ABŞ-ın Federal Ehtiyat Sisteminin (FES) son iclasından sonra dünyanın bir çox valyutaları, o cümlədən manatın dollar qarşısında bahalaşmaqda davam etməsi proqnozlaşdırılır. Ümumiyyətlə, ən azından aprelin sonuna kimi manat və digər valyutalar dollar qarşısında dəyər qazanmaqda davam edəcək. Bu haqda danışmazdan öncə qeyd edək ki, ABŞ-ın Federal Ehtiyat Sisteminin iki günlük iclasından sonra yekun protokolda qeyd edildiyinə görə, FES uçot dərəcəsini dəyişməyib.
Amma ötən il dekabrın 16-da FES uçot dərəcəsinin baza faiz dərəcəsini illik 0-0,25% rekord aşağı səviyyə ilə 0,25% artırıb. Baza faiz dərəcəsi üzrə orta göstərici 0,375% təşkil edir. Son qərardan sonra dollar sürətlə ucuzlaşmağa başlayıb. Paralel olaraq neft bahalaşır.
Avropa Mərkəzi Bankı, o cümlədən İsveç, Danimarka, İsveçrə, Yaponiya kimi ölkələrin mərkəzi banklarının mənfi uçot dərəcələri tətbiq etməsi fonunda FES-in faiz dərəcələrini yüksəltməsi, əslində, ABŞ iqtisadiyyatı üçün də təhdid yaradır. Elə bu səbəbdən, hətta aprel iclasında da FES-in faizləri artıracağı inandırıcı görünmür. FES-in sədri Canet Yellen faiz qərarının ardından verdiyi açıqlamada qeyd edir: "Faizlərin dəyişdirilməməsi qlobal prosesləri əks etdirir. Ehtiyatlı hərəkət etmək məqsədəuyğundur.
ABŞ-da inflyasiyanın iki-üç il ərzində hədəfə, yəni 2%-ə çatacağını gözləyirik. Qlobal iqtisadi proseslər risq yaratmaqda davam edir. İqtisadiyyat üçün əsas gözləntilər dekabr ayından bu yana çox dəyişməyib. Bu iclasda ehtiyatlı hərəkət etməyə qərar verdik. İqtisadi artım dördüncü rübdən bu yana toparlanmış görünür. Məşğulluq bazarında yaxşılaşma üçün hələ də gözləntilər var. Lakin qlobal iqtisadiyyata dair narahatlıqlar ABŞ-da maliyyə şərtlərini sərtləşdirib. Xarici iqtisadi artım gözlənildiyindən daha ləng sürətlə gedir. Faizin dəyişdirilməməsi qlobal prosesləri əks etdirir. Faizi artırmamaq bizə məşğulluq bazarının yaxşılaşmasını təsdiq etmək imkanı verəcək. Ehtiyatlı hərəkət etmək məqsədəuyğundur". Məhz belə vəziyyət, ekspertlərə görə, dolları daha da ucuzlaşdıracaq.
Azərbaycanda isə dolların ucuzlaşmasının daha sürətlə gedəcəyi istisna olunmur. Bunun bir səbəbi FES-in qeyd olunan qərarıdırsa, digəri də Mərkəzi Bank tərəfindən atılan son addımlardır.
Son vaxtlar milli valyutaya olan etimadı daha da gücləndirmək istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq, dollarlaşma səviyyəsinin azaldılması, bank sektorunda maliyyə sabitliyinin gücləndirilməsi məqsədilə Mərkəzi Bankın İdarə Heyətinin qərarı ilə banklar tərəfindən xarici valyutada cəlb edilmiş öhdəliklər üzrə məcburi ehtiyat norması 0.5%-dən 1%-ə yüksəldilib. Milli valyutada, həmçinin qiymətli metallarda cəlb edilmiş öhdəliklər üzrə isə məcburi ehtiyat norması dəyişməz saxlanıb. Bildirilir ki, banklar 2016-cı ilin may ayından məcburi ehtiyatlar üzrə hesabatı yeni normalar nəzərə alınmaqla tərtib etməli və iyun ayından etibarən məcburi ehtiyatlarını yeni normaya uyğun saxlamalıdırlar.
Qeyd edək ki, məcburi ehtiyatlar kommersiya bankları tərəfindən cəlb olunmuş depozitlərin Mərkəzi Bankda məcburi saxlanan hissəsidir. Məcburi ehtiyatlar qaldırıldıqda bank sisteminin kredit vermək qabiliyyəti məhdudlaşır və beləliklə iqtisadiyyatda pul kütləsinin həcmi azalır. Mərkəzi Bank məcburi ehtiyatları azaltdıqda isə bunun əksi baş verir. Bu vəziyyət artıq bankların dollar almasını və beləliklə ABŞ valyutasının ucuzlaşmasını sürətləndirəcək.
Ümumiyyətlə, atılan və atılması gözlənən digər addımlar da manatın bundan sonra kursunun artmaqda olacağını deməyə əsas verir. Elə bu günlərdə Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov bildirib ki, Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında manat likvidliyinin çatışmaması və manat likvidliyinə dəstək məsələsi hazırda hökumətdə, Mərkəzi Bank və Maliyyə Bazarlarına Nəzarət Palatasında da müzakirə olunur.
Bu arada neft bazarlarında qiymətlərin daha da qalxması gözlənir ki, bu da milli valyutanın məzənnəsinə təsir edən əsas amillərdən biridir. Bu mənada manatın dollara qarşı kursunun qarşıdakı dövr ərzində yuksələn xətt üzrə inkişaf edəcəyini proqnozlaşdırmaq olar. Belə vəziyyət isə milli valyutaya inamı da xeyli artıracaq.
Tahir TAĞIYEV
Fikirlər