Amerikadan bazarı silkələyəcək addım - Neft və manat kəskin UCUZLAŞACAQ..
"Yaxın zamanlarda Amerika ilk dəfə olaraq böyük həcmdə neft satacaq. Bu da neft bazarına ciddi mənfi təsir göstərəcək”. Bu sözləri BakiPost.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, neft bazarında olacaq proseslər qiymətin 50 dollardan aşağı düşməsinə səbəb olacaq: "Əslində neft bazarında çox qəribə proseslər gedir. Neft bazarındakı texniki və fundamental analizə görə son zamanlarda neftin qiymətində ciddi eniş olmalı idi. Amma hələlik bazarda bir stabillik yaranıb. Yəni brent markalı neftin qiyməti 55 dollar ətrafında möhkəmlənib. Dünən Amerikadan gələn xəbərlər və statistik göstəricilər onu göstərir ki, yaxın zamanlarda neft bazarında ciddi bir proseslər olacaq. Çünki heç kimin gözləmədiyi halda Amerikada neft ehtiyatları bir həftə ərzində 13.8 milyon barel artdı. Bu, çox böyük göstəricidir. Eyni zamanda keçən həftə buruqların sayında ciddi artım oldu. Bir həftəyə 27 buruq artdı. Bu da 2010-ci ildən indiyə kimi bir həftə ərzində artan ən yüksək göstəricilərdən biridir. Bu onu deməyə əsas verir ki, Amerikada 10 həftədən çox hər həftə artan yeni buruqlar hesabına bir müddət sonra çoxlu neft hasil etməyə başlayacaq. Bununla da neft hasilatı Amerikada kəskin artacaq”. İqtisadçının sözlərinə görə, Amerikanın Maliyyə Nazirliyinin proqramı çərçivəsində ABŞ təqribən 7.5 milyon barel nefti xaricə satacaq: "Amerika ilk dəfə belə böyük həcmdə neft satacaq. Bu da neft bazarına ciddi mənfi təsir göstərəcək”. Natiq Cəfərli neft bazarına ciddi şəkildə təsir edəcək daha bir amili açıqlayıb. O, Kanadanın da son 1 ayda 150-yə yaxın yeni buruq inşa etdiyini vurğulayıb: "Kanada dünyada neft ehtiyatlarının həcminə görə ilk üçlüyə daxil olan ölkədir. Hazırda orada buruqların sayı çox ciddi şəkildə artır. Bu da Kanadanın yaxın həftələrdə hasilatı kəskin artıracağının işarəsidir. Yəni bir neçə həftədən sonra yeni buruqlardan da neft hasilat edilməyə başlayacaq. Həm Kanada, həm də Amerikada hasilatın kəskin artması neft bazarına ciddi mənfi təsir göstərəcək. Bir neçə həftədən sonra qiymətlər ən az 10-15 faiz ucuzlaşacaq. Bununla da neftin qiyməti 50 dollardan aşağı olacaq”. Natiq Cəfərli qeyd edib ki, neftin 50 dollardan aşağı düşməsi Azərbaycana ciddi təsir göstərəcək:"Bizim əsas gəlirimiz neftdəndir. İxracatımızın da 90 faizindən çoxunu neft təşkil etdiyi üçün qiymətin aşağı düşməsi Azərbaycanın gəlirlərinə əsasən mənfi təsir göstərəcək. Valyuta daxil olmaları azalacaq”. İqtisadçı vurğulayıb ki, neftin qiymətin aşağı düşməsi ilə paralel olaraq manatın növbəti dəfə ucuzlaşması olacaq: "Yəni manatın indiki möhkəmlənməsi heç bir iqtisadi fundamental əsaslara söykənməyib. Təəssüf ki, manatın möhkəmlənməsi, ancaq inzibati qərarla baş verib. Amma bir neçə həftədən sonra çox güman ki, manatın yenidən ucuzlaşmasının şahidi olacağıq. Yenindən manatın 1.95 və ya 2 manat 1 dollar koridoruna qayıtmasını izləyə bilərik”. AzerTaym.az