96 saylı Goranboy-Naftalan seçki dairəsindən 2010-cu ildə deputat seçilən Mahir Aslanov da qanunları pozaraq eyni zamanda biznes fəaliyyətini də davam etdirən deputatlardandır. 1949-cu ildə anadan olan Mahir Aslanov parlamentin Aqrar siyasət komitəsinin üzvüdür
“Gündəlik Bakı” qəzetinin 20 may 2015-ci il tarixli məqaləsində göstərilirdi ki, bu şəxs “Kəpəz Group”un sahibidir. Onun vasitəsilə millət vəkili tikintidən tutmuş mebel sahəsinə qədər bir çox sahələr üzrə biznes fəaliyyəti göstərir.
Bu şirkət tikinti, mebel, restoran, mehmanxana biznesi, həmçinin təmir-dizayn sahələri üzrə ixtisaslaşıb. Şirkət Almaniya, Türkiyə, BƏƏ, Rusiya, Rumıniya ilə güclü əlaqələr qurub. Deputatın onlarla iri yük daşıma ilə məşğul olan TIR-ları var. Həmçinin, keçmiş inqilab küçəsində yerləşən “Kəpəz Mebel Ev”i də ona məxsusdur. Deyilənə görə deputatın Bakıda bir neçə hündürmərtəbəli binaları da var. Bildirilir ki, deputat Nəsimi rayonunda 50-yə yaxın ailənin yaşadığı evi təhlükə altında qoyaraq, sözügedən ünvanda özünə məxsus iki villanı uçurdub, yerində beş ulduzlu hotel tikdirib. Amma modern.az-a açıqlamasında deputat bu binanın otel deyil, beşmərtəbəli yaşayış binası olduğunu, birinci və ikinci mərtəbələr ticarət mərkəzləri, qalanlarının isə ev, ofis olduğunu söyləyib.
Onun ən gəlirli obyektinin isə Nəsimi rayonu, Abbas Səhhət küçəsində yerləşən “Happy inn” oteli olduğu vurğulanır. Bu otel vasitəsilə M. Abbasov il ərzində külli miqdarda gəlir götürür. Xüsusən ölkəmizə gələn idmançılar, futbol klubları məhz bu oteldə yerləşdirilir.
Qəzetin araşdırmasına görə millət vəkili hazırda Rusiyada yaşayan Abbas Abbasovla da şərikli biznesə sahibdir. M.Aslanovun Abbas Abbasovun Rumıniyadan ölkəyə gətirdiyi mebellərin satışını həyata keçirdiyi bildirilir. Mahir Aslanovun biznes ortaqlığı təkcə Abbas Abbasovla yekunlaşmır. Onun ölkənin bir çox güclü oliqarxı ilə sıcaq münasibətləri var.
Qeyd edək ki, M. Aslanov da Milli Məclisdə passivliyi ilə seçilənlər arasında yer alıb. Onun da parlamentdə söz alıb çıxış etdiyini, hansısa bir məsələyə meünasibət bildirdiyini, qanun layihələri ilə çıxış etdiyini görən olmayıb. Bu səbəbdən də seçiciləri arasında da onun fəaliyyətindən narazı qalanlar çoxdur. Qəzetin yazdığına görə, onun bəzi yaxın qohumları yüksək postlarda çalışır. Deputatın əmisi oğlu Natiq Aslanov bölgənin gəlirli rayonlarından olan Naftalanın icra başçısıdır. Hətta onun orta məktəbdə zəif oxuduğu da söylənilir. Kənd Təsərrüfatı Akademiyasını bitirsə də rəsmi sənədlərdə onun bura nə zaman qəbul olunduğu haqqında məlumat yoxdur. Ancaq bildirilir ki, 1998-ci ildə ali məktəbi bitirib. Hətta onun hərbi xidmətdən boyun qaçırdığı da söylənilirdi. Deputat əmisi oğlu ilə birlikdə Naftalanda saysız-hesabsız qanunsuz işlərə imza atıb. Onun rayon ərazisində bir neçə iri ticarət obyekti və mülkü var. Millət vəkili həmçinin “Hafka” ləqəbilə tanınan Hafiz Məmmədovla yaxın qohumdur, onlar qudadırlar. Deputatın biznes şəbəkəsinin genişlənməsində də məhz Hafiz Məmmədovun böyük rolu olub. Millət vəkilinin oğlu Məhəmmədəli Aslanov Hafiz Məmmədova məxsus olan “Bank of Azerbaijan”ın idarə heyətinin sədridir.
AzNews saytı isə bu ilin 6 yanvar tarixli məqaləsində Mahir Aslanovun “avtoş”luq edən oğlundan yazıb. Burada qeyd olunurdu ki, bayram günlərində avtoxuliqanlıq edən sürücünün 10 GV 888 dövlət nömrə nişanlı “Maserati” markalı bahalı avtomobil isə cərimə meydançasına aparılıb. Araşdırma nəticəsində məlum olub ki, həmin avtomobilin sürücüsü Famil Mahir oğlu Aslanovdur. Onun iş adamı, Milli Məclisin Aqrar siyasət komitəsinin üzvü Mahir Aslanovun oğlu olduğu müəyyən edilib.
“Bizim dövr” qəzetinin iddiasına görə isə M. Aslanov 2010-cu ildə deputat seçilmək üçün xeyli miqdarda pulundan keçməli olub. Belə ki, seçki ərəfəsində mətbuatda M.Aslanov mandat əldə etmək üçün 500 min-1 milyon manat arası pulundan keçməli olduğu barədə məlumatlar yer almışdı.
Onun bir deputat olaraq fəaliyyətsizliyi seçiciləri arasında da narazılıqla qarşılanıb. Belə ki, bir müddət əvvəl mətbuatda M.Aslanovun seçicilərinin yazdığı şikayət məktubu dərc olunmuşdu. Məktubda deputatın parlamentə seçildiyi müddətdən bəri onların problemləri ilə bir dəfə də maraqlanmadığı və bununla bağlı Milli Məclisdə heç bir məsələ qaldırmadığı qeyd olunurdu.
Goranboy sakini İkram Əhmədov M. Aslanovu deputatdan daha çox biznesmen kimi tanıdığını söylədi: “5 illik deputatlığı zamanı bir dəfə də olsun Milli Məclisdə aktiv olduğunu, bu və ya digər bir məsələni qaldırdığını nə görmüşük nə də eşitmişik. Onun işi-gücü ancaq biznesini idarə etmək olub. Yəni biznesmendən bizə deputat olmaz. Yaxşısı budur daha parlamenti buraxaraq, gedib öz biznesilə məşğul olsun. Ona bir deputat olaraq güvənmirəm”.
İmamverdi Əliquliyev də M. Aslanova səs verməyəcəyini söylədi: “Ondan bizə deputat olmayacaq, 5 ildə seçiciləri üçün heç bir iş görmədi, Mandatdan istifadə edərək, ancaq öz biznesini genişləndirmək barədə düşünüb. Camaat üçün isə heç bir xeyirli iş görməyib. Bu dəfə ona “yox” deyirəm. Qoy seçicilərinin problemlərinə biganə qalmayan başqa biri deputat olsun”.(yenicag.az)