MANAT NEFTƏ MƏĞLUB OLACAQ – Yeni devalvasiya gözlənilir
Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 60 dollardan aşağı düşüb. Azərbaycan Dövlət Neft Şirkətinin Marketinq və iqtisadi əməliyyatlar idarəsindən ANS PRESS-ə verilən məlumata görə, London Fond Birjasında dünən keçirilmiş hərraclarda “AzeriLight” markalı neftin bir barelinin qiyməti 3,06% və ya 1,88 dollar azalaraq 59,41 dollar olub. Dövlət büdcəsində 90 dollardan hesablanan Azərbaycan neftinin 60 dollardan aşağı düşməsi arzuolunan hal deyil.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov ANS PRESS-ə neftin qiymətinin dövlət büdcəsinə təsirindən danışıb. İqtisadçı hesab edir ki, neftin qiymətindəki ucuzlaşma davam edərsə, ölkə iqtisadiyyaı üçün mənfi təsirlər yarana bilər: “HazırdaYunanıstanda maliyyə böhranı ilə bağlı aparılan danışıqlar və İranın yenidən neft bazarına daxil olması “qara qızıl”ın qiymətinə psixoloji təsir göstərir. Bununla belə, Azərbaycan üçün psixoloji hədd 40 dollardır. Əgər neftin qiyməti 40 dollar və aşağı olarsa, Azərbaycanıntədiyyə balansı (bütün iqtisadi əməliyyatları əks etdirən statistik sistem) mənfi olur. Bununlada ölkəyə daxil olan valyuta ölkədən çıxan valyutadan daha az olur ki, nəticədə manata olan təsir artır. Eyni zamanda, bu proses dövlət gəlirlərinin də ciddi azalmasına gətirib çıxarır”.
V.Bayramovun fikrincə, indiki vəziyyətdə Maliyyə Nazirliyi gəlirlərlə xərclər arasındakı fərqi qoruyub saxlamağa çalışacaq. Ancaq arzuolunmaz proqnoz reallaşarsa ölkə iqtisadiyyatına qarşı təzyiq artacaq: “Güman edilir ki, neftin qiyməti kəskin ucuzlaşarsa, yəni 40 dollara qədər düşərsə Mərkəzi Bankın (MB) intervensiya xərcləri artacaq. Bununla yanaşı, MB manatı tənzimlənən valyuta rejimindən üzən valyuta rejiminə keçirə bilər. Bu isə manatın məzənnəsinə təsir edə, milli valyutanın ucuzlaşmasına səbəb ola bilər”, – deyə V.Bayramov əlavə edib.