ŞƏMSİYYƏ NAMAZLI: "3500 TİBB İŞÇİSİNİN İŞSİZ QALMASINDAN İTİRƏN CƏMİYYƏT OLACAQ"

"Çünki onların içərisində elmi dərəcəsi olan, orta tibb işçiləri, yardımçı sahədə fəaliyyət göstərənlər də var"

Özəlləşdirilməsi nəzərdə tutulan xəstəxanaların işçiləri kənarda qalarsa, bundan itirən cəmiyyət olacaq.

Bunu Sherg.az-a Mərkəzi Dənizçilər və Mərkəzi Dəmiryolu Xəstəxanası özəlləşdirilməsinə münasibət bildirərkən tibb və fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazlı bildirib. 
Onun sözlərinə görə, tibb işçilərinin başqa sahələrdə işləməsi mümkün olmadığından onlar işdən çıxarılarsa, səhiyyənin inkişafı göstəriciləri aşağı düşə bilər: 
"Bu xəstəxanalarda müxtəlif vəzifələrdə işçilər fəaliyyət göstərir. Onların içərisində elmi dərəcəsi olan, orta tibb işçiləri, yardımçı sahədə fəaliyyət göstərənlər də var. Həmin şəxslərin kənarda qalması və tibbi təcrübələrindən istifadə olunmaması, problem yarada bilər. Məsələn, dəfələrlə şahidi olmuşam ki, bir tibb bacısı və orta tibb işçisi vaxtında yardım göstərərək həkim gələnə qədər xəstənin həyata qayıtmasına səbəb olub. Ona görə də, çıxarılan işçilərin kənarda qalması həm sadəcə işsizlik problemi yaratmaqla iqtisadi sahəyə, həm də digərlərində ruh düşkünlüyü yaranması ilə mənəvi-psixoloji sahəyə təsir göstərir. Bu səbəbdən, tək iqtisadi baxımdan deyil mənəvi baxımdan da cəmiyyət itirə bilər”.
Qeyd edə ki, ötən günlərdə açıqlanan özəlləşdirilməsi nəzərdə tutulmuş 11 xəstəxana və təsərrüfat hesablı ambulator müəssisənin arasında Mərkəzi Dənizçilər Xəstəxanası, Mərkəzi Dəmiryolu Xəstəxanası da var.






Fikirlər