Manat üçün SON GÜN: Bir neçə saat sonranın kritik qərarı BAHALAŞMA YARADACAQ

Manat üçün SON GÜN: Bir neçə saat sonranın kritik qərarı BAHALAŞMA YARADACAQ

Rəşad Həsənov: “0.25 faiz səviyyəsində uçot dərəcəsinin artımı baş verəcək”

FED pul siyasətini müəyyənləşdirən Federal Açıq Bazar Komitəsinin növbəti iclası dekabrın 13-14-də keçiriləcək. Bir sıra analitiklər ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) dekabr toplantısında faiz dərəcələrini artırmaq üçün məqbul bir zaman olduğunu açıqlayıb. FES-in dekabrda faiz artımına gedəcəyini qurumun sədrləri də təsdiqləyir. Qurum rəsmilərinin ehtimallarına görə, prezident seçkisini Respublikaçı Donald Trampın qazanması dekabrda faiz artımı ehtimalını azaltmayıb.

Göründüyü kimi dekabr ayında yeni faiz artımı ehtimalı güclüdür. Bundan əlavə ABŞ-ın 45-ci prezidenti seçilən Donald Trampın vergiləri aşağı salmağı haqda bəyanatla çıxış etmişdi. Ekspertlər hesab edir ki, əgər bu təşəbbüs həyata keçirilsə, FES faiz artımını daha sürətli həyata keçirəcək.

Ekspertlərin qənaətincə, FES uçot dərəcəsini artıracağı təqdirdə neftin qiymətində bahalaşma qaçılmazdır. Maraqlıdır, bu halda Azərbaycanın milli valyutasının aqibəti necə olacaq?

İqtisadçı-ekspert Rəşad Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki,FES-in uçot dərəcəsini artıracağına dair proqnozlar əvvəlcədən planlaşdırılmış bir məsələdir: “Çünki hələ 2016-cı ilin əvvəlində FES məzənnə siyasətinin nisbətən sərtləşdirəcəyinə dair informasiyaları ictimailəşdirmişdi. İl ərzində FES-in toplantısında bununla bağlı mütəmadi müzakirələr aparıldı. İlin son toplantısı olduğu üçün dekabr ayında uçot dərəcəsinin artırılma ehtimalı çox yüksəkdir. ABŞ-ın indiki prezidenti Donald Tramp və keçmiş dövlət katibi Hillari Klinton da uçot dərəcəsinin artırılmasında maraqlı idi. Hesab edirəm ki, dekabr ayında uçot dərəcəsi artırılacaq. Hətta bundan əvvəl keçirilən toplantılarda FES üzvlərinin əksəriyyəti uçot dərəcəsinin artırılması üçün iqtisadi əsasların olduğuna dair mesajlar verirdilər. Bu isə onu deməyə əsas verir ki, 2016-cı ildə təxminən 2015-ci ilə bənzər ssenari inkişaf etdirildi.

Yəni, il ərzində uçot dərəcəsi artırılmır, son toplantıda FES əlində olan sağlam dəlilləri nəzərə alır və ilin əvvəlində açıqladığı kursa sadiq qalaraq öz etibarlılığını qoruyaraq uçot dərəcəsinin artırılmasına gedəcək. Hazırda müzakirə olunan əsas məsələlərdən biri faiz dərəcəsidir. Hesab edirəm ki, 0.25 faiz səviyyəsində uçot dərəcəsinin artımı baş verəcək. Bu isə çox kəskin artım deyil. Bu artım ilk dövrlərdə dünya bazarlarında qısamüddətli dövr üçün ABŞ dollarının möhkəmlənməsinə səbəb ola bilər. Hazırda bazar doymuş hesab olunur. Müşahidələr göstərir ki, dollar aparıcı dünya valyutalarına qarşı möhkəmlənib”.

İqtisadçının sözlərinə görə, uçot dərəcəsi artandan sonra qısamüddətli dövr üçün bahalaşma olacaq. Onun qənaətincə, orta və uzunmüddətli dövrdə dollar hazırda dünya bazarlarında olduğundan heç də baha olmayacaq: “Məsələyə bu baxımdan yanaşdıqda deyə bilərik ki, Azərbaycan üçün çox sarsıdıcı təsirləri olmayacaq. Çünki Azərbaycanda faktorlar nisbətən fərqlidir. Burda tədiyyə balansında yaranmış kəsirlərə təsir edən amil uçot dərəcəsinin artırılmasından daha çox neftin qiyməti rol oynayır. Bu baxımdan milli valyuta neftin qiymətinin təsirləri daha çox əks olunur, nəinki dolların uçot dərəcəsinin artırılması. Təbii ki, dolların möhkəmlənməyi manatın ucuzlaşmasına səbəb ola bilər. Amma bu, uzun sürməyəcək. 

Manatın məzənnəsini proqnozlaşdırmaq istəsək, bu zaman əsas indikator məhz neftin qiyməti faktoru olacaq. Hazırda neft optimist ümidlər istiqamətində dinamika nümayiş etdirir. Azərbaycanda manatın məzənnəsinə təsir edəcək qiymət seriyası 1 barel neft üçün təxminən 80-90 dolların üzərindədir. Bu baxımdan hazırkı qiymət səviyyəsi müsbət psixoloji təsir faktorlarını nisbətən neytrallaşdırır. Amma hazırkı qiymətlərin də tədiyyə balansında müsbət dinamikanın yaranmasına hələ ki, gücü çatmayacaq. Proses nə qədər uzanacaqsa, manat bir o qədər dəyərsizləşməkdə davam edəcək”.

Noyabrın 30-da OPEK neft hasilatının gündəlik 1,2 milyon barel azaldılması qərarı qəbul edib. 2017-ci il yanvarın 1-dən tətbiq ediləcək qərar 6 ay qüvvədə olacaq. Uçot dərəcəsinin artırılması dünya bazarlarında neftin qiymətinə necə təsir göstərəcək?

Rəşad Həsənov qeyd edib ki, dolların dünya bazarlarında möhkəmlənməsi əmtəələrin qiymətlərində azalmaya səbəb olur: “Təbii ki, bu analoji situasiya neftin qiymətində də müşahidə olunacaq. Noyabrın 30-da OPEC və qeyri-OPEC ölkələrinin toplantısında gündəlik neft hasilatının azaldılması ilə bağlı qərardan sonra birjalarında neftin qiymətində 1 barel üçün 2-3 dollar artım müşahidə olunur. Hazırda da bu tendensiya davam edir.Bir tərəfdən bazarda təklifin azaldılması yolu ilə qiymətlərin sabitləşdirilməsi xətti nümayiş etdirilir, digər tərəfdən də danışıqların heç birinə qoşulmayan və prosesdə iştirak etməyən sərbəst neft hasilatçıları var. Ötən həftə ABŞ-da 27 neft quyusu artıb. Bu, bir həftə ərzində təxminən 5 faizə yaxın artım deməkdir.

Bu artım isəəslində bahalaşan neft qiyməti fonunda baş verir. Çünki burda dünya bazarlarında neft qiymətinin 50 dollardan yuxarı olması, ABŞ neftinin mənfəətliliyini təmin edən faktordur ki, bu zaman da fəaliyyətini dayandırmış quyular qısa müddətdə aktivləşdirilir. Hesablamalar onu göstərir ki, 1 il ərzində ABŞ neft hasilatçıları dünya bazarlarına təxminən 1.5-2 milyon barel həcmində əlavə gündəlik neft hasil etmək iqtidarındadır. Bu da təxminən OPEC-in azaltmaq istədiyi neftin həcmi qədərdir. Ola bilsin ki, qısa və ortamüddətli dövrdə qəbul edilən hasilatın azalması ilə bağlı qərarlar bazarlarda nefti möhkəmləndirsin. Amma sonrakı dövrlərdə digər ölkələrin neft şirkətlərinin fəaliyyətinin səmərəlliyini, investisiya axının sürətlənməsinı və bazara təklif olunan neftin həcmini artıracaq. Son nəticədə bu, neft qiymətləri ilə bağlı narahatlıqların yaranmasına gətirib çıxaracaq”.  Cebhe.info






Fikirlər