“Dələduzlar qiymətləri artırmağa cəhd göstəriblər”
“Qafqazinfo” APA TV-yə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu gün keçirilən mətbuat konfransında deyib: "Milli valyutanın kursu endirilirsə, bu, büdcəyə daxilolmaların artması deməkdir. Büdcəyə daxilolmalar artırsa, belə halda hansı çətinlikdən danışmaq olar. Biz tam vaxtında bütün sosial ödənişləri yerinə yetirmişik və bundan sonra da yerinə yetiriləcək. Hər hansı bir gecikmə ola bilməz".
Nazirliyin müvafiq qurumlarının bazarlarda monitorinqlər apardığını deyən Səlim Müslümov bildirib ki, burada əsas məqsəd Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş istehlak səbətinin tərkibinə daxil olan məhsullar və xidmətlərin qiymətinin araşdırılmasıdır: "Təəssüflər olsun ki, bazarlarda bir sıra işbazlar və dələduzlar qiymətləri süni şəkildə artırmağa cəhd göstəriblər".
Səlim Müslümov deyib ki, nazirlik əmək müqavilələrinin elektron qeydiyyatı vasitəsilə son dövrlərdə ixtisar olunan və bağlanan iş yerlərinin saldosuna baxıb. Bu günədək elə böyük saldo yoxdur, cüzi kənarlaşma var. Yəni indiyədək ləğv olunmuş əmək müqavilələrinin sayı ilə bağlanmış əmək müqavilələrinin sayı eynidir.