NEFTİN UCUZLAŞMASININ 8 SƏBƏBİ – Səudiyyə Ərəbistanının məqsədi nədir?

 

21

Hələ 2014-cü ilin fevralında bir barel xam neftin qiyməti 110 dollar idi. Amma 2011-ci ildən başlayan çox bahalı neft dövrü, deyəsən artıq sona çatıb. Əgər biz vəziyyətə tarixi perspektivdən baxsaq, onda görərik ki, son illərdə baş verənlər qətiyyən tipik deyil. 1980-1990-cı illərdə bir barel neft üçün 20 dollar tamamilə normal görünürdü. Hətta 1999-cu ildə elə vaxt olub ki, neftin bir bareli 10 dollardan yuxarı qalxmayıb. Doğurdanmı, biz tezliklə bu cür ucuz qiymətlərin şahidi olacağıq? (“Deutsche Welle”)

Qiymətlərin hələ nə qədər aşağı düşəcəyini heç kim bilmir. Lakin buna baxmayaraq, biz neft bazarına çox güclü təsir edən bir sıra faktları önə çəkə bilərik.

1. ABŞ-dakı neft hasilatının böyüməsi

2012-ci ildən 2015-ci ilədək, ABŞ öz daxili hasilatını gündəlik 10 milyon bareldən 14 milyon barelə qədər qaldıraraq, bu göstərici üzrə iri neft hasilatçıları olan Rusiya və Səudiyyə Ərəbistanını ötüb keçib. Beləliklə, xammal bazarına nəhəng həcmdə – gündəlik dörd milyon barel əlavə neft axıb. Bu Afrikanın böyük neft ixracatçıları Nigeriya, Anqola və Liviyanın ümumi hasilatına bərabərdir.
ABŞ-dan neft ixracı minimal həddə qalacaq. Çünki çıxarılan qara qızılın böyük bir hissəsi daxili bazarda istehlak olunur və bundan sonra Amerikanın xarici idxaldan asılılığı azalmaqda davam edəcək. Əgər hətta yaxın zamanlarda şist neftinin qeyri-rentabelliyi üzündən Amerikanın hər hansı bir neft çıxaran firması bazardan çəkilsə də belə, artıq şist neft inqilabı dünya neft bazarını daimilik olaraq dəyişdirib.

2. İraqdakı neft hasilatının artması

Keçən il neft hasilatı üzrə tempin artırılması reytinqində İraqın dünyada ikinci yerdə getdiyinə çox az adam diqqət edib. İŞİD yaraqlıları ilə vətəndaş müharibəsinin davam etməsinə baxmayaraq, İraq 2014-cü ildəki gündəlik 3,3 milyon barel hasilatı, 2015-ci ildə4,3 milyona qədər qaldırmağa nail olub.

3. İran üzərindən sanksiyanın götürülməsi

İranın nüvə proqramı üzrə razılığa gəlindikdən sonra Tehrana qarşı tətbiq edilmiş beynəlxalq sanksiyaların əksəriyyəti qaldırıldı. Beləliklə, İran yenidən beynəlxalq neft bazarına çıxış əldə etmiş oldu. Deməli, o, öz qonşusu İraq kimi hasilatı artırmağa başlaya bilər. OPEK-in məlumatına əsasən, İranın indiki neft hasilatı gündəlik 3 milyon bareldir. Beynəlxalq Enerji Agentliyinin (İEA) proqnozuna görə, ilin axırına qədər İran hasilatı 300 min barel artıracaq. Yəni, bazardakı təklif bir qədər də böyüyərək, qiymətlərin əmələ gəlməsinə təzyiqlər göstərəcək.

4. Braziliyanın sualtı neft hasilatı

Braziliya 2013-cü ildəki gündəlik 2,6 milyon barel hasilatı 2015-ci ildə 3 milyon barel səviyyəsinədək artırıb. OPEK-in məlumatına görə, Braziliya 2014-cü ildə 87 neft quyusu, 2015-ci ildə isə 72 yeni neft quyusunu istifadəyə verib. Braziliya dərin özüllərdən və şelf yataqlarından neft çıxarılması üzrə dünya rekordçusudur.

Ancaq Braziliyadakı neft bumunun perspektivləri heç də ürəkaçan deyil. Şelfdən çıxarılan neft böyük məbləğdə investisiya tələb edir. Lakin həmin neft indiki aşağı qiymətlərlə öz məsrəfini çətin ki, bağlaya bilsin. Digər tərəfdən isə, yarı dövlət neft şirkəti “Petrobras” bir neçə korrupsiya qalmaqalına cəlb olunduğu üçün bir çox investisiya planlarından imtina etmək məcburiyyətində qalıb.

5. Səudiyyə Ərəbistanı hasilatı azaltmaq niyyətində deyil

Son onilliklərdə neftin qiymətinin müəyyənləşməsində Səudiyyə Ərəbistanı aparıcı rol oynayıb. Bu ölkə böyük neft ehtiyatına malikdir. Digər yandan isə Səudiyyə Ərəbistanındakı xeyli neft quyusu hələ tam gücü ilə işləmir.
Göründüyü kimi səudiyyəlilər qısa müddət ərzində çox cüzi məsrəflə neftin hasilatını kəskin şəkildə qaldıra və eyni zamanda da endirə bilərlər.
Amma hər halda, 2015-ci ilin büdcəsində 89,2 milyard avro kəsir olmasına baxmayaraq, səudiyyəlilər nefti indiki hasilat səviyyəsində saxlamqda tam qərarlıdırlar. Onlar bundan sonrakı dövrdə də neftin qiymətini aşağı salmağa hazırdırlar. Ər-Riyad qiymətləri o qədər aşağı tutmaq istəyir ki, yekun nəticədə ənənəvi olmayan hasilat növləri – şist nefti və dərin qatlardan çıxarılan neft öz rentabelliyini itirmiş olsun. Başlıca məqsəd isə arzuolunmaz rəqibləri qiymət müharibəsinin qurbanına çevirməkdir.

20

6. Çindəki vəziyyətin yaratdığı təhlükə

Ümumi Daxili Məhsulun illik altı faiz yüksəlməsi barədə Çinin verdiyi rəsmi məlumatda müəyyən bir qəribəlik hiss olunur. Lakin əksər investorlar bu cür rəsmi məlumatların arxasında daha sərt reallıqların gizləndiyindən ehtiyat edirlər. Bu ilin əvvəlində Çinin fond bazarlarındakı çöküş, dünyada Çin iqtisadi möcüzəsinin sona çatmasının xəbərdarlıq siqnalı kimi qəbul edilib.
Bu cür proqnozlar beynəlxalq xammal bazarında da narahatçılıqlar yaradır. Son on il ərzində Çinin neft istehlakı gündəlik 7 milyon bareldən 11 milyon barelədək artıb. Heç şübhə yoxdur ki, Çində böhranın başlanması barəsindəki istənilən eyhamlar, ani surətdə neft qiymətlərində öz əksini tapacaq.

6. Şimal qütbündəki isti qış

Amerikanın Milli okean və atmosfer araşdırmaları idarəsinin hesablamalarına görə, 19 əsrdən başlayaraq həyata keçirilən hava müşahidələri tarixində 2015-ci il ən isti il kimi qeyd olunub. ”El-Ninyo” təbii hadisəsinə uyğun olaraq, 2016-cı il daha da isti keçəcək. 2015-2016-cı ilin qışı şimal yarımkürəsində o dərəcədə mülayim keçib ki, ABŞ, Avropa və Yaponiyanın isitmə sistemlərinin yanacağa olan tələbatı əhəmiyyətli dərəcədə azalıb. Bu isə sözsüz ki, öz növbəsində neft qiymətlərinə təsir göstərib.

7. OPEK qaydaları artıq diktə etmir!

OPEK ölkələri birlikdə gündəlik 32,3 milyon barel neft hasil edirlər. Beləliklə də OPEK, gündəlik hasilatı 97 milyon barel olan dünya hasilatının üçdə birinə nəzarət edir. Mahiyyət etibarı ilə, OPEK, çox asanlıqla hasilatı o qədər aşağı sala bilər ki, neftə olan tələbat artar və nəticədə qiymətlər yenidən yüksələr.
Belə bir reaksiya tamamilə gözləniləndir, axı OPEK klassik karteldir və neft ixrac edən ölkələrin xeyir götürməsi üçün neftin yuxarı qiymətlərdə durmasını təmin etmək üçün yaradılıb. Amma bu günə kimi OPEK neft hasilatını azaltmayıb. Praktik olaraq, onun hər bir üzvü hasilatı əvvəlki həddə saxlayır və hətta onu artırırlar. Bəllidir ki, OPEK artıq neftin qiymətinin aşağı düşməsinin qarşısını ala bilməz.

- Tarixi transformasiya

Beynəlxalq Enerji Agentliyi yanvarda proqnozla çıxış edərək bildirib: ”Qiymətin necə dəyişməsindən asılı olmayaraq, çox güman ki, bazarlar heç zaman əvvəlki kimi olmayacaq”.
Bu “neft iynəsi” üzərində oturmuş Venesuela, Nigeriya və ya Anqola kimi ölkələrin iqtisadiyyatları üçün pis xəbərdir.
Onlar iqtisadi kollapsa düşməməkdən ötrü dəyişikliklərə adaptasiya olmaq məcburiyyətində qalacaqlar. Çünki son aylarda neftin qiymətinin əhəmiyyətli dərəcədə aşağı düşməsi nəticəsində baş verən çoxsaylı dəyişiklər heç də müvəqqəti xarakter daşımır.






Fikirlər