TRAMP neftin ucuzlaşmasını istəyir - İLGİN SƏBƏB
ABŞ prezidenti Donald Tramp hesab edir ki, neftin qiyməti çox yüksəkdir. Bu barədə o, özünün twitter səhifəsində yazıb: “Neftin qiyməti çox yüksəkdir. OPEC yenə öz işini görür. Yaxşı deyil!” Xatırladaq ki, bir neçə ay öncə də D.Tramp neftin qiymətinin yüksək olmasından gileylənərək, mövcud qiymətləri “süni” adlandırmışdı. ABŞ prezidenti niyə neftin yüksək qiymətlərinə etiraz edir? İqtisadçı-ekspert Pərviz Heydərov hesab edir ki, D.Trampın etirazı ABŞ-ın dünya neft bazarına təsir gücünün azalmasından xəbər verir: “Bu, o deməkdir ki, ABŞ-ın dünya neft bazarına təsir gücü əvvəlki kimi deyil. Demək, neft üzrə dünya bazarlarında rəqabət imkanları əvvəlkinə nisbətən, kifayət qədər genişlənmişdir. Amerika üçün neftin qiymətinin yüksək olması heç də məqsədəuyğun deyil. Xüsusən də indiki halda... FES-in uçot dərəcəsini artırmasının - 2 faizədək qaldırmasının da bir səbəbi məhz bununla əlaqədardır”. Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə deyir ki, kənardan baxana elə gələ bilər ki, neftin qiyməti nə qədər yüksək olsa, ABŞ üçün bir o qədər yaxşıdır: “Çünki şist neft hasilatçıları üçün bu əlverişlidir. Ancaq belə deyil. Son proqnozlara əsasən, ABŞ 2018-ci ilin yekunlarına görə orta hesabla gündəlik 10,51 milyon barel neft hasil etməlidir. ABŞ Enerji Administrasiyasının açıqladığı rəsmi məlumata görə, ötən həftə ABŞ gündəlik olaraq 8,1 milyon barrel neft idxal edib. Hasilat göstəricilərinin artması ilə əlaqədar olaraq gündəlik idxal göstəriciləri 247 min barrel azalıb. İkincisi, ABŞ şirkətləri artıq şist nefti 40 dollar qiymətində rentabelli şəkildə hasil etməyə alışıblar. Bundan əlavə, onlar şist nefti ixraca yönəltmirlər, ölkə daxilində emal edirlər. ABŞ emal sənayesi isə dünyada ən yüksək rentabellik göstəricilərinə malikdir. Yəni bir ton xam neftdən ən çox yanacaq alınmasına yalnız ABŞ emal şirkətlərində rast gələ bilərsiniz. Ona görə də ABŞ şirkətləri neft məhsullarının ixracına üstünlük verirlər. Neft məhsullarının ixracından gələn gəlir isə (marja) o zaman daha çox olur ki, xam neft baha olmasın. Bu neft biznesinin yazılmamış qanunudur”.
Ekspertə görə, Azərbaycan da özünün yeni neft emalı müəssisəsini yaratmış olsaydı, neftin aşağı qiymətlərində SOCAR neft məhsullarının ixracından ildə 2,5-3 milyard dollara qədər gəlir əldə edə bilərdi: “Çox təəssüf ki, bu zamanı əldən verdik və vaxtında yeni emal zavodu tikmək əvəzinə uzun zaman sərf edib H.Əliyev adına zavodun 2022-ci ilədək yenidən qurulması yolunu seçdik”. Trampın mövqeyi bir sual da yaradır ki, OPEK ABŞ-ın təzyiqləri qarşısında neft hasilatını artırıb, qiymətlərin aşağı düşməsinə şərait yarada bilərmi? Məsələ burasındadır ki, OPEK və bu təşkilatın üzvü olmayan neft ölkələri son bir ayda hasilatı artırıblar. OPEK-in aylıq hesabatına görə, 2018-ci ildə qlobal neft tələbatı 98,7 milyon barelə yüksələcək. Bildirilir ki, mayda qlobal neft təklifi aprel ayı ilə müqayisədə gündəlik 270 min barrel artaraq 97 milyon 860 min barrel olub. Ötən ay qeyri-OPEC ölkələrində neft hasilatı isə sutkalıq 100 min barrel çoxalaraq 59 milyon 750 min barelə çatıb. OPEC-in proqnozuna görə, bu il qlobal neft tələbatı 2017-ci illə müqayisədə gündəlik 1 milyon 650 min barel artaraq 98 milyon 850 min barelə çatacaq. Cari ildə qeyri-OPEC ölkələrinin neft təklifi ötən illə müqayisədə sutkalıq 1 milyon 860 min barel çoxalaraq 59 milyon 750 min barelə çatacaq. Hesabatda qeyd olunur ki, OPEC-in xam neft istehsalı mayda aprel ayı ilə müqayisədə gündəlik 35 min barel artaraq 31 milyon 870 min barel olub. OPEC-in dünya neft hasilatındakı payı isə dəyişməyərək 32,6 faiz təşkil edib. Ötən ay OPEC üzrə xam neft istehsalı ən çox Səudiyyə Ərəbistanında artıb. Belə ki, mayda aprel ayı ilə müqayisədə Səudiyyə Ərəbistanının sutkalıq neft hasilatı 85 min 500 barel artaraq 9 milyon 987 min barelə çatıb. Azərbaycanda isə may ayı ərzində gündəlik neft hasilatı 801 min barel təşkil edib. Energetika Nazirliyindən verilən məlumata görə, bunun 748 min barelini xam neft, 53 min barelini kondensat təşkil edib. Gündəlik 635 min barel xam neft, 53 min barel kondensat, 17,8 min barel isə neft məhsulları ixrac edilib. Beləliklə də, gündəlik neft hasilatının 834 min barel həcmində saxlanmasına dair razılaşma müqabilində Azərbaycan hasilatı sutkada 35 min barel azaltmaqla bağlı götürdüyü öhdəliyi növbəti dəfə də yerinə yetirib. Xatırladaq ki, 2016-cı il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barel azaldılaraq 32,5 milyon barelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barel azaldılması barədə sazişə imza atıb. Hazırda neft bazarında bütün diqqət iyunun 22-23-də Vyanada keçiriləcək OPEC Nazirlər Şurasının 174-cü iclası, eləcə də OPEC və OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) IX iclasına yönəlib. Həmin iclaslarda Azərbaycanın da təmsil olunması nəzərdə tutulur. İ.Şabanın sözlərinə görə, hasilatın artmasına baxmayaraq, neftin qiymətləri son 20 gündür ki, faktiki olaraq stabildir: 76,5 dollar ətrafında dəyişir: “Baxmayaraq ki, arada 74 dollara qədər qısa müddətdə enmə müşahidə edilib və 77 dollara qədər artım olub. Yəni bazarda bir təlatüm yoxdur, baxmayaraq ki, OPEK konfransı yaxınlaşır. Demək, KİV-lərdə ara-sıra həyəcanlı xəbərlər dolaşsa da, bazar iştirakçıları arasında indiki tarazlığı pozacaq elə bir hadisə yaşanmır. Yəni Səudiyyənin və ya hansısa olkənin hasilatı artırması, əslində digər bazar iştirakçısının hasilatının azalmasını kompensasiya edir və ya tələbatın artırılması ilə udulur. Bu isə bazarda qiymətin kardinal dəyişilməsinə gətirib çıxaran amil olmayacaq. Nəticə etibarı ilə ortalama 70 dollar qiyməti cari il üçün bazar iştirakçılarını qane edən bir qiymətə çevrilir”. “Yeni Müsavat” Ekspertlər deyir ki, ABŞ-ın dünya neft bazarına təsir gücü əvvəlki kimi deyil, amma...