JURNALİSTLƏR EİRDƏ DALAŞDI...

 

Aparıcı Rövşanə Ağasəfqızının ARB-də təqdim etdiyi “Düz bazar” verilişində bu gün qalmaqal baş verib.

Televiziya kanallarının səviyyəsinin müzakirə olunduğu verilişdə tanınmış jurnalist Seymur Verdizadə ARB-nin aparıcısı Elgiz Əkbərin ünvanına sərt ittihamlar səsləndirib. Öz növbəsində Elgiz Əkbər də jurnalist həmkarını cavabsız buraxmayıb. Maraqlısı isə odur ki, jurnalistlərin əl hərəkətləri, jestləri efirə getsə də, telekanal musiqini artırmaqla onların səsini “batırıb”.

Seymur Verdizadə Modern.az saytına açıqlamasında məsələyə aydınlıq gətirib. Jurnalist deyib ki, verilişdə Elgiz Əkbərin ünvanına qeyri-etik heç bir ifadə işlətməyib: 

“Elgiz bəyə dedim ki, sən efirdə dolma bükdüyün üçün tamaşaçılar televiziyaya baxmırlar. O da qayıtdı ki, “mən efirdə heç vaxt dolma bükməmişəm”. Mən də cavab verdim ki, “dolma bükməmisən, amma daha cılız hərəkətlər etmisən. Yetmiş yaşlı Əli Mirəliyev sənin verilişində 25 yaşlı qızı ona görə öpür ki, verilişin reytinqi qalxsın. Yaxud reytinq xatirinə 80 yaşlı müğənni Teymur Mustafayevi efirə çıxarıb “jim” elətdirirsən. Bu qədər ucuzluğa getməyə ehtiyac yoxdur””.

Tanınmış jurnalist qeyd edib ki, verilişin həmin bölümünün efirə getməməsinin səbəbi ona aydındır: “Elgiz Əkbər və Əli Mirəliyev ARB-də çalışır. Telekanal mənim səsimi batırmaqla öz əməkdaşlarını qorumaq istəyib”.

Seymur Verdizadə fikirlərinin senzuraya məruz qalmasının onu məyus etdiyini deyib: “Bir müddət əvvəl “Space” TV-də Elçin Əlibəylinin müəllifi olduğu “El bizim, sirr bizim” verilişində Mikayıl Güləddinoğlunun ünvanına tənqidi fikirlər səsləndirmişdim. Mikayıl Güləddinoğlu “Space” TV-nin aparıcı əməkdaşlarından biri olsa da, telekanal bir cümləmi də kəsmədi. Bir qədər dözümlü olmaq lazımdır. Tamaşaçının fərqli fikirləri dinləmək hüququ var”.

 






Fikirlər