Əhəd Abıyevdən rüşvət ittihamlarına sərt cavab — “Bəlkə Əli Kərimliyə də hektarlarla torpaq AYIRMIŞAM?”
Əhəd Abıyev Eynulla Fətullayevin rəhbəri olduğu mətbu orqanda haqqında səsləndirilən iddialara cavab veribDaşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev barəsində tənqidi yazılar yazılmaması qarşılığında “Gününsəsi.info” saytının rəhbəri Pərviz Həşimliyə torpaq sahəsi verməsi barədə yayılan məlumatlara münasibət bildirib. Ə.Abıyev Ölkə.Az-a açıqlamasında deyib ki, yayılan məlumatlar yalandır: “Məndə pul var ki, kiməsə pul ayırım? Mənim torpağım var ki, kiməsə torpaq ayırım? Bəlkə Əli Kərimliyə də hektarlarla torpaq ayırmışam? Bütün bunları kim uydurursa, Allah onların bəlasını versin. Müxalifəti məndən çox tənqid edən olmayıb, bu cür cəfəngiyatı nəcə mənim adıma bağlaya bilərlər? Onu deyən adam gəlib göstərsin, görək kimə harada torpaq və ya pul vermişəm. İndi qardaşımın yasıdır, başım qarışıqdır. Adama belə gündə də imkan vermirlər”. Xatırladaq ki, bu gün Eynulla Fətullayevin rəhbəri olduğu haqqin.az və virtualaz.org saytlarında dərc edilən məqalədə bir çox dövlət məmuru və biznesmenin adları çəkilərək, onların “Azadlıq” qəzeti və bəzi jurnalistlərə rüşvət verdiyi iddia edilib.