“Koronavirus nefti də “xəstələndirdi” - XAQANİ CƏFƏRLİ
“Koronavirus epidemiyası daha geniş çoğrafiyaya yayıldıqca, neftin qiyməti də ucuzlaşmağa başladı. Neft ixracatçısı olan ölkələri birləşdirən OPEC-in (The Organization of the Petroleum Exporting Countries) Rusiya, Qazaxıstan və Azərbaycanla birlikdə Vyanada keçirilən görüşü uğursuzluqla sonunclandan sonra neft birdən-birə 9 faiz ucuzlaşıb”. "AzerTaym.az" Hurriyyet.org-a istinadən bildirir ki, bu barədə politoloq Xaqani Cəfərli deyib. “Məsələ neftin qiyməti deyil, neftin alıcısının bu məhsulu kimdən alması olmağa başlayıb” Cəfərlinin sözlərinə görə, görüşün uğursuzluqla nəticələnməsinin səbəbi Rusiya ilə Səudiyyə Ərəbistanın neft istehsalının azaldılması ilə bağlı razılığa gələ bilməməsi olub: “Səudiyyə Ərəbistanı gündəlik hasilatı 1.5 milyon barel azaltmağa təklif edib, Rusiya isə bu təklifi qəbul etməyib. Səudiyyə Ərəbistanı belə hesab edir ki, gündəlik hasilatı 1.5 milyon barel azaltmaqla, neftin bir bareli üçün qiymətini 60 dollar həddində saxlamaq olar. Rusiya neft şirkətləri isə hesab edir ki, bu addım qısa müddətə effektli ola bilər. Rusiyada belə hesab edirlər ki, onlar ixracatı azaltdıqca, ABŞ həmin bazarları ələ keçirir. Ruslar müştəriləri itirməyi daha zərərli hesab edərək qiymətlərin stabilləşməsi üçün ixracatı azaltmaqdan imtina edirlər. ABŞ-ın ən böyük neft istehsalçısına çevrildikdən və neft bazarları uğrunda sərt mübarizəyə başladıqdan sonra isə həqiqətən də artıq önəmli məsələ neftin qiyməti deyil, neftin alıcısının bu məhsulu kimdən alması olmağa başlayıb”. X. Cəfərli qeyd edib ki, OPEC+ formatında danışıqların uğursuz başa çatmasından, neftin ixracatının azaldılması ilə bağlı üç əvvəl imzalanmış və martın sonunda başa çatacaq anlaşma qüvvədən düşdükdən sonra Səudiyyə Ərəbistanın bazarları neftlə doldurub, qiyməti kəskin aşağı salmaqla, bir çox ölkələri bazarlardan çıxarmağa çalışacağı ehtimal olunur”. “Azərbaycanda dünyada baş verən hadisələrdən bixəbər kimi davranmaqda davam edirlər” “Politoloq Valeri Solovey isə hələlik ictimaiyyətə açıqlanmamış hesabatlara və araşdırmalara istinad edərək neftin bu il boyunca ucuzlaşacağını, bu prosesin gələn il də davam edə biləcəyi haqqında xəbərdarlıq edib. Azərbaycanda isə dünyada baş verən hadisələrdən bixəbər kimi davranmaqda davam edirlər”,-deyə politoloq əlavə edib.