“Lazımsız, lüzumsuz xərcləri azaldırıq…” - MALİYYƏ NAZİRİNDƏN ACI ETİRAF
“APA-Economics”in məlumatına görə, bunu Maliyyə naziri Samir Şərifov bildirib.
Nazirin sözlərinə görə, neftin ucuzlaşması xüsusilə icmal büdcənin gəlirlərinə mənfi təsir edib: “Dünyanın enerji bazarında baş vermiş hadisələr onu göstərir ki, tələb təklifi xeyli üstələyib. Bu isə neftin ucuzlaşmasına şərait yaradır. Bu il 2014-cü il ilə müqayisədə bu il neftin orta qiyməti iki dəfəyədək azalıb. Neftin ucuzlaşması əsasən icmal büdcənin gəlirlərinə mənfi təsir edib. Dövlət büdcəsinin gəlirlərinə o qədər yüksək təsir etməyib. Yalnız Azərbaycan Dövlət Neft Şirkətinin gəlirlərinə təsir edib”.
S. Şərifov qeyd edib ki, neftin ucuzlaşması nəticə etibarilə ölkənin tədiyyə balansına, ümumi gəlirlərinə mənfi təsir göstərir.
Nazir əlavə edib ki, buna baxmayaraq, Azərbaycan hökuməti müvafiq tədbirlər görüb. “Biz təsdiq olunmuş büdcəni yüksək səmərə ilə icra etməyi planlaşdırırıq. Lazımsız, lüzumsuz xərclərə yenidən baxırıq, bu xərcləri azaldırıq və bəzi infrastruktur layihələrini növbəti ilə saxlayırıq. Yəni, gəlir və xərcləri tarazlaşdırmaq üçün xeyli imkanlarımız var. 2015-ci ilin I rübünün yekunlar göstərir ki, Azərbaycan bütün sosial vəzifələrin həyata keçirilməsini təmin edib. Başqa sözlə, əsas maliyyə vəzifələrinin yerinə yetirilməsində problem yaşanmır”.