Partiyanın sədri İlqar Məmmədov son illər Azərbaycanda nəsilvermə əmsalının aşağı düşdüyünü bildirib. Sədr uşaqpulu ilə bağlı partiyanın mövqeyini belə əsaslandırıb:
"Sadəcə "uşağım var, dövlət mənə pul versin” təsəvvürünü insanlarda yetişdirənlər ya nə danışdıqlarını heç anlamırlar, ya da xalqa vicdanlı xidmət hissini tam itiriblər. Nəsilvermə əmsalı Azərbaycanda ancaq son 4-5 ildir ki, artım üçün tələb olunan 2.1-dən aşağı düşüb. Bunun mürəkkəb səbəblər çeşidi var, o cümlədən keçmiş müharibələrin irsi olan demoqrafik dalğalar, şəhərləşmə, iqtisadi təsəvvürlərin dəyişməsi və s. Əmsalın daha aşağı düşməsinin qarşısını almaqdan ötrü bir çox tədbirlər görülməlidir və bu tədbirlər arasında əlbəttə doğumun iqtisadi stimullaşdırılması tədbirləri də var.
Birinci uşağa görə dövlət heç kəsə maddi yardım verməməlidir. Birinci uşaq ailələrin tam şəkildə öz məsuliyyəti, seçimi və planı olmalıdır.
İkinci uşağın doğulması və müəyyən yaşa çatması üçün isə dövlət tərəddüd edən ehtiyaclı valideyinlərə öz dəstəyini təklif etməlidir. Yardım məbləği qəpik-quruş yox, əhəmiyyətli olmalıdır. Amma bu vəsaitin valideyinlər tərəfindən məhz uşaqların qida, təhsil, geyim və müalicəsinə xərcləməsi üzərində dövlət ciddi nəzarət qurmalıdır.
Üçüncü və sonrakı uşaqlar yenə də valideyinlərin öz məsuliyyətli seçimi və planı olmalıdır. Bu məsuliyyətli seçimi etməkdə dövlətin ümumi iqtisadi siyasəti valideyinləri inandırmaqla yardımçı olmalıdır. İş yerlərinin yaranması üçün iqtisadiyyat sərmayələrə açılmalıdır. Bu isə daha geniş, əhatəli siyasətin tərkib hissəsidir – hüquq aliliyi, korrupsiyanın cilovlanması, demokratik siyasi təmsilçilik və s”.
İlqar Məmmədov qeyd edib ki, son 18 ildə Azərbaycanda 900 mindən çox ikinci uşaq doğulub:
"REAL-ın təklif etdiyi maddi dəstək nəticəsində qarşıdakı illərdə bu rəqəm 1 milyona çatsa və hər ikinci uşağa görə ailəyə ayda 100 manat dövlət yardımı olsa, bu, büdcəyə ildə yuxarı-aşağı 1 milyard manata başa gələcək. Uşaqlara hazırda ayrılan digər sosial yardım proqramlarının qismən yenidən proqramlaşdırılması nəticəsində, biz bu məbləğin bir hissəsini indiki büdcədə də tapa bilərik.
Dövlətin ümumi iqtisadi siyasəti dəyişdikcə büdcəyə əlavə vəsait cəlb edə biləcəyik və nəticədə dəstək məbləğini artıra, hətta dəstək proqramını üçüncü uşaqlara da tətbiq edə bilərik”. /Qaynarinfo
Fikirlər