Araz Əlizadəni “qəhrəman” edən GÜCÜ...

Azad İsazadə: “Söhbət təkcə ”kim nə deyir"də deyil, kim o sözdən necə istifadə edir, bundan çox şey asılıdır"

Azərbaycan Sosial-Demokrat Partiyasının sədri, deputat Araz Əlizadənin facebookdan istifadə edən milyonlarla azərbaycanlını avara, işsiz-gücsüz adlandırması son günlərdə ən çox müzakirə olunan mövzulardan biri oldu. Halbuki hazırda ölkəmizdə istər siyasi, istərsə də iqtisadi sahələrdə cəmiyyəti narahat edəcək digər ciddi məsələlər var. Həmçinin Araz Əlizadə cəmiyyətdə əsasən mənfi bir şəxs kimi qəbul olunur. Amma onun istər bu, istərsə də daha əvvəllər millət, dövlətlə bağlı neqativ fikirləri cəmiyyətdə ciddi rezonans doğurub.

Bir faktı da qeyd edək ki, onun politoloq olan qardaşı Zərdüşt Əlizadə də açıqlamaları ilə tez-tez gündəmə gələn tanınmışlardandır. Sanki cəmiyyətin hər iki qardaşa qarşı qəribə bir münasibəti var. Kifayət qədər ciddi adamlar sanballı açıqlamalar verir, ciddi mövzulara toxunurlar, amma onlara Əlizadə qardaşları qədər reaksiya olmur. Mənfi obraz olmalarına rəğmən onlara bu cür reaksiyanın səbəbi nədir?

Psixoloq Azad İsazadə hesab edir ki, bu hallar təkcə Azərbaycan cəmiyyətinə şamil oluna bilməz: “Araz Əlizadənin nə dediyini oxumamışam. Konkret onun barəsində danışmaq istəməzdim. Amma ümumiyyətlə, burada söhbət Azərbaycan cəmiyyətindən getmir. Hər bir cəmiyyətdə kütlə psixologiyası var və burada fərqlər mövcuddur. Bu psixologiyada bəzən vacib olmayan məsələ fərd üçün daha vacib görünə bilər, yaxud da tərsi ola bilər. Bunu biz bütün cəmiyyətlərdə görürük. ABŞ cəmiyyətini nümunə gətirək. Cəmiyyət tərəfindən heç də yüksək faizlə qəbul olunmayan Donald Trampın şəxsində seçkiqabağı cəmiyyətə heç də xoş olmayan çıxışlar var idi. Amma cəmiyyət onu özünə prezident seçdi. Demək, belə bir liderə tələbat var imiş. Onu nə tənqid edirəm, nə də tərifləyirəm. Sadəcə, obyektiv bir fakt kimi göstərirəm. Cəmiyyətin bir tərəfi onun çıxışlarına etiraz etdi, amma digər tərəfdən bu qəbul olundu. Bu hallar bütün cəmiyyətlərdə var. Bu məsələlərdə Azərbaycan cəmiyyəti o biri cəmiyyətlərdən fərqlənmir.

Cəmiyyət yeni ideyalara, yeni fikirlərə - istər mənfi, istər müsbət - daha çox maraqlıdır. Bu zaman adekvat olaraq müsbət və mənfi mənada reaksiyalar olur, amma əsası olur".

Image result for Azad isazadə

Psixoloq cəmiyyətlərdə mövzu qıtlığının bu cür hallar yaratdığını da istisna etmir: “Cəmiyyət çox vaxt populist çıxışlara, fikirlərə önəm verə bilər. Bəzən insan xarizmalı olanda ona daha çox inanırlar, onun dedikləri daha çox diqqətdə olur. Mənfi insan kimi XX əsrdə dünya tarixində Adolf Hitleri göstərə bilərik. Ona kimisə bənzədəndə tənqid kimi qəbul olunur. Amma yaddan çıxarmaq olmur ki, 30-40-cı illərdə alman xalqı ona inanırdı, mitinqlərinə çıxırdı. Demək, o vaxt cəmiyyətə belə bir lider lazım imiş. Sonralar onun nə qədər mənfi cəhətlərinin olduğu göründü. Söhbət təkcə ”kim nə deyir"də deyil, kim o sözdən necə istifadə edir, bundan çox şey asılıdır. Yəni o necə danışır, kütləyə fikirlərini necə çatdırır. Psixologiyada “bədən dili” anlayışı var. Biz kimləsə danışanda sözlərimizin 20-30%-i qəbul edilir. Amma 60% “bədən dili”ni qəbul edir. Xarizmatik lider bəzən “bədən dili”ndən istifadə edib, kütləni cəlb edə bilər. Müsbət bir nümunə kimi Türkiyə prezidentini misal çəkə bilərik. Çox xarizmatik, qəşəng danışan, kütləni dalınca apara bilən bir liderdir. Deməli, sözdə “nə demişəm” azdır, əsas “necə demək” rol oynayr".






Fikirlər