Onların əməli oğurluq deyil: Hüquqi şərh...

Onların əməli oğurluq deyil: Hüquqi şərh

Ötən gün Bakının Səbail rayonunda kitab mağazasından edilən oğurluq böyük səs-küyə səbəb oldu.

Mağaza rəhbərliyi polisə məlumat verəndən dərhal sonra hadisəni törədən şəxslərin axtarışlarına başlanılıb.  Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində oğurluq etməkdə şübhəli bilinən paytaxt sakinləri Elməddin Süleymanlı və Elvin Əhmədov saxlanılıb.

Lakin onların mağazadan 2 ədəd kitab oğurladığına görə sosial şəbəkələrdə bu qədər paylaşılması birmənalı qarşılanmadı.

Məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış hüquqşünas Ələsgər (Məmmədli) Əhmədoğlu qeyd edib ki, mağazadan iki kitab götürdüyünə görə hüquqi baxımdan şəxsləri oğru adlandırmaq düzgün deyil:

“Dünən baş verən bir skandal idi. Ümumiyyətlə, hüquqi baxımdan bir şəxsə oğru demək üçün onun haqqında məhkəmə qərarı olmalıdır. “Ehtimal olunan”, “şübhəli bilinən” ifadələri istifadə edilmədən birbaşa kiməsə “kitab oğrusu yaxalandı” demək hüquqi baxımdan ciddi insan haqları pozuntusudur. 

İkincisi, Cinayət Məcəlləsinə görə oğurluğun cinayət aspektindən dəyərləndirilməsi üçün oğurlanan əşyanın dəyəri 500 manatdan yuxarı olmalıdır. İki kitabın da dəyəri 500 manat deyil. Dolayısı ilə Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə bunu oğurluq kimi təqdim edibsə, səhv edib. Hüquqi baxımdan belə bir şey mümkün deyil”.

Ə.Əhmədoğlunun sözlərinə görə, həmin şəxslərin oğru adlandırılaraq görüntülərinin yayımlanması ciddi hüquqi pozuntudur:

“Əgər şəxsin icazəsi olmadan götürülmüş kitabdırsa, ki, bu oğurluq cinayət aspektindən qiymətləndirilə bilməz çünki inzibati pozuntudur və bu zaman şəxslərin görüntüsünün yayılması yolverilməzdir. Media da bunu işıqlandırırsa, şəxsin hüquqlarına diqqət eləməlidir. Cəmiyyət bilməlidir ki, iki kitab götürmək hüquqi baxımdan oğurluq sayılmır. Oğurluq sayılması üçün malın əmtəə dəyəri 500 manatdan artıq olmalıdır. Bununla bağlı Cinayət Məcəlləsində 177-ci maddə var. Təəssüf ki, görüntüləri yayarkən nə hüquqşünaslar, nə media, nə də rəsmi qurumlar bu məsələyə diqqət etməyib. Bu, ciddi pozuntudur”.

Onların əməli oğurluq deyil: Hüquqi şərh

 






Fikirlər