“Azərbaycan iqtisadiyyatı RİSK altındadır” - EKSPERT

 

“Azərbaycan iqtisadiyyatı risk altındadır” - EKSPERT

 

 

Dünya bazarında neftin qiyməti 40 dollardan aşağı düşüb. Ekspertlər hesab edirlər ki, qarşıdakı günlərdə bu proses davam edəcək və neftin qiyməti hətta 20 dollara qədər enəcək. 
Məsələ ilə bağlı musavat.com-a ekspert İlham Şaban danışıb. O, neft sektorunda bundan sonra baş verəcəklər barəsində aşağıdakı proqnozları verib:“Neftin qiymətinin aşağı enməsi gözlənilən idi. OPEC-in 4 dekabr tarixində Vyanada keçirilən iclasında həcmlərin azalmaması haqqında qərar qəbul edildi. Bu, artıq göstərdi ki, hasilat azalmayacaq və qiymətlər aşağı düşməkdə davam edəcək. Bunun da məntiqi izahı var idi. Bu izah ondan ibarətdir ki, neft hasilatı  indiki səviyyədə qalarsa, o zaman ucuzlaşma daha sürətlə davam edəcək. Neftin ucuzlaşması nə qədər sürətlə davam edərsə, qalxma prosesi də eyni qaydada daha tez sürətlənər. Enmə prosesi hələ ki, davam edir. Dünya neftinə təsir edən böyük qüvvə ABŞ-dır. ABŞ-da şist neft hasilatı səbəbindən bu ölkəyə də idxalın azalması ortada qalan neftin digər bazarlara getməsinə səbəb olur. Nəticədə tələb təklifi üstələyir. Artıq Amerikada Qərbi Texas neftinin qiyməti 35 dollara düşüb. Bu, ona gətirib çıxaracaq ki, quyuların böyük bir qismi bağlanmalı olacaq. Bu quyular nə qədər sürətlə bağlanarsa, təbii ki, orada hasilatı azaldacaq. Hasilatın isə azalması bazara öz təsirini göstərəcək”.
Ekspert bildirib ki, bu hal qısa zamanda baş verməyəcək: “Bir çox ölkələrin ehtiyat nefti yığılır. Ehtiyat neft dedikdə bura həm qurudakı anbarlar, həm də barjalarda üzən gəmilərdə olan ehtiyatlar nəzərdə tutulur. Həmin neftdən də istifadə edib, onu sata bilərlər. Bu prosesdən sonra bazarlarda yeni neft həcmlərinə tələbat yaranacaq. Belə olduğu təqdirdə isə qiymətlərdə artım baş verəcək. İkinci bir tərəfdən neft şirkətləri gələn il üçün öz kapital xərclərini kəskin şəkildə azaldırlar. İri  neft quyuları qazılmır, kəşfiyyat aparılmır. Ancaq hələ ki, hazırda bütün proqnozlar  ona dəlalət edir ki, gələn il üçün neftin orta qiyməti 55 dollar olacaq. Optimist  qiymət isə 58 dollar civarındadır. Ancaq korrektə edilmiş proqnozlar təqribən  fevral ayının ilk 10 günlüyündə veriləcək. İlin iqtisadi yekunları açıqlanacaq və birinci rübün ilkin göstəriciləri ortada olacaq. Mətbuatda neftin qiymətinin 20-30 dollara düşəcəyi ilə bağlı proqnozlar olur. Bu rəqəmlər bir günlük satıla biləcək neft üçündür. Bunun orta qiymətə aidiyyatı yoxdur”.
Azərbaycanın büdcə gəlirlərinin 70 faizi, ixracın isə 93 faizi neftin payına düşür. Belə olduğu təqdirdə, 2016-cı ildə ölkə iqtisadiyyatını nə gözləyir? 
Məsələ ilə bağlı musavat.com-a iqtisadçı ekspert Rəşad Həsənov danışıb. O, bildirib ki, ölkəyə daxil olan xarici valyutanın həcmi neftdən çox asılıdır: “Xarici ticarətdə neft sektorunun payı 90 faizdən yuxarıdır. Bu isə o deməkdir ki, hər 100 dollardan 90-ı ölkəyə neft satışı vasitəsi ilə daxil olur. Ötən ilin iyul ayı ilə müqayisə etsək, neftin qiyməti təxminən hər barel üçün 65 faizə yaxın ucuzlaşıb. Bu isə o deməkdir ki, ölkəyə daxil olan valyutanın həcmi də analoji miqdarda azalıb. Xüsusilə neftin qiymətinin düşməsi, manat üzərində təzyiqlərin böyük bir qismini formalaşdırır. Hazırkı situasiya davam edərsə, istənilən halda 2016-cı ildə manat üzərində risklər böyükdür. Manatın məzənnəsinin aşağı düşmə ehtimalı da həmçinin yüksəkdir. Neftin qiymətinin bu şəkildə ucuzlaşması isə devalivasiyanın baş vermə tarixini yaxınlaşdırır. Eyni zamanda ölkənin valyuta  ehtiyatlarının həcminin sürətli əriməsinə səbəb olan amilə çevrilir. Bu baxımdan götürsək, yekun olaraq onu deyə bilərik ki, neftin qiymətinin bundan sonrakı dövrdə ucuzlaşması yaxud da hazırkı qiymətdə olması Azərbaycan üçün pessimist ssenarinin göstəricisidir”. 
Ekspert bildirib ki, dövlət büdcəsi hazırlanarkən üç əsas ssenari üzərində proqnozlaşdırma aparılıb:“Qiymətin 40 dollardan aşağı olması və yaxud da 40 dollarda qalması pessimist ssenari hesab edilir. Bu, həm ölkənin maliyyə resurslarının azalmasına, həm də manatın daha yüksək faizlə devalivasıyasına yol açan əsas amildir”.
R.Həsənov neftin qiymətinin düşməsinin Rusiya iqtisadiyyatına təsirlərindən də danışıb: “Rusiya iqtisadiyyatı da təxminən Azərbaycanla eynidir. Lakin orada müəyyən göstəricilər fərqlidir. Misal üçün neft sektorunun ixracat payı təxminən 65 faizdir, büdcənin gəlirlərində isə neftin payı 45 faizə yaxındır. Ancaq onu da nəzərə almaq lazımdır ki, Rusiyanın dünya bazarlarına çıxardığı neft, Azərbaycanın gün ərzində çıxardığından təqribən 15 dəfə artıqdır. Yəni, Rusiya hazırda dünya bazarına təxminən 11 milyon barel neft çıxarır. Neftin qiymətinin 1 dollar enməsi isə hər gün Rusiyaya daxil olan vəsaitlərin həcminin 11 milyon dollar azalmasına səbəb olur. Bu baxımdan əminliklə demək olar ki, Rusiya iqtisadiyyatını heç də uğurlu gələcək gözləmir. Baxmayaraq ki, Rusiya iqtisadiyyatının diversifikasiya imkanları daha genişdir. Ancaq paralel olaraq da Rusiyadakı mövcud siyasi rejim, bu diversifikasiyanı həyata keçirməkdə və qeyri-neft sektorunu inkişaf etdirməkdə heç də uğurlu ssenari həyata keçirmir. Xüsusilə də siyasi ambisiyalar Rusiyanın daxili iqtisadiyyatının inkişafına mənfi təsir göstərən əsas amildir. Neftin qiymətinin ucuzlaşması və ölkənin isə iqtisadi inkişafdan daha çox, siyasi ambisiyalar üzərində öz adminstrativ davranışlarını icra etməsi Rusiyanın yaxın dövlərdə iqtisadi baxımdan daha da tənəzzülə uğrayacağını deməyə əsas verir. Paralel olaraq, Rusiya iqtisadiyyatının zəifləməsi, həm də bu ölkənin dünyada olan siyasi mövqeyinin də azalmasına səbəb olacaq”.  (Musavat.com)
  
 

 

 
 






Fikirlər