İRƏVAN YAZAQ, YOXSA YEREVAN - RƏYLƏR TOQQUŞUR
Firudin Cəlilov: “Bu, milli məsələ olduğu üçün İrəvan yazılmalıdır”; Qulu Məhərrəmli: “Bunun yazılma qaydası Yerevandır” Azərbaycan mətbuatında, demək olar ki, hər gün Ermənistanla bağlı yazılar dərc edilir. Yerli mətbuatda paytaxt İrəvan bir çox hallarda Yerevan kimi təqdim olunur. Bəs yazılışların hansı doğrudur? Tarixçilərin, demək olar ki, böyük əksəriyyəti bu şəhərin əsl adının İrəvan olduğunu bildirir. Çünki, məlum olduğu kimi, həmin bölgədə uzun müddət İrəvan xanlığı mövcud olub və şəhər də bu xanlığın adını daşıyır. İrəvanın Ermənistana verilməsinə gəldikdə isə, tarixə əsasən 1918-ci ildə Azərbaycan Cümhuriyyəti digər bütün ərazilərə iddialarından əl çəkmələri şərtilə İrəvanı ermənilərə güzəştə getmişdi. Bununla bağlı F.X.Xoyski ovaxtkı xarici işlər naziri M.H.Hacınskiyə ünvanladığı məktubda yazır: “Onlar (ermənilər - qeyd) ultimatumu qəbul edirlər və müharibəyə son qoyurlar. Biz İrəvanı güzəştə getdik”. Beləliklə, İrəvanı özlərinə paytaxt seçən ermənilər digər bölgələr kimi bu şəhərin də adını sonradan dəyişib Yerevan qoyub. Bəs bu gün Azərbaycanın tarixi şəhərinin adının Yerevan kimi yazılması nə dərəcədə doğrudur? Filologiya elmləri doktoru, professor Firudin Cəlilov tarix boyu bu şəhərin adının İrəvan olduğunu vurğulayıb: “Biz həmişə İrəvan yazmışıq. Ruslar oranı işğal etdikdən sonra Yerevan kimi qeyd edib. Eləcə də ermənilər türk adı olmasın deyə Yerevan qoyub. Bu məsələ milli məsələ olduğu üçün ciddi yanaşmalı, İrəvan kimi qeyd etməliyik. Jurnalist, teletənqidçi, filologiya elmləri doktoru Qulu Məhərrəmli isə məsələyə bu cür mövqe bildirib: “Bunun yazılma qaydası Yerevandır və bizim mətbuatımızda bu şəkildə yazmaq lazımdır. Bu, başqa məsələdir ki, biz İrəvan xanlığının tarixindən danışanda İrəvan kimi qeyd etməliyik. Amma indiki halda Ermənistanın paytaxtı Yerevandır və onu İrəvan yazmağın heç bir mənası yoxdur. Necə ki, uzun müddət biz Stepanakerti Xankəndi kimi yazdıq, amma onun mənası yox idi. Ona görə də bu, yersiz canıyananlıqdır, Yerevan kimi yazmaq, qaydalara əməl etmək lazımdır”. Filologiya elmləri doktoru, professor Vüqar Əhməd də İrəvan yazılışının doğru olduğunu deyib: “Bildiyiniz kimi, İrəvan xanlığı Rəvanqulu xanın adı ilə bağlıdır. İrəvanı şəhər kimi Səfəvilər salıb, Azərbaycanın bir hissəsi olub. Məlum olduğu kimi, ölkəmizdə indi də bəzən samitlərin əvvəlinə ”i" saiti də əlavə olunur. Beləliklə, Rəvanqulu xanın şərəfinə həmin şəhəri camaat İrəvan kimi səsləndirib. İrəvan qədim türk oylağı, torpağıdır. Hər zaman İrəvanın tərəfdarıyam. Əminəm ki, vaxt gələcək haqq-ədalət bərpa olunacaq, İrəvan da yenidən bizə qaytarılacaq".