Günün aktual SUALI: doğumların SAYI artır, BƏS MÜAVİNƏT...
Ölkə üzrə verilən qənaətcil müavinət siyasəti və ilginc müqayisələr “Bu il Azərbaycanda 159 min uşaq dünyaya gəlib”. Bunu iki gün əvvəl Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri, baş nazirin müavini Əli Əhmədov deyib. Ölkədə yeni doğulan uşaqların sayı artsa da, hər yeni doğulan uşağa verilən müavinət, eləcə də işləyən ana üçün maddi yardım ürəkaçan vəziyyətdə sayılmaz. Azərbaycan qanunvericiliyinə görə, işləyən valideynin iş yeri üzrə uçotda olduğu Dövlət Sosial Müdafiə Fondu orqanı tərəfindən ödənilir. Əgər uşağın valideynləri işləmirlərsə, müavinət yaşayış yeri üzrə əhalinin sosial müdafiəsi mərkəzləri vasitəsilə ödənilir. Uşaq doğuşuna görə birdəfəlik müavinət müraciət edildikdə verilir və müraciət müddəti məhdudlaşdırılmır. Prezidentin sərəncamına əsasən, uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanların sosial müdafiəsini gücləndirmək məqsədilə 2016-cı il fevralın 1-dən bir yaş yarımadək uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinətin məbləği 40 manat, bir yaş yarımdan üç yaşınadək uşağa qulluğa görə isə həmin müavinətin məbləği 25 manat miqdarında müəyyən edilib. İşləməyən analar isə bu yardımı ala bilməzlər. Onlara yalnız birdəfəlik 90 manat məbləğində yardım verilir. 2006-cı ilin yanvarınadək 18 yaşa qədər olan uşaqlara da 1 manat 80 qəpik məbləğində müavinət verilirdi. Ancaq sonradan bu müavinət də ləğv edildi və birdəfəlik müavinət müəyyən olundu. Qeyd edək ki, hazırda ölkəmizdə uşağın anadan olmasına görə birdəfəlik müavinətin məbləği 90 manat müəyyənləşdirilib. Amma dünya üzrə bu problem daha ədalətli şəkildə həll edilib. AzadlıqRaidosunun araşdırmasına görə, dünyada ən sərfəli şərtlər Fransadadır. Burada hətta uşaq dünyaya gəlməmiş anası ona görə müavinət alır. Belə ki birinci hamiləliyin 5-ci ayından uşağın 3 aylığına qədər 109 avro, ikinci uşağı gözləyən anaya isə 130 avro müavinət verilir. Əgər ailədə üçüncü uşağın doğulması gözlənilirsə, onda hamiləliyin dördüncü ayından uşağın 3 yaşına qədər ailə dövlətdən 975 avro pul alır. Bundan əlavə, hər bir uşaq 18 yaşına qədər dövlətdən müavinət alır. İki uşaq üçün bu 680 avro, üç uşaq üçün 1550, dörd uşaq üçün 2420, beş uşaq üçün 3300 avro təşkil edir. Əgər uşaqların sayı altıdan çoxdursa, onların hər birinə görə 870 avro ödənilir. 10 yaşdan 15 yaşa qədər olan uşaqların hər biri üçün əlavə 192 avro, 15 yaşdan yuxarı uşaqlar üçün isə əlavə 339 avro pul ödənir. İsveç hökuməti isə hər uşağa görə ayda 185 dollar müavinət ödəyir. Bu müavinət uşağın 18 yaşına qədər ödənir. Üçdən artıq uşağı olan ailələr üçün əlavə müavinət də nəzərdə tutulub. Böyük Britaniyada isə uşağa görə müavinət 500 funt sterlinqdən artıqdır. Rusiyada bir uşaq üçün birdəfəlik müavinət 400 dollardan artıqdır. Hər bir uşaq 18 yaşına qədər bu pulu ala bilir. Ailədə uşaqların sayı artdıqca bu pulun da həcmi artır. Ukraynada ailədəki birinci uşağa görə 1800, ikinci uşağa görə 3570, üçüncü və ondan sonrakı uşaqlara görə isə 7140 dollar müavinət nəzərdə tutulub. Eyni zamanda birinci uşağa görə 12 ay, ikinciyə görə 24 ay, digər uşaqlara görə isə dövlət 36 ay müddətində 714 dollar məbləğində müavinət ödəyir. Belarusda isə birinci uşağa görə yaşayış minimumunun ən yüksək həddinin beş misli, digər uşaqlara görə isə yeddi misli qədər müavinət verilir. Bu ölkədə hətta övladlığa götürülən uşağa görə də dövlət müavinət nəzərdə tutub. Qazaxıstanda birinci, ikinci və üçüncü uşağa görə 300 dollar, dördüncü uşaqdan başlayaraq 515 dollar birdəfəlik müavinət verilir. Latviyada hər doğulan uşağa görə ailəyə 560 avro müavinət verilir. Avstriyada birinci uşağa 10 yaşına qədər ayda 130 avro, 19 yaşına qədər 153 avro, ikinci uşağa görə müvafiq olaraq 144 və 165 avro, üçüncü uşağa görə 166 və 188 avro, dördüncü uşağa görə isə 181 və 203 avro müavinət alır. Uşaq ali məktəbə qəbul olunduğu halda, müavinət 27 yaşa qədər ödənir. Almaniyada üç yaşına qədər hər bir uşağa ayda 270 avro pul verilir. Uşağın bir yaşından isə onun adına ipoteka krediti sənədləşdirmək mümkündür. ABŞ-da hər uşağa görə aylıq müavinət təxminən 680 dollardır. Hər ştatda bu göstərici bir qədər fərqli ola bilər. İsrail isə birinci uşağa görə 325 dollar, əkizlərə görə 1600 dollar birdəfəlik müavinət ödəyir. Əgər uşaqlar üçəm olsa, bu məbləğ 2500 dollara qədər artır. Hər uşağa görə isə ayda 180 dollar müavinət verilir. Boşanmış ailələrdə bu göstərici 725 dollar təşkil edir. Finlandiyada isə hər doğulan uşağa görə anaya bir neçə yüz avroluq paket təqdim edilir. Bu paket bir yaşına qədər uşağın bütün xərclərini ödəyir. Polşada uşağın 18 yaşına qədər dövlət ailəyə 125 dollar pul verir. İsveçrədə isə bu göstərici 345 dollar təşkil edir. Avstraliyada isə hər bir uşaq 18 yaşına qədər dövlətdən 540 dollar pul alır. Tunisdə 400 dollardan aşağı müavinət yoxdur. Liviyada isə hər doğulan uşağa görə dövlət 7000 dollar pul ödəyir. Birləşmiş Ərəb Əmirliyi isə bu göstəriciyə görə dünyada hamıdan öndədir. Bu ölkədə 20 min dollardan aşağı müavinət yoxdur.