“Azərsun” ŞƏKƏR bazarını İTİRİR
Azərbaycanda qənd və şəkər tozu istehsalı kəskin azalıb. “AzerTaym” xəbər verir ki, bu haqda xəbəri “Marja”yayıb. Rəsmi statistik rəqəmləri analiz edən sayt yazır ki, 2017-ci ilin yanvar-oktyabr aylarında 190,8 min ton qənd və şəkər tozu istehsal edilib. Bu, 2016-cı ilin 10 ayı ilə müqayisədə 46,5% azdır. 2016-cı ilin yanvar-oktyabr aylarında Azərbaycanda 356,6 min ton qənd və şəkər tozu istehsal edilib.
İstehsal azaldığından isə idxal artır. Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2017-ci ilin 10 ayı ərzində Azərbaycana 151 milyon dollar dəyərində 328 min ton şəkər idxal edilib. Bu, 2016-cı ilin eyni dövrü ilə müqayisədə 51% çoxdur. 2017-ci ilin 10 ayı ərzində Azərbaycandan 36,5 milyon dollar dəyərində 56 min ton şəkər ixrac edilib.
Azərbaycanda şəkər tozu istehsalçısı “Azərsun Holdinq”dir. Holdinqin 2006-cı ildə istifadəyə verdiyi İmişli Şəkər Zavodunun illik gücü 300-350 min ton civarındadır. Rəsmi statistika və zavodun istehsal gücününü müqayisəsini apararaq qeyd etmək olar ki, İmişli Şəkər Zavodu yarı gücü ilə işləyir.
İmişli Şəkər Zavodu, xammalının bir qismini şəkər çuğunduru yetişdirən yerli torpaq mülkiyyətçilərindən, digər hissəsini isə idxal olunan xam şəkər hesabına təmin edir.
Qeyd edək ki, Azərbaycanın Ukraynadan şəkər tozu idxalı artıb. Bu idxal ilə digər iri ticarət şirkətləri məşğul olurlar.