Vaqon deposunda “Yanğın həyəcanı” SİQNALI VERİLDİ - FOTOLAR

"Azərbaycan Dəmir Yolları” QSC-nin 2018-ci ilin mülki müdafiə tədbirlər planına müvafiq olaraq, 24 oktyabr 2018-ci il tarixində "ADY Ekspress” MMC-nin Şərq vaqon deposunda "Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə dəstələrinin idarə edilməsinin təşkili” mövzusunda növbəti obyekt mülki müdafiə məşqi keçirilib.
AzerTaym.az xəbər verir ki, "ADY Ekspress” MMC-nin, Şərq vaqon deposunun rəhbər işçiləri, Fövqəladə Hallar Komissiyasının üzvləri, mülki müdafiə qüvvələrinin şəxsi heyətinin cəlb olunduğu məşqin əsas məqsədi fövqəladə hallar zamanı mülki müdafiə planının reallığını əks etdirməklə, mövcud xəbərdarlıq sxemi əsasında mülki müdafiə qüvvələrinin çevik qaydada hazır vəziyyətə gətirilməsini, hadisə yerinə göndərilməsini, yaranmış vəziyyətin qiymətləndirilməsini, hadisə yerindən məlumatların toplanmasını, mülki müdafiə qüvvələrinin fasiləsiz və düzgün idarə olunması bacarığının təkmilləşdirilməsini aşılamaq, həmçinin, rəhbər işçilərə, mülki müdafiə qüvvələrinə, əhaliyə və işçilərə davranış qaydalarını öyrətməkdir.
Keçirilən obyekt mülki müdafiə məşqi həyəcan siqnalının verilməsi ilə başlayıb. Rəhbər işçilər mülki müdafiə rəhbərinin yanında toplanıblar. Mülki müdafiə qərərgah rəisi zəlzələ nəticəsində inzibati binada yanğın baş verməsi, sexlərdə dağıntı olması, eləcə də zərərçəkənlər və xəsarət alanlar barədə məlumat verib.
Məşq rəhbəri təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün mülki müdafiə qüvvələrinə müvafiq göstərişlər verib. Yarana biləcək növbəti vəziyyətdə məşq iştirakçılarının vəzifələri dəqiqləşdirilib. İctimai asayişi mühafizə manqası dərhal ərazini çəpərləyib.
Bir neçə dəqiqə ərzində "Yanğın həyəcanı” siqnalı verilib. Əhali və işçilər dərhal inzibati binadan təxliyyə edilib, kəşfiyyat manqaları müxtəlif istiqamətlərdən əraziyə daxil olaraq hadisənin nəticələri barədə mülki müdafiə rəhbərinə məruzə edib. Yanğından mühafizə və xilasetmə manqaları əraziyə daxil olub, yanğın ocaqları mövcud vasitələrlə söndürülüb. Yaralılara ilkin tibbi yardım göstərilib.
Obyekt məşqdən sonra keçirilən müşavirədə «Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyəti Sədri yanında hərəkətin təhlükəsizliyi üzrə baş texniki müfəttişliyinin əməkdaşı İsa Xudiyev çıxış edərək depoda mülki müdafiə qüvvələrinin hazırlıq vəziyyətinin qənaətbəxş olduğunu bildirib və fövqəladə hallar zamanı təxirəsalınmaz tədbirlərin ardıcıllığı barədə məsləhətlər verib.

 






Fikirlər