“Xaliq Faiqoğlu” cəbhəyə göndərdiyi sürücülərin pulunu vermir? - ŞİKAYƏT
“Xaliq Faiqoğlu” şirkəti Vətən Müharibəsi zamanı cəbhə bölgəsinə göndərdiyi sürücülərin ezamiyyə pullarını verməkdən imtina edib. Bu haqda “Yeni Sabah”a həmin sürücülər müraciət edib. Onlar bildiriblər ki, “Xaliq Faiqoğlu” şirkətinin baş direktoru Faiq Seyidov bir müddət əvvəl mediaya verdiyi müsahibədə deyib ki, Vətən Müharibəsi zamanı cəbhəyə göndərilən bütün sürücülərin və texniki heyət üzvlərinin aylıq maaşları və digər sosial xərclərinin qarşılanması şirkət tərəfndən tam təmin edilib. “Göstərilən xidmətləri və çəkilən xərcləri vətən qarşısında borcumuz hesab edirik və məmnuniyyətlə vurğulmaq istəyirəm ki, Vətən müharibəsi dövründə “Xaliq Faiqoğlu” şirkəti üzərinə düşən hərbi-nəqliyyat vəzifələrini tam və qüsursuz icra edib”. Lakin redaksiyamıza müraciət edən sürücülər bunun həqiqətəuyğun olmadığını bildiriblər: “Biz dörd sürücü sentyabrın 29-da şirkət tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi şöbəsinə, oradan da N saylı hərbi hissəyə göndərildik. Biz tapşırılan bütün xidmətləri yerinə yetirdik. Bizə bildirilmişdi ki, şirkətin İbrahim va İlyas adlı nümayəndələri bütün ezamiyyə xərclərini ödəyəcəklər. Lakin bu günə qədər bizə həmin pullar ödənməyib. Məsələ ilə bağlı Əmək Müfəttişliyinə müraciətimiz nəticəsiz qalıb. Şirkətin Musa adlı hüquqşünası hər dəfə müxtəlif bəhanələrlə bizi aldatmağa çalışır. Deyir 400-500 manat verək razılaşın”. Müraciət edən şəxslər şirkətin Dünyamaliyev Ramazana 2650 manat, Haciyev Sunaya 3500 manat, Məmmədəliyev Elnura 2400 manat Sevdimaliyev Elvinə 2400 manat borclu olduğunu qeyd ediblər. Məsələylə bağlı şirkətin mövqeyini dərc etməyə hazırıq.