinətlərin müəyyən olunmuş qrafikdən əvvəl maliyyələşdirilməsinə şərait yaradıb. 
Cari ilin yanvar-oktyabr aylarında Fondun gəlirləri 2015-ci ilin müvafiq dövrünə nisbətən 8,24 faiz artaraq 2631,08 mln. manata yüksəlib. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,55 faiz artaraq 1533,69 mln. manata çatıb. Qeyri-büdcə sektorundan daxilolmalar sosial sığorta haqlarının 64,21 faizini və ya 984,86 mln. manatını təşkil edib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,5 faizədək çoxdur. Qeyd olunan davamlı artım 2016-cı ilin ötən dövründə əmək pensiyalarının maliyyələşdirilməsinin hər ay qrafikdən əvvəl yekunlaşmasına imkan yaradıb.
2016-cı il 1 noyabr tarixinə olan məlumata əsasən, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 312 min nəfərdir. Əmək pensiyalarının orta aylıq məbləği 2016-cı ilin əvvəlinə nisbətən 7,6 faiz artaraq 191,15 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 212,50 manata çatıb.
 
 






Fikirlər