“Xaliq Faiqoğlu”da dərs ilinin başlaması ilə bağlı görüş keçirilib
Sentyabrın 14-də “Xaliq Faiqoğlu” sərnişindaşıma şirkətində 2019-2020-ci tədris ilinin başlaması və payız-qış mövsümünə hazırlıqla bağlı sürücülərin də iştirakı ilə görüş keçirilib. Şirkətin müasir istehsalat bazasında təşkil edilmiş görüşdə dərs ilinin başlaması, sərnişin axınının artması barədə Bakı Nəqliyyat Agentliyinin müntəzəm sərnişindaşıma xidməti götərən fiziki və hüquqi şəxslərə müraciəti diqqətə çatdırılıb. “AzerTaym.az" bildirir ki, “Xaliq Faiqoğlu” şirkətinin baş direktoru Faiq Seyidov müvafiq şöbələrə, eləcə də sərnişinlərlə daim ünsiyyətdə olan sürücülərə xidmət keyfiyyətinin daha da artırılması, təhlükəsiz sərnişindaşıma fəaliyyətinin təşkili ilə bağlı tapşırıqlar verib. Həmçinin yeni mövsümlə əlaqədar marşrut xətlərinə əlavə avtobusların buraxılacağı, intervalın azaldılacağı barədə məlumat verilib. Qeyd edilib ki, Bakı şəhərində nümunəvi sərnişindaşıma xidməti ilə daim seçilən “Xaliq Faiqoğlu” şirkəti sərnişinlərin rahatlığı və vaxtında ünvana çatdırılması üçün bundan sonrakı dövrlərdə də bütün qüvvəsi ilə çalışacaqdır. Daha sonra şirkət rəhbərliyinin payız-qış mövsümünə hazırlıq və sürücülərin peşəkarlığının artırılması üçün proqramı nəzərdə tutan əmri oxunub. Görüşün yekununda sürücülərə yeni geyim formaları təqdim edilib.