“Qara SƏNƏDLƏRİ məhv etdik” - Şıxlinskayanın KLİNİKASINDA

“Qara sənədləri məhv etdik”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində xalq artisti Leyla Şıxlinskayanın sahibi olduğu klinikanın baş mühasibi Şəhla Abbasova və digər işçiləri barəsindəki cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin icraatında olan prosesdə klinikanın baş həkimi, cərrah Bəxtiyar Musayev ifadə verərək deyib ki, L.Şıxlinskaya ilə münasibətləri normal olub: "İşdən çıxmaq üçün ərizə yazmışam".

B.Musayev təqsirləndirilən Ş.Abbasovanın ifadəsində "həkimlər rəsmi maaşdan əlavə 30 min manata yaxın maaş alırdılar" deməsinə cavab olaraq maaşı kartla aldıqlarını desə də,  məbləği açıqlamaqdan imtina edib:  "Aylıq maaşdan əlavə əməliyyatlardan, xəstələrin müayinəsi üçün klinikaya edilən ödənişlərdən də qazanc əldə edirdik. Əməliyyat etdiyim xəstələrin adını yadda saxlamağım mümkün deyil. Üzərindən neçə ay keçib. Xəstənin pul ödəyib-ödəmədiyi mənim işim deyildi. Ola bilsin ki, belə hallar olub. Elə xəstə olub ki, əməliyyatdan sonra 20 min manat borcu qalıb. Bəzən də sığortalı xəstələr gəldiyindən onlar ödəniş etməyiblər. Mən 6 il əvvəl həmin işdən çıxmışam, hələ də 11 min manat alacağım var". 

Təqsirləndirilənlərdən Səkinə Qasımovanın anası Gülarə Bağırova şahid qismində ifadə verərək deyib ki, 10 ildən artıq klinikada işləyib: "Mən doğuş əməliyyatlarına görə pul alırdım,  rəsmi maaşım olmayıb. Doğuş qiyməti 1250-1650 manat arasında dəyişirdi,  mən də o pulun yarısını alırdım. İndi qiymət 1000 manata düşüb. Amma indi bizə maaş kartla verilir". 

Klinikada mühasibatlıqda işləyən Günel Abbasova deyib ki,  ixtisasca kimyaçıdır, lakin Leyla Şıxlinskayanın tanışı olduğu üçün işə götürülüb:  "Mən mühasibat işini bilmirdim,  sadəcə çeklərə baxırdım. Baş mühasib Şəhla Abbasovanın tapşırığı ilə bəzi sənədləri məhv etdik. Onlar dövlətdən yayınmış qara sənədlər idi, audit yoxlama gələnə kimi biz onları məhv etdik". 

Ş.Abbasova da bunu təsdiqləyib. 

Proses yanvarın 19-da davam etdiriləcək.

İş üzrə klinikanın baş mühasibi Şəhla Abbasova, mühasib Səkinə Qasımova, kassir Aytən Hüseynova, Polad Əliyev, Mədinə Hüseynova və Yelena Abdullayeva təqsirləndirilir. P.Əliyev hazırda Milli Elmlər Akademiyasında, S.Qasımova Tibb Universitetində həkim işlədiyini bildirib. M.Hüseynova və Y.Abdullayeva isə L.Şıxlınskaya adına klinikada qeydiyyatçı işləyib. 

Qeyd edək ki, L.Şıxlinskaya Ş.Abbasovanı işdən çıxartdıqdan sonra Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciət edərək onun klinikadan 1 milyon mənimsədiyini bildirib. Cinayət işi açılıb və istintaq davam etdirilməsi üçün Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib. 






Fikirlər