Azərbaycan hökuməti “B planı”na keçəcək- 10 milyard dollardan çox itkimiz ola bilər
Neft ixrac edən ölkələrin təşkilatının (OPEC) 4 dekabr Vyana toplantısında hasilatı artırmaq qərarından sonra neftin qiyməti ucuzlaşmaqda davam edir. Dünən birjaların satışlar üzrə hesabatına görə “Brent” markalı neftin qiyməti 39,61 dollar olub. “Texas” (WTI) markalı neftdə də ucuzlaşma qeydə alınıb. Birjaların verdiyi son məlumatlara görə, "Texas" markalı neftin qiyməti 36.61 dollar təşkil edib. OPEC isə noyabrda noyabr ayında “qara qızıl”ın günlük hasilatını 0.23 milyon barrel artırıb. OPEK noyabrda gündə 31.7 milyon barrel neft hasil ediblər. Bu barədə OPEC-in dekabr üzrə hesabatında məlumat verilib. Beləliklə OPEK yenidən gündə 30 milyon barrel təşkil edən kvotasından artıq neft hasil etməyə başlayıb. Noyabrda hasilat əsasən İraqda qeydə alınıb. İraqda neft hasilatı 4.3 milyon barrelə çatıb. İlkin məlumatlara görə, dünyada ümumi neft hasilatı noyabr ayında 0.37 milyon barrel artıb.OPEK-in bu ilin 11 ayında dünya hasilatında payı orta hesabla 32.9% təşkil edib və 0.4% artıb. Noyabrda bu göstərici 33.2% təşkil edib. Neft ixrac edən ölkələrin təşkilatının (OPEC) 4 dekabr Vyana toplantısında gündəlik hasilat kvotasının 30 milyon barrel səviyyəsində saxlanılmasına qərar verilib. Bununla belə, gündəlik hasilat kvotasını 1.5 milyon barrel aşan faktiki hasilat həcminin də saxlanması barədə razılıq əldə olunub. Bu qərardan sonra 2009-cu ildən bəri ilk dəfə olaraq neftin 1 barrelinin qiyməti 40 dollardan aşağı düşüb. İraqda neft hasilatının artmasının neftin qiymətinə necə təsir göstərdiyini misal göstərən tədqiqat şirkətləri və ekspertlər İranın dünya bazarlarına çıxardığı nefti artırmasından sonra “qara qızıl”ın qiymətinin düşməkdə davam edəcəyini proqnozlaşdırırlar. Ekspertlərin fikirincə hazırda dünyada neft ehtiyatlarının çoxalması, Çin iqtisadiyyatının inkişaf sürətinin azalması, ümumiyyətlə qlobal iqtisadiyyatda müşahidə olunan zəif dinamika neftin qiymətinin orta perspektivdə yüksəlməyəcəyini proqnozlaşdırmağa imkan verir. Dünyada iqtisadi artım zəifləyəcək Dünya iqtisadiyyatının artım tempi ilə bağlı isə bədbin proqnozlar səslənməkdədir. BMT-nin İqtisadi və Sosial Məsələlər üzrə Departamentinin dünən açıqlanan hesabatında qeyd edilir ki, dünya iqtisadiyyatının 2016-cı ildə 2.9% səviyyəsində artacağı gözlənilir. Hesabatda bildirilir ki, 2015-ci ildə dünyaa iqtisadi inkişaf proqnozlaşdırılandan 0.4% aşağı olaraq 2.4% təşkil edib: “Malların qiymətinin aşağı düşməsi, kapital axının geniş miqyas alması, maliyyə bazarlarında yüksək dalğalanmalar fonunda inkişaf etməkdə olan ölkələrdə iqtisadi artım 2008-2009-cu illərin ən aşağı göstəriciləri səviyyəsində ola bilər”. Hesabat müəllifləri qarşıdakı iki ildə dünya iqtisadiyyatında çox cüzi yaxşılaşmalar gözləyirlər: “Çin iqisadiyyatının geriləməsi, digər böyük inkişaf etməkdə olan iqtisadiyyatların (Rusiya və Brazilya) göstəricilərinin aşğı olması iqtisadi artım tempinin yenidən inkişaf etmiş ölkələrə keçəcəyini söyləməyə əsas verir. Azərbaycan 2016-cı ildə 10 milyard dollardan çox itirə bilər Qeyd edək ki, neftin ucuzlaşmasının davamlı xarakter alması və 40 dollardan aşağı düşməsi Azərbaycan üçün də iqtisadi risklər yaradır. Bu günlərdə təsdiqlənən 2016-cı il dövlət büdcəsində neftin 1 barreli 50 dollardan hesablanıb. Amma artıq iki aydır ki, neftin qiyməti 50 dollardan da aşağıdır. Əgər neftin qiyməti 40 dollardan aşağı qalmaqda davam edərsə Azərbaycan hökuməti dövlət büdcəsinə yenidən baxmaq məcburiyyətində qala bilər. Maliyyə Nazirliyinin hazırladığı “Vətəndaşlar üçün Büdcə Bələdçisi”ndə qeyd olunub ki, hökumət neftin 1 barrelinin 50 və 40 dollar olduğu hallar üçün ssenarilər hazırlayıb. Görünür neftin qiyməti ilə bağlı hazırkı tendensiya davam etsə hökumət “B planı”na əl tmalı olacaq. Müqayisə üçün ötən ilin göstəricilərinə nəzər salaq. Neft Araşdırmaları Mərkəzinin məlumatına görə, ötən ilin sentyabr ayında SOCAR Ceyhan tipli (BTC FOB) xam neftin barrelini ortalama 98,29 dollardan satıb. 2014-cü ilin avqustunda SOCAR xam neftin satışından hər barrelə görə, azı 5 dollar itirib. Belə ki avqust ayında neftin bir barellinə görə ortalama satışı 103,08 dollar olub. Azərbaycanın 1 nömrəli neft hasilatçısı "BP-Azərbaycan" şirkətinin "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil etdiyi əmtəəlik xam neftin 1 barelinin qiyməti 5 dollardan bir qədər baha dəyərləndirilir. Bu baxımdan hazırda Azərbaycanın xam neftinin təqribən 80%-ni dünya bazarına çıxarmaq hər barrel üçün 12 dollara başa gəlir. İqtisadçı Qubad İbadoğlunun açıqladığı məlumatlara görə, 2014-cü ildə hər gün dünya bazarında orta hesabla 51 milyon 412 min ABŞ dolları məbləğində Azərbaycan nefti satılıb ki, onun da 5 milyon 895 min ABŞ dolları məsrəfə gedib. Yerdə qalan ümumi mənfəət 45 milyon 516 min ABŞ dollar olub.Bölüşdürülən zaman Azərbaycan dövlətinin payı 75 faiz olduğundan Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) ötən il orta hesabla hər gündə 34 milyon 37 min, ayda 1 milyard 24 milyon, ildə isə 12 milyard 290 milyon ABŞ dolları qazanıb. İlin əvvəlində proqnozlaşdırılırdı ki, bu il Azəri-Çıraq-Günəşli yatağı üzrə hasilat ötən ilki səviyyəsində qalarsa, dünya bazarında UK Brent xam neftinin 1 barelinin qiyməti 2015-ci ildə pis ssenarı üzrə orta hesabla 40 dollar olarsa ARDNF 3 milyard 714 milyon, orta ssenari üzrə 50 dollar olarsa 4 milyard 704 milyon, yaxşı ssenari üzrə 60 dollar olarsa 5 milyard 942 milyon ABŞ dollarlıq mənfəət neftinə sahib ola bilər. Bu isə o deməkdir ki, bu il ötən illə müqayisədə ARDNF-nin gəlirləri il ərzində 1 barelin qiyməti 40 dollar olarsa 9 milyard 116 milyon, 50 dollar olarsa 7 milyard 586 milyon, 60 dollar olarsa 6 milyard 348 milyon ABŞ dolları azala bilər. Yəni ARDNF-nin neftin qiymətinin ucuzlaşmasından itkiləri yaxşı halda 6 milyard 348 milyon, pis halda isə 9 milyard 116 milyon ABŞ dolları ola bilər. Neftin qiyməti 40 dollardan aşağı səviyyədə qalmaqda davam etsə 2016-cı ildə Azərbaycanın neft satışından əldə etdiyi gəlirlər 10 milyard dollardan çox azalacaq. Bu isə şübhəsiz ki, hökuməti büdəcəyə və büdcə xərclərinə yenidən baxmağa vadar edəcək. Hökumətin “B palnı” makro səviyyədə ilk növbədə daxili investisiya xərclərinin azaldılması, dövlət xərclərinin ixtisar edilməsini, manatın “üzən məzənnəyə” keçidini nəzərdə tuta bilər. Hökumət fikirləşdiyindən də artıq qənaətlə işləməyə və xərcləri azaltmağa məcbur qalacaq.